"Pandemiyada evdə oturub Azərbaycanı, Bakını "gəzdim", küçələrini əzbərdən bilirəm..."

Məşhur türkiyəli aktrisa Sumru Yavrucuk Moderator.az-a özəl müsahibə verib.
 
- Sumru xanım, öncə təşəkkür edirəm ki, bizimlə müsahibəyə razılıq verdiniz. Azərbaycandan sizə qucaq dolusu salamlar. Ölkəmiz haqda məlumatınız var?
- Əlbəttə, necə məlumatım olmaya bilər? Azərbaycan xarici ölkələrlə aviareysləri açıq elan edəndə ölkənizə ilk gələnlər sırasında mənim atam da var idi. Bunu hər zaman mənə böyük həyəcanla danışardı. Bir ölkənin şairi, musiqisi, teatrı, kinosu ilə tanış olduğunuz zaman zatən həmin ölkəni tanımış olursunuz. Bu baxımdan sənət çox önəmli bir işi yerinə yetirir. 1-ci sinifdə oxuyanda qafqaz rəqsləri ilə, musiqinizlə tanış oldum. Sizin məşhur müğənniniz Rəşid Behbudovu çox yaxşı tanıyırdım. Evimizdə köhnə bir kaset var idi, qopmasın deyə göz bəbəyim kimi qoruyurdum onu. Hansı ki, o kaset vasitəsilə “Arşın mal alan” operasını dinləyirdim. Dirijor Niyazi haqda da məlumatım var. Çox təəssüf ki, Azərbaycanda olmamışam, inşallah ki, ilk fürsətdə ölkənizə gələcəyəm.
 
- Sözün düzü, ölkəmiz haqda bu qədər məlumatlara sahib olmağınız məni çox sevindirdi.
 
- Əlbəttə! Həqiqətən də çox dərin incəsənətiniz var. Buna görə də muğamınızı, xalq mahnılarınızı dinləyirik. “Bu qala qaşlı qala”, “Ayrılıq” mahnılarınızı əzbərdən bilirəm. Bir də sizi şanlı zəfərinizə görə təbrik edirəm. Nəhayət ki, uzun illərdir arzuladığınız doğma torpaqlarınıza sahib oldunuz. Qardaş ölkə olaraq hər zaman yanınızdayıq.
- Sumru xanım, sizin illər öncə çəkildiyiniz “Yabancı damat” serialı Azərbaycanda çox sevilmişdi. Təbii ki, rejissor obrazı aktrisaya təhvil verir, amma aktrisa obraza özündən də nələrsə əlavə edir. Siz də obrazınıza nələrsə əlavə etmişdiniz?
 
- Əlbəttə ki! Aktyor ona verilən ssenarini ən gözəl şəkildə ifadə etməlidir. Mənim üçün də bu ilk baxışdan həyəcanlı bir iş idi, sıradan bir şey də etmək istəmirdim. Bilirsiniz ki, kəndli qadını canlandırırdım mən. Həmin Antep bölgəsinin ləhcəsini, dillərini dərindən öyrəndim. Kənd əhalisi ilə qaynayıb-qarışdım, o illərdə o qədər də məşhur deyildim. Ləhcələrini, danışıqlarını o qədər dərindən mənimsəmişdim ki, kənd əhalisi məndən soruşurdular ki, Antepin harasında qalırsınız? Deyirdim ki, mərkəzində (gülür). İki ay şivə, ləhcə məşqi keçdik. Çəkilişlər İstanbulda gerçəkləşdi, rejissor serialda improvizə etməyimizə qarşı deyildi. Serialı da tamaşaçılara bu qədər çox sevdirən də ləhcə və bizim əlavə improvizələrimiz idi. 
- Siz həm də teatrda çalışırsınız. İstərdim teatr həyatınızdan danışasız.
 
- 21 yaşım olanda aktyorluğa İstanbul Dövlət Teatrında başladım. Bu teatrda dünya və türk klassiklərinin əsərlərində baş rolları oynamışam. 35 il sonra isə təqaüdə çıxdım. Təqaüdə çıxandan sonra öz teatrımda bir neçə tamaşa ilə teatrsevərlərin qarşısına çıxdım. Çox təəssüf ki, hazırda pandemiyaya görə teatrlar qapalıdır. Görək nə qədər sürəcək?
 
- Nə vaxtsa teatrdan bu qədər uzaq düşmüşdünüz?
- Xeyr! Çünki teatrı çox sevirəm. Səhnədə olmaq mənim üçün çox önəmli və dəyərlidir. Uzun illər serialda çəkiləndən sonra səhnəyə çıxanda deyirəm ki, deyəsən ürək damarlarım açılır (gülür). Fərqli bir sevinc yaşayıram teatrla. Ümid edirəm ki, ən qısa zamanda teatrlar açılar. Onlayn tamaşalara birmənalı baxmıram. Teatr aktyorlarla tamaşaçıların nəfəs-nəfəsə, göz-gözə olduğu bir məkandır. Bizdə belə bir məsəl var, aktyor vergülü, tamaşaçı isə nöqtəni qoyar, aktyor nəfəs alır, tamaşaçı nəfəs verər. Səhnə elə buna görə də sehrlidir.
 
- Adi həyatda necə yaşayırsınız?
 
- Öncə onu deyim ki, hərəkətli bir həyatım var. Həftənin hər günü çəkilişlərdəyəm, çəkilişlər olmadığı gün idman edirəm. Bağçanı, gül əkməyi, təbiətlə üz-üzə qalmağı çox sevirəm. 14 yaşında bir oğlum var. İşlərim o qədər çox olur ki, günün harada başlayıb, harada bitdiyini heç bilmirəm. 
 
- Sizin “Anam” filmi Azərbaycanda çox sevildi. Həqiqətəndə çox gözəl bir iş ərsəyə gəlmişdi. Filmi izləyərkən çox təsirlənmişdim.
 
- Həqiqətən də bir ananın övladı ilə sınanması həyatındakı ən böyük imtahanlardan biridir. Ananın qızı üçün etdiyi fədakarlıqlar hər birimizi çox təsirləndirdi. O acıyı, hissi film boyu yaşamaq həqiqətən də mənim üçün çox çətin idi. Filmin çəkilişləri bitəndən sonra həmin rolun təsirindən çıxıb, başqa bir rol üçün özümü hazırladım.
 
- Sonuncu işiniz “Baraj” serialında Zerrin rolu oldu. Yəqin ki, artıq serial mövsüm finalına çıxıb.
- Əslində özüm ilk dəfə olaraq antiqəhrəmanı oynamağı arzu etdim və oynadım. Çünki nə vaxta qədər tamaşaçılar məni eyni ampluada görəcəkdilər? Aktyor hər zaman dəyişik rollar oynamalıdır. 2 il eyni rolu oynaya bilərsən, 3-cü il artıq tamaşaçıları təəccübləndirməlisən! Zerrin nisbətən mənfi obrazdır, amma müsbət xüsusiyyətləri də var. 
 
- Müsahibə üçün təşəkkür edirəm. İnşallah ki, görüşmək ümidi ilə.
 
- Mən də sizə təşəkkür edirəm! Əslində mən pandemiyada evdə oturub google xəritə üzərindən Azərbaycanı, Bakını gəzdim, küçələrini əzbərdən bilirəm. Mütləq, qismət olsa, görüşərik.






Fikirlər