08.02.2014. - Şeyxin qardaşı ölkədə sabitliyi pozmaq cəhdində ittiham olundu
\
«Binə» və «Sədərək»də çalışanlar
deputat Cavanşir Paşazadə ilə bağlı
Oqtay Əsədova müraciət göndəriblər.
Sahibkarlar bildirirlər ki, Cavanşir Paşazadənin adıçəkilən ticarət mərkəzləri barədə səsləndirdiyi ittihamların heç bir əsası yoxdur.
AzerTaym.az müraciətin “Bakı-xəbər” qəzetində dərc olunmuş mətnini ixtisarla təqdim edir:
“Müsahibədə vurğulanır ki, əlli min (50.000) insanın toplaşdığı yerdən nə desən gözləmək olar. İki, üç mindən yuxarı insanı bir yerə yığmaq lazım deyil. Bu ticarət mərkəzləri ölkənin iqtisadiyyatına zərər vurur. Şəhərdə tıxac yaradan həmin ticarət mərkəzləridir. Əvvəla onu qeyd edək ki, bu ticarət mərkəzləri respublika prezidentinin sərəncamı ilə 2006-cı ildə Qaradağ rayonuna köçürülüb. Köçürülməsində məqsəd də elə şəhərdə tıxacların və sıxlığın qarşısını almaq olub. Onu da qeyd edək ki, tıxaclar adətən iş günləri yaranır və həm də rayonlara giriş-çıxış da Qaradağ rayonu ərazisindəndir. Deputat öz seçicilərinin problemləri ilə məşğul olmaq əvəzinə, bu ticarət mərkəzləri haqqında ağır ittihamlarda bulunur. Adamların çox olduğu bu ticarət mərkəzlərində hansısa hadisənin baş verməsindən narahat olur guya... Onun nəzərinə çatdırırıq ki, Azərbaycan polisi nəinki əlli min adamın, milyonlarla adamın yaşadığı əraziləri yüksək səviyyədə mühafizə etmək qüdrətindədir. Qaldı ki ”Sədərək" Ticarət Mərkəzinin “Sabit Mühafizə Xidməti”və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi fəaliyyət göstərir və öz işinin öhdəsindən layiqincə gəlir. Bu gün Cavanşir Paşazadə parlamentin İnsan haqları komitəsinin üzvüdür. Görünür, əlli minlərlə iş yerlərinin bağlanması təklifini verməklə insanların, burada çalışan seçicilərinin qeydinə belə “qalır”. Adamların çox toplaşdığı yerlərdən narahat olan millət vəkili bu məntiqlə sabah da universitetləri, parkları, dəmiryolu vağzallarını, avtovağzalları, sağlamlıq ocaqlarını, istirahət mərkəzlərini, Bakı Bulvarını bağlamağı təklif edəcək.
Cavanşir Paşazadə bir az da irəli gedərək, ağlasığmayan bir iddia irəli sürüb deyir ki, ticarət mərkəzlərində narkotik maddələr də saxlanıla bilər. Bu cür ittihamlar bizi nə qədər qəzəbləndirsə də, bir o qədər də ironik gülüş doğurdu. Bir ziyalının, millət vəkilinin, İnsan haqları komitəsi üzvünün bu cür əsassız mövqeyə, düşüncə tərzinə malik olması bizi həm də məyus etdi. Onsuz da hamı bilir ki, narkotik ticarəti ilə kimlər məşğul olur. Gözə kül üfürməyin heç yeri deyil.
Hörmətli Oqtay müəllim, Sizdən xahiş edirik ki, müsahibədə deyilənləri ciddi araşdırıb Cavanşir Paşazadənin izahat-təkzib verməsinə müvəffəq olasınız".