"İlhamə xanımın birinci dərəcəli varisi Orxan olacaq" — AÇIQLAMA
Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vəkili Habil Vəliyev sənətkarın dayısı oğlu Eldar İsmayılovun söylədiklərinə münasibət bildirib. H.Vəliyev Ölkə.Az-a açıqlamasında bildirib ki, O.Nadirov varisliklə bağlı məhkəməyə müraciət etməyib: "Bəs Eldar İsmayılovdan soruşulmayıb ki, onlar neçənci dərəcəli varis hesab olunurlar? Orxan Nadirov varisliklə bağlı Yasamal Məhkəməsinə heç bir müraciət etməyib. Bizim müraciətimiz Səbail Məhkəməsinə övladlığın müəyyən edilməsilə bağlı olub. Həmin proses də qeyri müəyyən vaxta təxirə salınıb. Əgər müəyyən olacaqsa, birinci dərəcəli varis Orxan olacaq". Xatırladaq ki, lent.az-a açıqlama verən İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbahar və İradə Quliyevalara qalıb: “Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu. Mən orada iştirak edə bilmədim. Amma İlhamə xanımın bacısı İradə xanımın oğlu Nicat həmin məhkəmədə oldu. İradə xanım özü müəyyən səbəblərə görə həmin məhkəmədə iştirak edə bilmədi. Gərək Orxan (İlhamə Quliyevanın oğlu) belə etməyəydi, efirdə deyirdi ki, “evin açarları məndədir”. Amma o evin qapılarını mən açdırmışdım. İndi Orxan başını itirib. Bu qərara görə, əlindən pulu çıxdı. Bir sözlə, məhkəmə qərarına əsasən, İlhamənin qanuni varisləri bacılarıdır.
Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, xalq artistinin tək varisi özüdür.
İ.Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək.