Lənkəranskini üzr istəməyə məcbur edən “QANUNİ OĞRU” RİQADA PEYDA oldu
Ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) kriminal kastasında yer almış “qanuni oğru”lar Riqada məskunlaşıblar. Rusiya KİV-nin məlumatına görə, bunlar Sergey Vasin (Vyatlaq) və Camal Mikeladzedir (Cemo). Aslan Usoyanın qətlindən sonra bu kriminallar Rövşən Lənkəranski ilə bərabər uzun müddət Dubayda yaşayıblar. Onların Lənkəranskinin kriminal masasında yer aldığı sirr deyildi. Xüsusilə Cemonun... Məlumata görə, Vyatlaq Riqa aeroportuna yaxın yerdə ev tutub. Cemo ötən il həbsdən çıxdıqdan sonra Rusiyada ömürlük yaşamaq hüququndan məhrum edilməsi səbəbindən əvvəl İtaliyaya, oradan isə Riqaya gəlib. Riqada isə bu günlərdə onun avtomobilini oğurlayıblar. Polisə müraciət etməyən Cemo öz kanalları vasitəsilə maşını oğurlayanı tapıb və cangüdənləri ilə birgə həmin şəxsi əzişdiriblər. “Qanuni oğru” Latviya paytaxtında yalnız mühafizəçilərlə çölə çıxır. Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, Rusiyanın kriminal aləmində tanınan Arsen Mikeladzenin kiçik oğludur. Onun atası 1993-cü ildə güllələnib. Atasının “təmiz oğru” ideyasını Cemo davam etdirmək qərarı verəndən sonra Gürcüstanın nüfuzlu kriminal dairələri ona “qanuni oğru” adı verirlər. Belə ki, Cemo “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Cemonun adı Lənkəransk ilə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayıb. Məlumatlara görə, gürcüstanlı “qanuni oğru” Vaqif Süleymanovla Lənkəranskinin 2010-cu ilin yazında aralarında səbəbi tam açıqlanmayan konflikt başlayıb. İddialara görə, həbsdə olan Vaqiflə Canıyev arasında olan telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz sözlər işlədiblər. Hətta söhbət o həddə gərginləşib ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərinin aydınlaşdırmaq üçün “sxodka”ya toplaşıblar. Məlumatlar var ki, bu “sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. Cemo Vaqifi vurmaq istərkən (bu, oğru qanunlarında bağışlanılmaz hərəkət sayılır) özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənə görə, nəticədə Lənkəranski Cemonun bu düşünülməmiş hərəkətinə görə köhnə “oğru qanunları” ilə yaşayan V.Süleymanovdan üzr istəyib. 2011-ci ilin iyununda isə “Ded Xasan” Cemonu “qanuni oğru” adından məhrum edib. Rusiya mətbuatı yazır ki, bu adamların Riqada toplaşması ölkənin kriminal mühitinə mənfi təsir edəcək. Musavat.com