General arvadının məhkəmə istintaqı başa çatdı...
"AzerTaym.az" bildirir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Bərdə rayon Qeydiyyat Şəxsiyyət vəsiqəsi şöbəsinin baş inspektoru Nazim Şirinov bildirib ki, 2014-cü ilin aprelində Aysel adlı xanımla Saçlı adlı qadın onun yanına gəlib: "Saçlı adlı qadın dedi ki, bu mənim qızımdı, xərçəng xəstəsidi, İrana müalicəyə aparmalıyam. Ona görə də təcili şəxsiyyət vəsiqəsi götürməlidir. Həmin vaxt Aysel özünü qəribə aparırdı, başını divara vururdu. Anası dedi ki, ağrılarına görə belə edir. Daha məndə də heç bir şübhə doğurmadığı üçün sənədləri qəbul etdim. Sənədlərdəki şəkillərlə müraciət edən adamlar eyni idi".
Qeyd edək ki, özünü Aysel kimi təqdim edən şəxs Emin Şəkinskinin arvadı Gülnarə Şəkinskaya olub.
Bundan sonra şahid qismində Murad Muradov, Əziz Cəfərov ifadə verib və istintaqa verdikləri ifadəni təsdiqləyiblər. Təqsirləndirilən şəxslər və vəkilləri general Emin Şəkinskinin məhkəməyə gəlib ifadə verməsi haqda vəsatət veriblər. Dövlət ittihamçısı bildirib ki, Şəkinskinin nümayəndəsi çıxış etdiyi üçün özünün gəlməsinə zərurət yoxdu. Hakim Əfqan Hacıyev vəsatəti təmin etməyib, bildirib ki, buna ehtiyac yoxdur.
Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə iclası iyulun 29-u saat 12:30-da davam etdiriləcək.
İttiham aktına görə, təqsirləndirilən şəxslər Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovadır.
Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.
Əlövsət Əliyev VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının qardaşıdır.