“Əsaslandırılmamış vəsatət” anlayışının tərifi verilməlidir - Rahim Axundov

“Ali Məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləyə (bundan sonra- MPM) təklif edilən bəzi dəyişikliklər, xüsusən də məhkəmə işində iştirak edən tərəfin, onun qanuni nümayəndəsinin və vəkilinin 500 manata qədər məbləğdə cərimə edilməsi məsələsi tamamilə absurd, qeyri-qanuni və mahiyyət etibarı ilə Konstitutsiya normalarına və digər qanunvericilik aktlarına ziddir”.

Bunu "AzerTaym.az"-a Milli Məclisin sabiq işçisi, hüquqşünas Rahim Axundov söyləyib.

İctimaiyyətin etirazına səbəb olan məlum layihənin hüquqi şərhini verən hüquqşünas fikrini belə əsaslandırıb:

Birincisi, Mülki Prosessual Məcəllənin 184.3, 184.4, 377-ci maddələrində nəzərdə tutulub ki, hakim işdə iştirak edən şəxslərin verdikləri vəsasətləri rədd edə bilər. Digər tərəfdən Mülki Prosessual Məcəllənin 120-ci maddəsində məhkəmə işinin tezliklə baxılmasına və həll edilməsinə maneçilik törədən tərəfin hakimin mülahizəsi əsasında cərimə edilməsi barədə prosessual norma var. Onda sual olunur: MPM-də belə bir prosessual normalar olduğu təqdirdə, bu qanunsuz dəyişiklikdən məqsəd nədir? İlk növbədə, vəkillərin peşəkar fəaliyyətini məhdudlaşdırmaq, onları hakimdən daha çox asılı etmək və qorxu altında saxlamaq və beləliklə də, ədalətli çəkişmə prosesinə son qoymaq. Nəhayət, bu dəyişiklikdən məqsəd həm də məhkəmələrin büdcəsini bu cərimələr hesabına doldurmaqdan ibarətdir”.

Hüquqşünas hesab edir ki, “əsaslandırılmamış vəsatət” anlayışının tərifi verilməlidir:

“Hüquq elmi öz fəaliyyət dərnəyi deyil. Eyni zamanda sual olunur: əsaslandırılmış və əsaslandırılmamış vəsatətləri müəyyən edən kriteriyalar nədən ibarətdir? Kiminsə vəsatətinə əsaslandırılmamış vəsatət damğası vuran hakimin ədalətli və tərəfsiz olmasını kim sübut edə bilər? Problem budur ki, vəkili “əsaslandırılmamış vəsatətə” görə cərimə edəndə, ona hakimin qanunazidd davranışı barədə Məhkəmə-Hüquq Şurasına müraciət etmək hüququ verilmir, yalnız yuxarı instansiya məhkəmələri Məhkəmə-Hüquq Şurasına şikayət verə bilərlər. Çünki qanunvericilikdə sadə vətəndaşların, o cümlədən vəkillərin hakimin qanunazidd əməllərindən Məhkəmə-Hüquq Şurasına şikayət vermək hüququ yoxdur. Deməli, qanunun aliliyi burada bloklanmış olur”.






Fikirlər