Cahangir Hacıyevin MƏHKƏMƏSİ başlayır

 Cahangir Hacıyevin məhkəməsi başlayır

Sabiq bankir ciddi müqavimət göstərir; prosesdə yeni sensasion faktların açıqlanacağı gözlənilir

 

“Beynəlxalq Bank işi” üzrə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb. Proses avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Müttəhimlər kürsüsünə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə yanaşı digər 7 nəfər çıxarılacaq.
 
Bu şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.
 
Bir müddət əvvəl C.Hacıyevə qarşı digər ittihamlarla yanaşı qanunsuz silah gəzdirmə ittihamının olması bəlli olub.  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələyə aydınlıq gətirərək bildirib ki, iş üzrə CM-in 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə qətiyyən aidiyyəti yoxdur.
“Cinayət işinin istintaqı yekunlaşaraq, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sözügedən maddələr Cahangir Hacıyevlə birlikdə mühakimə edilənlərdən hansınasa aiddir. Lakin istintaq həmin məsələ ilə bağlı adları məhkəməyədək açıqlamağı lazım bilməyib”- deyə xidmət rəhbəri bildirmişdi.
Cahangir Hacıyev həbs olunduğu gündən ona elan edilmiş ittihamları rədd edir. Onun vəkili Aqil Layıcov, bacısı Əminə Hacıyeva ara-sıra mətbuata açıqlamalarında çox ciddi faktlar sadalayırlar. Bir müddət əvvəl C.Hacıyevin bacısı Ə.Hacıyeva ölkə rəhbərliyinə müraciət edərək “Beynəlxalq Bank”dan ayrılan kreditlərin hesabına inşa edilən ölkə əhəmiyyətli zavod, fabrik, istehsal müəssisələrinin adlarını sadalamışdı. Ə.Hacıyeva bildirmişdi ki, hazırda zavodlar yeni rəhbərliyin naşı davranışına görə iş potensialını və işgüzar əlaqələrini itirməkdədir. Bu da həmçinin zavod və müəssisələrin rentabelliyinin, həmçinin dəyərinin azalmasına səbəb olmaqdadır. Həmin müəssisələr Maliyyə Nazirliyinin nəzarəti altında dəyər-dəyməzə satılmaq üçün bazara təklif edilir. Onu da qeyd edək ki, mətbuatda Cahangir Hacıyevin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla üzləşdirilməsini tələb ediyi haqda da məlumatlar olub. Həmin məlumatlara görə, Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edib ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzləşdirsinlər Cahangir Hacıyevin mövqeyi belədir ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Bu fikri onun vəkili Aqil Layıcov da bir neçə dəfə dilə gətirib. Vəkilin sözlərindən belə anlaşılıb ki,  əgər çoxmilyonluq kreditlər qanunsuz verilibsə, nəzarət edən qurumların rəhbərləri kimi bu iki şəxs də məsuliyyət daşıyırlar. 
A.Layıcov həmçinin diqqətə çatırıb ki, C.Hacıyev iş üzrə ehtimal edilən zərərin ödənilməsi üçün özünə və ailə üzvlərinə məxsus Beynəlxalq Bankın 184 milyon manatlıq səhmini təhvil verib. Amma bundan sonra da C.Hacıyevi azad etməyiblər. Üstəlik, həmin səhmlərin bu gün harada, kimdə olması da bilinmir. 
C.Hacıyev “içəri”dən, ailə üzvləri isə azadlıqda olaraq  dəfələrlə ölkə gündəmini silkələyən açıqlamalar veriblər. Bu isə sabiq bankirin ittihamlarla razılaşmadığı, sona qədər müqavimət göstərəcəyi anlamına gəlir. C.Hacıyev və digərilərinin məhkəməsində daha ciddi faktların açıqlanacağı da gözləniləndir.






Fikirlər