JURNALİSTLƏRİN binasından "EV SATAN" baş redaktor ucqar KƏNDDƏ GİZLƏNİRMİŞ
Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmədə şahidlərin gəlmədiyi məlum olub. Hakim həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarıldığını elan edib. Əldə etdiyimiz məlumata görə, Gündüz Hüseynov 1 il axtarışda olub. Onun barəsində şikayətlər başlayan zaman Moskvaya gedib. Daha sonra isə Azərbaycana qayıdıb və Lənkəranda ucqar kəndlərdən birində gizlənib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı G.Hüseynov saxlanılıb. İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur. Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir. Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb. Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib.