İlhamə Quliyevanın oğlunun həbsinin YENİ DETALLARI

Orxan Nadirov həbsxanadan “adam çıxaracağı” vədi ilə 95 min manat mənimsəyib; mərhum Xalq artistinin keçmiş köməkçisi: “Onu bu duruma salan dostu Vüqardır”

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov külli miqdarda ziyanvurma, dələduzluq cinayətinə görə Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Orxan Nadirov Səbuhi Bayram oğlu Əliyevi əfv və ya cəzasının çəkilməmiş hissəsindən azad etdirəcəyini vəd etməklə onun yaxınları Kənan Əliyev və Mehman Umudovdan 95 min manat pul alıb. Bundan sonra Orxan Nadirov vədini “unudub”. Səbuhi Əliyevin yaxınları ilə Orxan Nadirovun  arasındakı sövdələşmənin 2015-ci ildə baş tutduğu haqda məlumatlar var.

Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Orxan Nadirov məhkum Səbuhi Əliyevin yaxınlarına vəd edib ki, onu 2015-ci ilin dekabrında veriləcək əfvlə azad etdirəcək. Amma S.Əliyevin yaxınları 2015-ci il dekabrın 28-də verilmiş əfv fərmanında onun adına rast gəlməyiblər. Buna görə də Orxan Nadirovdan pullarını geri qaytarmasını tələb ediblər. Pullarının geri qaytarılmayacağını anladıqda isə hüquq mühafizə orqanlarına üz tutublar. Bundan sonra  fakt üzrə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. İş üzrə Orxan Nadirov dindirilib. Belə məlumatlar var ki, O.Nadirov ilk dəfə dindiriləndən sonra S.Əliyevin yaxınlarına az da olsa, pul qaytarıb. Vəd edib ki, pulları tam olaraq qısa vaxt ərzində qaytaracaq. Lakin qaytarmayıb. Bundan sonra barəsində axtarış elan olunub. S.Əliyev 2016-cı ilin yanvarında ölkədən çıxmaq istəyərkən Bakı Hava Limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında lent.az-a müsahibəsində bu barədə danışmışdı. O bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis İdarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb.

İlhamə Quliyevanın köməkçisi olmuş jurnalist Mehriban Hüseynova mərhum xalq artistinin oğlu Orxan Nadirovun həbsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. M.Hüseynova ölkə.az-a açıqlamasında qeyd edib ki, O.Nadirovun düşdüyü durumun səbəbkarı keçmiş dostudur: “Orxan Nadirovun həbsi xəbərinə sevinmirəm. Əgər həbs olunubsa, Allah qapısını açsın. Sadəcə, o vaxt Orxanın dostu Vüqar Bəkirov İlhamə xanımı şantaj edirdi. Deyirdi ki, İlhamə xanım, Orxanı yaxınınıza buraxmayın, sizi zəhərləyəcək. Bütün bu oyunları quran Vüqar Bəkirov idi. Hətta o vaxtlar Vüqar özü də axtarışda idi. Həmin ərəfədə özünü vəkil kimi qələmə verən Elmira adlı xanımın evində gizlənirdi. Orxanın da bu vəziyyətə gəlib çıxmağının səbəbkarı Vüqar Bəkirovdur. Orxanın özündə heç bir pis hərəkət görməmişəm”.

M.Hüseynova bildirib ki, İ.Quliyevanın sağlığında yayılmış videosunda baş verənlərə də V.Bəkirov rəhbərlik edirdi:“Hətta o vaxt mənim başıma açılan oyunlarda Orxanı günahlandırırdılar. Məni məcburən diz çökdürənlər, hədə-qorxu gələnlərin də başında  Vüqar Bəkirov dururdu. Çox maraqlıdır ki, Vüqar Bəkirov və yanındakı Məsmə ləqəbli, Zəminə adlı qadın niyə azadlıqda gəzirlər?”

Xatırladaq ki, M.Hüseynova özü 2015-ci ilin oktyabrında  həbs edilmişdi. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində Cinayət Məcəlləsinin 70-cı maddəsi tətbiq olunaraq,  il 3 ay şərti cəza verilib. M.Hüseynova məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O.Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə orqana müraciət etdiyini də açıqlayıb.

Daxili İşlər Nazirliyi İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması xəbərini təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polis əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində tutulub.

Qeyd edək ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi."Ekstazi işi"nin əsas fiqurantları sırasında O.Nadirovdan savayı Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlının, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladı Yalçın Həsənovun və daha 11 nəfərin adı keçirdi.  Onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurdular.






Fikirlər