Paşazadələrin şəriki olmuş Müğdət Həşimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində şeyxin yaxın adamı, Hacı Mazan ləqəbli Ramazan Zeynalov ifadə verib.
O, həbs edilən Müğdət Həşimovun vəkili Elçin Sadıqovun vəsatəti ilə məhkəməyə gətirilənlərdən olub.
Müğdət Həşimov Cavanşir Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb.
Müqavilənin şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Ancaq M.Həşimova cinayət işi açılarkən zərərçəkmiş kimi Hacı Mazan tanınıb.
Dekabrın 26-da baş tutan məhkəmədə vəkilin suallarını cavablandıran Hacı Mazan deyib ki, M.Həşimovla 2012-di ildə Masallı rayonunda tanış olduğunu deyib: “Obyekti təmir etdirmişdim, avadanlıqlar olmadığı üçün boş idi. Bankdan 700 min kredit götürüb Müğdətə verdim ki, tibbi aparatlar alıb oranı klinika kimi işlətsin. Orada banka 7 min vermişdim, 10 min də klinikanın ventilyasiya işini görən ustaya verildi. Həmin pulu Müğdətə notarius qaydasında verdim, özü də imzaladı. Müğdət işlərlə məşğul oldu, mən də müalicə üçün Almaniyaya getdim. Bir ildən sonra qayıtdım, yoxlanışları burda edirdim. Elə həmin klinikaya getdim, qadın işçilər qabağımı kəsib dedilər ki, 3 aydır maaş almırıq. Mən də pulların necə olduğunu bilmək üçün Müğdətlə görüşdüm. Bizə aldığı avadanlıqla dair bir siyahı verdi, onu da 3 dəfə dəyişdi. Mən də Adil Mahmudovu çağırdım, audit yoxlama apardılar. Cavad Cavadov da avadanlıqların qiymətlərini internet üzərindən araşdırırdı. Həmin vaxt Müğdət yoxa çıxdı, kredit götürdüyüm “VTB Bank” mənim üstümə düşdü. Müğdəti tapdım, dedi, 20 min manat ver, verdim, banka ödədi. Sonra gəlib dedi ki, “Razin”də evim var, sənədləşməni həll edək, evi keçirək sənin adına, sat banka pulu ödə. Səfiqulu Alıyev evi almaq istəyirdi, 67 min 200 manat verdi, mən dedim, 70 mindən aşağı olmaz. Müğdət özü qalan 2 min 800 manatı verdi. Həmin 70 mindən əvvəl ona verdiyim 20 mini qaytardı. Sonra da bəlli oldu ki, evi Arif adlı vəkilə də satıb, onu da aldadıb. Biz də Müğdəti axtarmağa başladıq, dedilər Moskvadadır, tapa bilmədik, məcbur olub şikayət etdim”.
M.Həşimovun vəkili Elçin Sadıqovun suallarını cavablandıran R.Zeynalov deyib ki, nümayəndəsi İsmayıl Abbasov klinika ilə bağlı bütün işlərdə iştirak edib və sənədlərə imza atıb.
E.Sadıqov İ.Abbasovun orderi olmadığını deyərək onun prosesdən uzaqlaşdırılaraq şahid kimi dindirilməsi barədə vəsatət verib.
İ.Abbasov “mən professional vəkiləm” deyərək heç bir sənədə qol çəkmədiyini, sadəcə hüquqi məsləhət verdiyini deyib. Məhkəmə kollegiyası vəsatəti təmin etməyib.
R.Zeynalovun vəkil E.Sadıqovun suallarına cavab olaraq bildirib ki, klinikadakı tibbi avadanlıqlara özü də baxış keçirib: “Elə aparat var idi ki, 1996-cı ildə istehsal olunmuşdu. Müğdətin rentgen aparatını da məhkəmə icraçıları apardılar”.
Müğdət Həşimov Hacı Mazandan soruşub ki, klinika fəaliyyət göstərdiyi halda niyə ora yoxlama və audit göndərilib?
