Bank RƏHBƏRİNİN məhkəməsi BAŞLADI
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyon manatı mənimsəməkdə təqsirləndirilənlər – “DekaBank”ın İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin keçmiş direktoru Bəhram Hüseynovun məhkəməsi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. N.Vəliyevin vəkili müvəkkili barəsində cinayət işi açılmasına səbəb olan aktın sübutlar siyahısından çıxarılması barədə vəsatət verib: “Həmin akt Seymur Abbasov adlı şəxs tərəfindən hazırlanıb. Amma cinayət işi materiallarında bu adamın kim olması, hansı səlahiyyətlə belə bir akt hazırlaması haqda qeyd yoxdur”. Vəkil həmçinin, vəsatət verərək N.Vəliyevin ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatətlərin hər ikisini təmin etməyib. Proses zamanı bəlli olub ki, “DekaBank”da yeyintilərlə bağlı daha 6 vəzifəli şəxs cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub. N.Vəliyev və B.Hüsyenov barəsindəki cinayət işi məhkəmə baxışına təqdim edilib. Proses dekabrın 27-də davam etdiriləcək. Qeyd edək ki, adıçəkilən şəxslər mənimsəmədə, dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər. İttihama görə, bu ilin iyul ayında ləğv edilən “DekaBank”a bu cinayət işi üzrə 5 milyon manat ziyan dəyib.