“AMAY Abdulla”: “Gec-tez hər şeyi biləcəklər”

“AMAY Abdulla”: “Gec-tez hər şeyi biləcəklər”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Haıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev ifadə verib.

“AMAY Abdulla” ötən proseslərdə olduğu kimi ona qarşı irəli sürülən ittihamlarla yenə də razılaşmayıb.

“Burada nə baş verdiyini hamı bilir. Biri sifariş verib, torbamı tikib, rəhbərliyi aldadır. Bu ölkənin rəhbəri bir gün hər şeydən xəbər tutacaq, bu, belə getməyəcək. Gec-tez hər şeyi biləcəklər. 2008-ci ildən bəri hamı ticarət mərkəzi tikib qurtardı. Bircə mən qaldım. Ömürlük həbsdə də otursam, haqqım-hüququm üçün dava edəcəm. Bir yolunuz var ki, məni içəridə öldürtdürəsiniz” - deyə A.Abdullayev bildirdi.

A.Abdullayev daha sonra prokurorun və vəkillərin suallarını cavablandırdı.

Ardınca isə digər təqsirləndirilən şəxs - Mehman Məmmədxanlı sərbəst ifadə verdi. M.Məmmədxanlı ona qarşı sürülən ittihamlarla razılaşmadığını bəyan etdi.

Daha sonra prosesdə fasilə elan olundu. Məhkəmə prosesi saat 14:00-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.






Fikirlər