“Cahangir Haciyev günlərlə ac qalır” – VƏKİL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layicov və Fəxrəddin Mehdiyev vəsatətlərlə çıxış edib. Müdafiəçilər ötən prosesdə qaldırdıqları 6 vəsatətdən yalnız 2-nə münasibət bildirildiyini deyib. Onlar hazırkı məhkəmə heyətinə etiraz etdiklərini qeyd ediblər. Vəsatət baxılmamış saxlanılıb. Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.
Bundan başqa, vəkil A.Layicov və F.Mehdiyev daha bir vəsatət verib.
Müdafiəçilər C.Hacıyevin müəyyən məsələləri məsləhətləşmək üçün vəkillərin yanında əyləşməsini istəyib: “Cahangir Haciyevin saxlanıldığı təcridxanada kamerası dəyişdirilib, soyuducudan məhrum edilib. Bu səbəbdən o, qida saxlaya bilmir və hüquqlarını müdafiə etdiyimiz şəxs günlərlə ac qalır. Məhkəmədən xahiş edirik ki, bu məsələnin həllinə kömək edərdiz”.
Vəsatət təmin edilməyib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyib.
Proses saat 14:00-da davam etdiriləcək.
Fasilədən sonra C.Hacıyev ifadə verəcək.