İlhamənin var-dövləti kimə qaldı? - MƏHKƏMƏ qərarı

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu olduğunu iddia etdiyi qohumu Orxan Nadirovun vərəsəlik hüququ tanınmayıb.

 AzerTaym.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya son anlarınadək İlhamə Quliyevanın yanında olmuş Əli Mirəliyevin qizi Samirə Mirəliyeva verib. 

 Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsi özünü mərhum xalq artistinin yeganə varisi hesab edən Orxan Nadirovu ümüdlərini puç edib:

 “İlhamə Qulievanın ölümüylə bağlı açılmış cinayət işi hələ də yekunlaşmayıb. Vərəsəlik hüququ ilə bağlı isə bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov İlhamə xanımın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Hər iki tərəf İlhamə Quliyevanın bütün əmlakına sahib olmaqda iddialıdırlar. Lakin məhkəmə Orxan Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınmasıyla bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb da. Onun İlhamə xanımın oğlu olması haqdakı tələbi, sadəcə, Orxanın boş iddiasından başqa bir şey deyil”, - deyə o, bildirib. 

 Miras üstündə məhkəmə çəkişmələri edən bacıları haqqında da təəssüflə danışan S.Mirəliyeva qeyd edib ki, İ.Quliyevanın sağlığında yanında olmayan insanlar ölümündən sonra malı üstündə məhkəmələrdə qalıblar:

 “İlhamə xanımın yanında ölənədək onlardan heç kim olmayıb. Amma rəhmətə gedəndən sonra malı, mülkü üstündə dava gedir. İddia qaldırırlar. Qoy, hər şeyi götürsünlər, onların olsun. Amma İlhamə xanımı mənə geri qaytara bilməzlər. Biz ona təmənnasız qulluq edirdik. Düşünürdük ki, hələ uzun ömür yaşayacaq. Onu dəfn edəndəndən sonra heç evin yanından da keçə bilmirəm. Bir şey mənə maraqlıdır. Sağlığında varlığı bilinməyən insanlar ölümündən sonra onun malına-mülkünə yiyə dururlar. Amma onu yeyə biləcəklərmi, bax bu, sual altındadır. İlhamə xanımdan bu qədər pul, mal umacağı olan insanlar heç olmasa, sağlığında ona bircə gün qayğı göstərsəydilər, adama bu qədər təsir etməzdi. Ancaq əgər onlar bunu etməyiblərsə, bu pulu necə yeyə biləcəklər? Bax, bunu düşünmək adama pis gəlir. Bacılarının iddiasına avqust ayında baxılacaq”.

 

Qeyd edək ki, bu il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.

 

İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Limuzin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.






Fikirlər