Dilarə Əliyeva: “14 il bir evin içində yaşamışıq” - MÜSAHİBƏ

Dilarə Əliyeva: “14 il bir evin içində yaşamışıq” - MÜSAHİBƏ Bu mövsüm onu veriliş aparıcısı kimi yox, “QaynanaMız” serialında gəlin obrazında görəcəksiniz. Deyir, bu gəlin başqa gəlinlərə, bu serial da başqa serialla bənzəmir. Söhbət əməkdar artist Dilarə Əliyevadan gedir.

Teleqraf.com-un suallarını cavablandıran aktrisa yeni ekran işinin həyəcanı ilə yaşayır.


- Dilarə xanım, yeni serialla efirə qayıtmanız münasibətilə sizi təbrik edirəm. O vaxt demişdiniz ki, serialla teleməkanda partlayış edəcəksiniz. Sözünüzün üzərində dayanırsınız?
- Təbrikə görə çox sağ olun. O ki qaldı partlayışa... Bombanı partlatmağı Oqtay öz üzərinə götürüb.
- O qədər iddialı? -İddialıyıq. Bu serialda hamımızın sevimlisi, seriallarda çəkilməyən Afaq xanım Bəşirqızı da iştirak edəcək. ATV və “SOY” telekampaniyasının birgə istehsalı olan serialın adı “QaynanaMız”dır. Tamaşaçıları klassik qaynana-gəlin mövzusu üzərində çox fərqli bir ekran işi gözləyir.
Bilirsiniz ki, ədəbiyyatda, dramaturgiyada, teatrda, kinoda qaynana-gəlin problemləri çox işlənib, amma bizim serialdakı problem hələ yaşanmayıb. Burda bu mövzu tamamilə fərqli bir formada işlənib. “QaynanaMız” tamaşaçılar üçün sözün əsl mənasında gözlənilməz serial olacaq. Serialda çox maraqlı, qeyri-adi situasiya yaşanacaq ki, bu da çoxlarının diqqətini çəkəcək. - Adından da bəllidir ki, serial komediya janrındadır və yenə də sizi komik obrazda görəcəyik.
- Rejissorlar məni bu obrazda görürlər. Mənim dramatik obrazda oynamağım üçün o rolda məni görə bilən rejissor olmalıdır. Aktyor və aktrisa rejissordan asılıdır. Əlbəttə, bizim oynamaq istədiyimiz çox rollar ola bilər, amma rejissorlar bizi o rollarda görür-görmür, məsələ budur. Mən bir aktrisa kimi rejissor seçiminə önəm verirəm. Hər hansı rol üçün gərək rejissor məni seçsin ki, mən də onu yaratmaqda çətinliklə üzləşməyim.
- Məsələn, Ramiz Həsənoğlu kimi... Hər nə qədər tənqidlərlə qarşılaşsa da, sizə həm filmdə, həm də teatrda dramatik obraz həvalə etdi.
- Ramiz müəllimə çox təşəkkür edirəm. O, məni bu obrazlarda gördü və dəvət etdi. Həm Vaqif Səmədoğlunun “Generalın son əmri”, həm də “Cavid ömrü”ndə yaratdığım Müşkinaz obrazlarını sevə-sevə, məsuliyyətlə oynamışam. Müşkinaza çəkiləndə çox əziyyətlərə qatlaşdım. Cavid həyatını, yaradıcılığını o qədər araşdırmışdım ki, haqqında hər şeyi bilirdim. Filmdə mənim etdiyim hərəkət, atdığım hər addım, dediyim hər sözün inandırıcı olmasına çalışırdım. İstəyirdim ki, tamaşaçılar Müşkinaz obrazında Dilarəni yox, məhz Müşkinaz xanımı görsünlər. Eyni formada da “Generalın son əmri” tamaşası üzərində çalışdım.
- Yenidən teatra qayıdarsınızmı, yaxud Sizi ora nə döndürə bilər? - Mən teatra çox dəyər verirəm. Hətta deyim ki, teatrı kinodan da, teleziyadan da çox sevirəm. Amma təəssüflər olsun ki, teatrda işləməyim alınmadı və özümü televiziyaya həsr etdim. Çünki artıq teatrda məni qane edəcək nə maraqlı rejissor, nə də tamaşa var. Mən və məni kimi teatrdan uzaqlaşan həmkarlarım teatra qazanc məqsədilə getmirdik. Əgər pula görə getmirsənsə, deməli, ora sənət üçün gedirsən. Sənət də elə yüksək səviyyədə olmalıdır ki, oradan gələcək qonorarı bizə unutdursun. Repertuar səni qane etmirsə, pyes, rejissor ürəyincə deyilsə, buna niyə görə dözmək və orada işləmək lazımdır? Niyə mən teatra gedib-gəlim, lazımsız əsərdə çıxış edib tamaşaçını özümdən uzaqlaşdırım? Teatrda məni saxlayan qüvvə olmalıdır: ssenari, rejissor. İndiki halda isə teatrdan maraqlı təkliflər gələndə dəyərləndirirəm.
- Qayıdaq seriala... Afaq xanımla ilk dəfədir tərəf müqabili olacaqsınız?
- Bəli, ilk dəfə. Onunla tərəf müqabili olmaq çox gözəl duyğudur və serialda mənim qaynanam olacaq. Onu da deyim ki, Afaq xanımdan başqa bu serialda hamımızın sevimlisi Müşfiq Şahverdiyev, şirin-dadlı aktrisamız Xuraman Əlizadə, istedadlı aktyorlar Şövqi Hüseynov, Yasin Qarayev də rol alır. Maraqlısı odur ki, qardaşım Vüsal Murtuzəliyev serialda mənim qardaşım obrazını canlandıracaq. Bir sözlə, peşəkar aktyorlarımızı bu seriala cəlb etmişik.
- Heç bir serialda qarşımıza çıxmayan Afaq xanımı bu layihəyə inandırmaq çətin olmadı ki?

