Bu gün Paşazadələrin şərikinin MƏHKƏMƏSİDİR

Müğdət Həşimovun ilginc çıxışı gözlənilir

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Allahşükür Paşazadə, qardaşı Cavanşir Paşazadə və digər qohumlarının şəriki olmuş Müğdət Həşimovun işi üzrə proses davam etdiriləcək. Prosesdə M.Həşimov son söz deyəcək.

M.Həşimovun yaxınları redaksiyamıza bildiriblər ki, iş üzrə keçirilən bir neçə prosesdə çoxsaylı vəsatətlər verərək ittihamların əsassız olduğunu, əsl həqiqətin üzə çıxmasına çalışıblar. Amma 10-dan artıq vəsatətin biri belə təmin olunmayıb. “Bizdə məhkəmə prosesinin izləyiciləri kimi belə qənaət formalaşıb ki, hakim qanunsuz, ədalətsiz və əsassız hökmü qüvvədə saxlayacaq. Hamı bilir ki, əslində cinayət Müğdət Həşimova qarşı törədilib. Barəsində saxta ittihamlara əsas olan qondarma şikayət verilib. Sonradan da həmin şikayətin geri götürüləcəyini dəfələrlə ona çatdırıblar. Allahşükür Paşazadəyə, qardaşı Cavanşir Paşazadəyə yazdığımız mesajlara cavab vermirlər. Onları Allaha tapşırırıq, səlahiyyət sahiblərindən kömək istəyirik” - deyə, M.Həşimovun yaxınlarından biri bildirib.

Qeyd edək ki, M.Həşimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsinə olan şikayəti isə Paşazadələrin adamı kimi tanınan “Hacı Mazan” ləqəbli Ramazan Zeynalov imzalamışdı. Tərəflər arasında şərikliyin şərtinə gəlincə isə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. M.Həşimov şərik işlətdikləri klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməliymiş. M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və bugünlərdə birdəfəlik Türkiyəyə köçən oğlu Məhəmməd, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Buna görə də şeyxin həbsdə olan şəriki Müğdət Həşimovun vəkili Elçin Sadıqov apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırmışdı. Vəkil Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və digər şəxslərin məhkəmədə şahiq qismində dindirilməsi haqda vəsatətlə də çıxış etmişdi.

“Bu işdə sənədlərin saxtalaşdırılmasında iştirak etmiş Lalə Zərbəliyeva, Cavanşir Paşazadənin əlavə şahid qismində dindirilməsini istəyirik” deyə, vəkil qeyd etmişdi. Ötən prosesdə təsdirləndirilən Müğdət Həşimov  deyib ki, sənədlərdəki imzalar ona məxsus deyil: “Təəssüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarkən imza ilə bağlı ekspertiza təyin olunub məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldırsaq da, təmin olunmadı. Ona görə bu vəsatəti yenidən qaldırıram”.

Məhkəmə vəsatətləri təmin etməyib. “Hacı Mazan”ın nümayəndəsi Siracəddin Kərimov isə çıxışında deyib ki, onlar cəzanın yüngül olmasından narazıdırlar. Vəkil Müğdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verilə biləcəyini qeyd edib. Bu sözlər Müğdət Həşimovu qəzəbləndirib. O, baş verənləri şou adlandırıb: “Bu, əməlli-başlı şoudur. Mülki işi gətirib bu həddə çatdırıblar. Amma yenə də əl çəkmirlər. 20 il verin, Allahşükür də, Cavanşir də rahatlaşsın, əl çəksinlər məndən. Mənim də canım bu komediyadan qurtarsın”.

Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb. M.Həşimov ittihamları qəbul etmir.






Fikirlər