VİDADİ ZEYNALOVUN EVİNİ 2 milyona kim və niyə alıb? – İDDİA
Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun dövlətə vurduğu ziyanın bir hissəsini ödəməsi ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda qeyd edilirdi ki, Vidadi Zeynalov əvvəlcə 2,2 milyon manat ödəyib və hazırda dövlətə 2 milyon manat borcu var. Bildirək ki, bundan əvvəl də “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən bir neçəsinin dövlətə vurduğu ziyanı ödəmələri barədə məlumat yayılmışdı . Məsələ ilə bağlı Yenicag.az-a daxil olan məlumata görə, Vidadi Zeynalovun ödədiyi 2,2 milyon manatı Bakı şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Məmmədovun verdiyi deyilir. Bildirək ki, Vidadi Zeynalovun vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailəsi 2,2 milyon borcu ödəmək üçün yaşadıqları evi satıb. Məlumatlı şəxsin iddiasına görə, Vidadi Zeynalovun ortağı Ramazan Məmmədovun keçmiş aparat rəhbəri ilə çoxlu sayda ortaq biznes obyektləri var. Hətta aparat rəhbəri həbsdə ola-ola Ramazan Məmmədovun paytaxt rayonlarının birində böyük bir ərazini satın alaraq, orada Vidadi Zeynalovla şərikli ticarət obyekti tikəcəyi ilə bağlı məlumatlar dolaşmaqdadır. İddiaya görə, Ramazan Məmmədov ortağının həbsdən qurtulması üçün dəfələrlə hakimiyyətin yuxarı instansiyaları ilə danışıqlar aparsa da sonda istədiyi cavabı ala bilməyib. Zeynalovlar ailəsinə yaxın olan şəxsin bildirdiyinə görə, biznesini Türkiyəyə və Rusiyaya köçürən Ramazan Məmmədovun aparat rəhbəri ilə şərikliyi həmin ölkələrdə də yüksək səviyyədə davam edir. Yenicag.az-ın apardığı kiçik bir araşdırmada məlum oldu ki, Ramazan Məmmədov uzun müddət Bakı şəhəri icra hakimiyyətinin tenderlərini həyata keçirib. Çoxsaylı tenderləri “udan“ bu şəxsin ləqəbinin “tender kralı” olduğu bildirilir. Hər zaman səxavətli olması ilə öyünən Hacı Ramazan Məmmədov bütün gördüyü işlərdə arxa planda qalmaqla, özünü gizlədə biləcək istedada malik insan təsəvvürü yaradır. Yenicag.az-ı məlumatlandıran şəxsin bildirdiyinə görə, Ramazan Məmmədov Vidadi Zeynalovun azadlığı üçün bəzi dairələrə 30-50 milyon manat arasında pul təklif edib. Bunun “tender kralı” Zeynalovlar ailəsi ilə söhbətində dilinə gətirdiyi deyilir. Məsələ ilə bağlı APA-ya danışan V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, Vidadi Zeynalov dövlətə vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib. Qeyd edək ki, Dövlət ittihamçısı təqsirləndirilən B.Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
Vidadi Zeynalovun ailəsinə yaxın olan mötəbər mənbənin verdiyi məlumata görə, keçmiş aparat rəhbərinin evini, ortağı Ramazan Məmmədov alıb. Məlumatlı şəxs bildirir ki, Ramazan Məmmədov həmin evə sahiblənmək üçün yox, sadəcə ortağına kömək göstərmək üçün bu addımı atıb. 2 milyon manata “satılan ev” yenə də Vidadi Zeynalovun ailəsinə məxsus olaraq qalacaq.
Buradan belə məlum olur ki, Vidadi Zeynalovun adından dövlətə ödənilən 7 milyon 330 min 536 manat ziyanın yarısından çoxunu “tender kralı” Ramazan Məmmədov ödəyib. Beləliklə, 2 milyon manata Vidadi Zeynalovun evini alan “tender kralı” özündən daha 3 milyon manat verərək, Rabitə nazirliyinin keçmiş aparat rəhbərinin dövlətə vurduğu ziyanın 5 miyon manatdan çoxunu ödəyib.