DİN 7 kq-a yaxın NARKOTİK aşkarladı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.
Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Quliyev polislər tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı narkotik maddə hesab edilən heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı əlavə olaraq ayrı-ayrı yerlərdə qablaşdıraraq gizlətdiyi narkotik vasitə heroin və qurdulmuş marixuana aşkar edilib.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 150 qram heroin və 7 qram qurudulmuş marixuana olması barədə rəy verilib.
Hər 3 faktla bağlı araşdırma davam edir.
 






Fikirlər