Sahibkar “özümü MTN generalının evi qarşısında YANDIRACAM” deyir

Sahibkar “özümü MTN generalının evi qarşısında yandıracam” deyir

Ləğv edilmiş MTN-in İstintaq İdarəsinin azadlıqda olan sabiq rəisi Mövlam Şıxəliyevə şok ittihamlar

 

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsi ilə bağlı rəsmi mənbələrdən  hələ də hər hansı şərh verilmir. Sanki belə bir nazir olmayıb və onu qandallamayıblar. V.Ələsgərovun yaxınları da onun həbsi ilə bağlı danışmağa tələsmirlər. Redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, vaxtilə Naxçıvanda, Bakıda “at oynadan” Ələsgərovlar, onların ətraflarında olan şəxslər küçəyə çıxmağa belə ehtiyat edirlər. Onların  mətbuata  çıxıb V.Ələsgərovun həbsi haqda fikir söyləmələri də bu baxımdan inandırıcı deyil. Yada salaq ki, indiyədək onun həbs edildiyi, ev dustaqlığında saxlanıldığı barədə məlumatlar bir-birini əvəz edirdi. 
 
“Turan” agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin bir neçə gün əvvəl həbs olunduğunu təsdiqləyib.  V.Ələsgərovun həbsinin “formal səbəbi” kimi onun Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaiti mənimsəməsi göstərilib. Əsl səbəb isə başqadır - Vəli Ələsgərovun ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla yaxın əlaqələrinin güdazına getdiyinə şübhə yoxdur. 
Mövlam Şıxəliyevə şok ittihamlar 
Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirilən məlum əməliyyatdan sonra qurumun rəhbərliyinə daxil olan vəzifəli şəxslərdən bir neçəsi azadlıqda qala bildi. Bunlar sabiq nazir Eldar Mahmudov, onun sabiq müavini Hilal Əsədov və qurumun istintaq idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevdir. Eldar Mahmudovla Hilal Əsədovun azadlıqda qalmaları haqda ən müxtəlif səpkili yazılar dərc olunub. Mövlam Şıxəliyev isə sanki son dövrlərə qədər kölgədə qala bilmişdi. Bugünlərdə ondan şikayətçilər  - “Texnikabank”ın əmanətçiləri Xəqani Əzimov, Nizami Kazımov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərləri ölkə başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ediblər. “Təzadlar” qəzetinin yaydığı müraciətdə ləğv olunmuş MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun “Texnikabank” işi" ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs olunur. Məlum olur ki, şikayətçilər “Texnikabank”ın Bakı filialına yatırdıqları əmanətlərinin şərinə düşüblər və MTN generalı Mövlam Şıxəliyev onları dolayısı ilə bu əmanətlərdən imtinaya məcbur etməkdən savayı, həm də sonradan bu qədər pulu haradan aldıqlarını sorğu-sual etməklə onları həbslə hədələyib. Nəticədə kimi qorxusundan həmin əmanətdən imtina edib, kimisi generalın “çaldığı havaya oynamadığı üçün” həbs edilib, kimisi də külli miqdarda rüşvət verərək canını qurtarıb. 
 
Mərkəzi Bank “Texnikabank”da ziyan çəkənlərin pulunu ödəyibmiş!!!
Müraciət müəllifləri bildiriblər ki, Mərkəzi Bank həmin dövrdə onlara dəymiş ziyanı ödəmək üçün vəsait ayırıb, lakin  həmin vəsait də MTN-çilər tərəfindən mənimsənilib. Müraciət müəllifləri mənimsənilmiş pullarının özlərinə qaytarılmasını, Mövlam Şıxəliyevin də Vüsal Ələkbərov kimi həbs edilməsini xahiş edirlər: “MTN-in Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov zərərçəkmiş Nizami Kazımovun şikayəti əsasında həbs edildi və onun qanunsuz əməlləri sübuta yetirilib. Amma Vüsal Ələkbərova qanunsuz tapşırıqlar vermiş MTN-in Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev hələ də azadlıqdadır. Bizim pullarımızı da şəxsən o mənimsəyib”.
“Hüseyn Səfərov Mövlam Şıxəliyevin şərtlərinə əməl etməli olur”
Qəzetdə Mövlam Şıxəliyevin Vüsal Ələkbərov vasitəsilə vaxtilə Respublika Əmanət Bankının sədri olmuş iş adamı Hüseyn Səfərovdan 2 milyon manat rüşvət almasından da söhbət açılır. Məlum olur ki, Hüseyn Səfərov da “Texnikabank”ın işində zərərçəkmiş kimi tanınıb: “İstintaq prosesində Mövlam Şıxəliyev Hüseyn Səfərovu əmanətlərin qoyulmasında qanunsuz hərəkətlər etməsi bəhanəsi ilə az qala hər gün MTN-ə çağırıb sutkalarla dindirirdi. Bildiyimizə görə, Mövlam Şıxəliyev ondan həmin pulları hardan əldə etməsini söyləməsini tələb edirmiş. Sonradan şantaj edilərək həbs ediləcəyindən ehtiyatlanan Hüseyn Səfərov Mövlam Şıxəliyevin şərtlərinə əməl etməli olur. Və o, Şıxəliyevin sağ əli olan Vüsal Ələkbərov vasitəsilə tapşırıq alır. Nəticədə elə MTN-in binasında 2 milyon dollar general Mövlam Şıxəliyevə verilir. Həmin tarixə aid MTN-ə giriş-çıxış kameralarına baxış keçirilsə, Vüsal Ələkbərovun həmin pulu qəbul edərək yuxarı qaldırması təsdiqini tapar. Hüseyn Səfərov istintaqda zərərçəkmiş kimi tanınıb və bildiyimizə görə, onu bu yaxınlarda həbs edilmiş Vüsal Ələkbərovla üzləşdiriblər, Hüseyn Səfərov Vüsal Ələkbərovdan pulunu tələb edib”
 
MTN-də 2 milyon manatı alınan sahibkar danışır...
Hüseyn Səfərov da 2 milyon məsələsi ilə bağlı açıqlama verib: “Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam. Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-in Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun ”danışan dili", tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam. İstintaq getdiyindən başqa heç nə deyə bilmirəm. Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin rayonda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, sirkin yanındakı “AFSENTR”də bir neçə mənzili var, “Sahil” ticarət mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar. “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik. Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub? Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır. Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” ticarət mərkəzinin qarşısında yandıracağam. İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm. Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb".






Fikirlər