Paşazadələrin şəriki məhkəmədə od püskürdü; Bakı Ağır Cinayətlər Məhkəməsində şahidlər dindirilir; müttəhim Müğdət Həşimov: “Obyektin 33 faizi Allahşükür Paşazadənin, 33 faizi Cavanşir Paşazadənin idi”; Hacı Mazan isə məhkəmədə ziddiyyətli ifadələr verdi
Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və onların ailə üzvləri ilə şərik olmuş Müğdət Həşimovun işi üzrə məhkəmə prosesi keçirilir. M.Həşimova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə ittiham elan olunub.
M.Həşimov ittihamları qəbul etmir və Paşazadələrin sifarişi ilə həbsə atıldığını iddia edir. Son məhkəmə prosesində zərərçəkmiş qismində Paşazadələrin yaxın qohumu, Hacı Mazan kimi tanınan Ramazan Zeynalov dəvət olunub. Hakim Ramazan Zeynalovdan iyulun 6-da və 13-də keçirilən məhkəmə iclaslarına niyə gəlmədiyinin səbəbini soruşub. Hakimin bu sualından sonra R.Zeynalovun nümayəndəsi Siracəddin Kərimov vəsatət verib. O, vəsatətində məhkəmənin obyektivliyinə şübhələrinin olduğunu və tərkibə etiraz etdiklərini göstərib.
Vəsatət baxılmamış saxlanılıb. Bundan sonra R.Zeynalov çıxış edib. M.Həşimov və vəkili R.Zeynalovun çıxışında göstərdikləri ilə ibtidai istintaqa verdiyi ifadələrin ziddiyyət təşkil etdiyini məhkəmənin diqqətinə çatdırıb. M.Həşimov və vəkilinin R.Zeynalova verdiyi dəqiqləşdirici suallara sonuncu konkret cavablar verməkdən yayınıb.
M.Həşimov məhkəmədə adıçəkilən “Medi Sina” klinikası haqda arayış verib. Bildirib ki, klinika 10 ay deputat Cavanşir Paşazadənin adına olan 1255 kv metrlik obyektdə fəaliyyət göstərib. Obyekt “Güllü dərə” deyilən yerdə - “Göy Məscid”in həyətində Ramazan Zeynalovun tikdirdiyi 20 mərtəbəli binanin 1-ci və 2-ci mərtəbələrində yerləşib.
O, məhkəmənin diqqətinə çatdırıb ki, Ramazan Zeynalov da məhkəmə çıxışında obyektin 33 faizinin Cavanşir Paşazadənin, 33 faizinin Allahşükür Paşazadənin olduğunu etiraf edib. R.Zeynalov deyib ki, 2013-cü ildə oranı klinika kimi işlətməyə başlayandan o, öz payına düşən 33 faizi Cavanşir Paşazadəyə verib və bu biznesdə iştirak etməyib.
Şübhələnib ki, bu işin axırı yaxşı olmayacaq. M.Həşimovun və R.Zeynalovun məhkəmədəki çıxışlarından məlum olub ki, “Aygün C” MMC-nin təsisçiləri Paşazadə Pakizə Qəmbər qızı, Paşazadə Məhəmməd Allahşükür oğlu, Əliyeva Kəmalə Cavanşir qızı, Əliyev Atiq İlyas oğlu, R.Zeynalovun iki ailə üzvü də həmin şirkətdə təsisçi olub. Sadəcə olaraq, birgə fəaliyyət üçün zəruri olan məbləğin M.Həşimova verilməsi zamanı R.Zeynalov öz ailə üzvlərinin iştirakına razı olmayıb. Deyib ki, Müğdət Həşimovla özünüz danışın, mən bu işdə yoxam.
Cavanşir Paşazadə
M.Həşimov R.Zeynalovun bu addımının sonradan ona problemlərin yaradılacağından xəbəri olmasının sübutu olduğunu deyib: “Başıma oyun açacaqlarından, sən demə, Hacı Mazanın əvvəlcədən xəbəri var imiş. Mən də qurulan bizneslə bağlı bütün məsələləri deputat Cavanşir Paşazadə ilə müzakirə etmişəm. Rəsmi sənədlər də Paşazadələrlə mənim aramda olub. Ramazan Zeynalovla mənim aramda heç bir rəsmi sənəd olmayıb. Belə olan halda Ramazan Zeynalovla məsələni necə aydınlaşdıra bilərəm? Bu adam gah deyir ki, mənim bu məsələyə aidiyyətim yoxdur, orada mənim payım yoxdur, ailə üzvlərimi notariusda müqaviləyə qol çəkməyə qoymamışam. Gah da deyir ki, oranı mən bağlatdırmışam. Guya mənim vergiyə borcum olub, işçilərin maaşını verməmişəm. Mənə izah edilsin ki, bu məsələlərə Ramazan Zeynalovun nə dəxli var?
Hacı Mazan
Burada Hacı Mazanın statusu nədir? Deputat Cavanşir Paşazadənin adına rəsmiləşdirilmiş obyektdə mənim təsisçi olduğum ”Medi Sina" MMC-nin balansında olan rentgen aparatını Ramazan Zeynalov 2 il yarımdır girov saxlayır. Məhkəmə icraçıları da rentgen aparatını onun əlindən ala bilmir. İndi özünüz nəticə çıxarın. Bu adam kimdir? Kim Ramazan Zeynalova bu ixtiyarı verib ki, başqalarının adına olan obyektdə digər şəxsin əmlakını girov saxlayır?"
Məhkəmə prosesi iyunun 27-də davam etdiriləcək.