02.09.2014- R.Usubovun şikayəti icraata qəbul edilib
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (CM-nin 147 və 148-ci maddələri) şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Məhkəmədən verilən məlumata görə, iclasda Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edilib. Eldəniz Quliyev isə təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub. Məhkəmə xüsusi ittihamçı Ramil Usubovun nümayəndəsi və vəkili qismində Əlirza Həbilovun, təqsirləndirilən Eldəniz Quliyevin vəkili kimi isə Elçin Sadıqovun prosesə buraxılması barədə də qərar qəbul edib.
İclasda Eldəniz Quliyevə Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 91-ci maddəsi üzrə hüquq və vəzifələri elan edilib.
Məhkəmə baxış iclası sentyabrın 8-i saat 11:00-a təyin olunub.
Xatırladaq ki, R.Usubovun məhkəməyə müraciət etməsinə səbəb E.Quliyevin avqustun 20-də KİV-ə verdiyi müsahibədə polisin ünvanına böhtan və təhqiredici fikirlər sələndirməsidir.
CM-nin 147 və 148-ci maddələri 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası nəzərdə tutur.