Hacı Mazan deyib ki, həmin zaman banka 72 min borc olduğu üçün klinika bağlı olub.
Müğdət Həşimov isə bunun yalan olduğunu deyib: "Burda heç kim ağzına gələni danışmamalıdır. Hər şey sənəd və sübutladır. Bankda bir saat belə olsun gecikmə olmayıb. Ödənişlər vaxtı-vaxtında olub. Mən işlədiyim vaxtda ödənişlər vaxtında edilib. Qəbzlər də istintaq materiallarında var. Mən 2 ilə yaxındır həbs edilmişəm. Borclar yığılıbsa, onlar ödəyibsə, mənim günahım nədir ki?".
Məhkəmədə əlavə şahid kimi Cavad Cavadov da ifadə verib. O, tibb avadanlıqları sahəsində mütəxəssis kimi şəriklərin qalmaqallı klinikasında aparılan audit yoxlamasında iştirak edib.
C.Cavadov məhkəmədə deyib ki, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib, amma 2009-cu ildən tibb sahəsi üzrə avadanlıqların təmir və təchizi ilə məşğul olur.
Vəkil Elçin Sadıqov suallarını cavablandıran Cavad Cavadov deyib ki, klinikada aparılan audit zamanı yalnız avadanlıqları siyahı üzrə müəyyən edib və istehsal tarixlərini yoxlayıb: "Biz sadəcə təqdim edilən siyahıda yazılan avadanlıqların klinikada olub-olmamasını yoxladıq. Həm də avadanlıqların istehsal tarixlərinə baxırdıq".
Şahid deyib ki, bəzi avadanlıqların üzərində istehsal tarixi əllə yazılıbmış: "Avadanlıqlarda istehsal tarixi istehsal olunan zaman çox vaxt müəssisələrə yazılır. Ancaq yazılmayanlar da olur. Bu cür avadanlıqlar üzərində kod da olur. Həmin kod vasitəsi ilə istehsalçı müəssisədə istehsal tarixini öyrənmək olur. Həm bu avadanlıqlar sadəcə olaraq sifariş əsasında istehsal olunur".
Bildirək ki, klinikadakı qalmaqalın başlama səbəbini Paşazadələr bununla əsaslandırır ki, M.Həşimov onları aldadaraq yeni yox, köhnə avadanlıqlar alıb.
Şahid Cavad Cavadov klinikaya baxış keçirərkən 1987-ci il istehsal olan avadanlıq olduğunu da bildirib.
Müğdət Həşimov şahidin bu dediyinə cavab verib: "Düzdür, Rusiya istehsalı olan sterilizə aparatını almışam. Yeni aparat idi. Bunu almaqda məqsədimiz bu idi ki, digər aparatlar işə yaramadı. Bu aparat da təmiz idi və işimizi görürdü. Bütün yoxlamalar da buna baxıb".
Müğdət Həşimov şahidə sual verib: "Sizin də imzaladığınız audit yoxlamasında qeyd edilir ki, qiymətlərdə şişirtmə var. Bunu hardan müəyyən etdiniz? Mən avadanlıqların qiymətini 246 min göstərmişdim. Amma audit 162 min müəyyən edib. 82 minlik fərq var. Guya qiymətlər bu qədər şişirdilib. Siz qiymətləri haradan bildiniz?".
Cavad Cavadov avadanlıqların qiymətini internet resuslarındanaxtardıqlarını və bazar qiyməti ilə hesablandığını söyləyib.
Müğdət Həşimov söyləyib ki, audit, yoxlama 82 minlik fərq müəyyən etsə də ona qarşı ittiham da 193 minlik avadanlığı mənimsəmək irəli sürülüb.
Məhkəməyə digər şahidlər gətirilsə də proses təxirə salınıb. Buna səbəb vəkil Elçin Sadıqovun başqa bir prosesə getməsi olub.
Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb.
Tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub.
M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş.
Fikirlər