Yavər Camalovun başı böyük dərddə

Yavər Camalovun başı böyük dərddə Nazirin qardaşı həbs edilə bilər; Əlikram Camalov “Dəmirbank”dan aldığı milyonlarla manatı geri ödəməli olacaq; kredit yeyintisi ilə bağlı cinayət işi açılıb

Nazirin qardaşı bankdan milyonlarla manat məbləğində güzəştli kredit götürüb, qaytarmayıb. Y.Camalovun qardaşının adı hallandığı bu məsələ ötən ilin ortalarında gündəmə gəlmişdi.

“Yeni Müsavat”ın 2013-cü ilin avqustunda dərc olunan bir neçə sayında “Dəmirbank” ASC ilə Y.Camalovun qardaşı Ə. Camalovun sahibi olduğu “Hacı Camalxan” MMC arasında kredit qovğasının yaşandığı haqda yazılar yer almışdı. Həmin vaxt tərəflər arasında güzəştli kredit məsələsi gərgin mübahisələrə səbəb olmuşdu. Ə.Camalovun vəkili “Dəmirbank”ı məhkəmə ilə hədələyir, bank isə əks tərəfi aldığı kreditə görə ödəmələri həyata keçirməməkdə ittiham edirdi. Artıq məsələ tərəflər arasında çəkişmədən çıxıb və hüquq-mühafizə orqanlarının araşdırma predmetidir.

Nazir qardaşının sahib olduğu MMC 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Şirzad Abdullayevin göstərişinə əsasən regionlarda sahibkarlığın inkişafı üçün ayırdığı güzəştli kreditdən faydalanıb, “Dəmirbank”dan 3 milyon 950 min manat alıb. Ə.Camalovun rəhbərlik etdiyi kəndli-fermer təsərrüfatına ayrılan 3 milyon 950 min manatın faizlərinin ödənilməsi qrafiki də sahibkara təqdim olunub. Lakin Ə.Camalov heç bir səbəb göstərmədən pulu ödəməkdən yayınıb. Həmin vaxt bankın nümayəndəsi bildirmişdi ki, Ə.Camalov təsisçisi olduğu “Hacı Camalxan” MMC-nin direktoru olaraq “DəmirBank”a götürdüyü kreditin 1 qəpiyini də olsa ödəməyib. Bank rəsmisi Ə. Camalovun qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürdüyünü və ödəmədiyi faizlərlə birlikdə 4 milyon 336 min manat borcunun yarandığını da açıqlamışdı: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.

Yavər Camalovun başı böyük dərddə

İki gün əvvəl, oktyabrın 28-də Baş Prokurorluğun mətbuat xidməti “DəmirBank” ASC-nin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmaların aparılması haqda məlumat yayıb. Məlum olub ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” ASC-dən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədilə saxta biznes-planlar və digər sənədlər tərtib edən bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilən 10 milyon 666 min 600 manat məbləğində kredit təyinatı üzrə istifadə edilməyib. Həmin vəsaiti fiziki və hüquqi şəxslərin israf edib mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli-miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.


(musavat.com)






Fikirlər