Prokuror "MTN işi"ndə zərərçəkmiş kimi tanınan sabiq İCRA NÜMAYƏNDƏSİNƏ CƏZA İSTƏYİB

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiirlən prosesdə dövlət ittihamçısı ittiham çıxış edib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və keçmiş polis əməkdaşı Təvəkkül Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiirlən prosesdə dövlət ittihamçısı ittiham çıxış edib.

Prokuror çıxışında B.Sultanovun 8 il, T.Vəliyevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, zamində olan hər iki şəxsin barəsində həbs qətikman tədbirinin seçilməsini və məhkəmə zalında həbs edilməsini tələb edib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.

İttiham aktına əsasən, onlar torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pul alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

B.Sultanovun və T.Vəliyevin barələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

B.Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra münayəndəsi vəzifəsində işləyib. Sonradan isə o, Sumqayıt yolunda 4 hektar torpaq sahəsi götürərək iribuynuzlu mal-qara saxlayıb, həmçinin Qazaxıstan rüspublikasında tikinti işləri ilə məşğul olub.

Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib.

B.Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət işində qeyd edilib ki, V.Ələkbərov 2009-cu ilin əvvəllərində "Texnikabank" ASC-nin Bakı filialından 500 min manat kredit götürmək üçün sənədləri saxtalaşdırmış İntiqam Sultanovu tutmamaq müqabilində atası Bahəddin Sultanovdan 500 min dollar rüşvət istəyib. Həmin cinayət işi üzrə İ.Sultanovun barəsində 16 iyun 2009-cu ildə həbs qətimkan tədbiri seçilib. Sonra V.Ələkbərov İ.Sultanovun həbsdən azad edilməsi üçün B.Sultanovdan 370 min manat pul tələb edib, əks təqdirdə rəhbərliyin göstərişi ilə onun özünün də tutacağı ilə hədələyib.

Növbəti gün V.Ələkbərov xidməti otağında B.Sultanovun qardaşı Mirzə Paşayev və onun dostu Əsgər İbrahimovdan 360 min manat, Yasamal rayonunda isə B.Sultanovun özündən 10 min manat alıb. Daha sonra V.Ələkbərov İ.Sultanovun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsinə müvvəq olub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. 






Fikirlər