POLKOVNİK BALIQ BİZNESİ adı ilə PUL alıb TOYUQ FERMASI yaratdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. Prokurorun elan etdiyi ittihama görə, F.Məmmədxanov tanışı Eldar Hənifəyevdən balıq biznesi qurub yaxşı qazanc əldə etmək vədi ilə 185 min dollar alaraq aldadıb. İlk 6 ay Eldara hər ay 5 min dollar verib. Daha sonra isə aylıqlar kəsilib, E.Hənifəyev verdiyi pulu da ala bilməyib. F.Məmmədxanov özünü təqsirli bilmədiyini deyib. E.Hənifəyev isə ifadəsində Fərhadla ailəvi münasibətlərinin olduğunu deyib: “Fərhad dedi daha polisdə də yaxşı pul çıxmır. Ona görə qazancı iş təklif etdi, razılaşdım. Onun mənə verdiyi aylıq 5 minin ikisini özünə qaytarırdım. İşi Gülməmməd adlı şəxslə görürdü, amma sonradan bildim ki, ortada heç bir balıq işi yoxdur. Fərhad toyuq ferması yaradıb, qalan pulu da şəxsi işlərinə xərcləyib. Fərhad puldan 30 min qaytarıb, qalanını da ödəsə şikayətimi geri götürəcəyəm”. Proses aprelin 18-də davam etdiriləcək. Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb. DİN-dən verilən açıqlamaya görə, F.Məmmədxanov həbsindən 6 ay əvvəl barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.