- Afaq xanım “SOY” telekampaniyasına çox inandı. Oqtay Əliyev “SOY” telekampaniyasının və bu işin baş prodüseridir. Bizim Afaq xanıma rəğbətimiz və onun bizim indiyə qədər gördüyümüz işlərə inamı, hörməti, qarşılıqlı sevgimiz sayəsində onu razı saldıq. Afaq xanım inandı ki, bu iş onun adına layiq formada əksini tapacaq.
- Efir günü bəlli olub? - Tamaşaçılar “QaynanaMız”a sentyabr ayının 11-i saat 21: 30 ATV-də baxacaqlar. Biz isə çəkilişlərimizi davam etdiririk.
- Dilarə xanım, serialda gəlin obrazındasınız. Və belə başa düşdüm ki, qaynananızla yola getmirsiniz. Bəs həyatda qaynananızla münasibətləriniz necədir? - Qaynanam Elmira Süleymanova ilə münasibətlərimiz çox yaxşıdır. O, həddən artıq maraqlı insandır. Biz onunla 14 il bir evin içində yaşamışıq, amma problemimiz olmayıb. Onunla söhbət etmək, ondan öyrənmək çox maraqlıdır. Bir-birimizə qayğımız, məhəbbətimiz hər zaman qarşılıqlı olub.
- "Səs verməyin" verilişinizi davam etdirəcəksiniz? - Bu mövsüm verilişi dayandırdıq. Mən hələlik bu serialla məşğulam. Vaxtımın çox hissəsini buna həsr edirəm. “Üç bacı” serialına çəkiləndə də veriliş aparmadım. Çünki çatdıra bilməzdim. Serialdakı rolumla çox böyük yükün altına girmişdim. Amma onu deyim ki, bu mövsüm üçün yeni veriliş layihəmiz var idi, sadəcə, düşünürəm ki, onu həyata keçirməyəcəyik. Bir başqa veriliş layihəmiz olan “Axşam, axşam”ın üzərində işlər gedir və güman edirəm ki, sentyabr ayının axırlarına yaxın efirdə nümayiş olunacaq. O verilişin aparıcısı Kamilə Babayeva olacaq. O, tamaşaçılara möhtəşəm axşam şousu təqdim edəcək. Mənim fikrimcə, Kamilənin təqdimatında çox maraqlı bir veriliş ərsəyə gələcək. Çünki uzun müddətdir ki, o, efirdə veriliş aparmırdı.
- Bildiyim qədər, Kamilənin başqa bir layihəsi də var.
- Bəli, dostları ilə birgə olan layihəsi üzərində də iş gedir.
- Dilarə xanım, səhv etmirəmsə, balaca qızınızın aktrisalığa meyli var. Bu serialda onu görə biləcəyikmi?
- O, mənimlə birgə “Üç bacı” serialında çəkilmişdi. Yeni serialda hələ ki ona yer yoxdur.
- Özünüzü necə formada saxlayırsınız? -
Yeməyimə fikir verirəm, daha çox sağlam qidalanıram, eyni zamanda da, kosmetoloji prosedurlar edirəm. Səkkiz ildir gündə üç dəfə eyni rejimlə idmanla məşğulam. Hələlik yalnızca mezoterapiya edirəm. Mənə görə, botoksdan istifadə etdikcə üz cizgiləri dəyişir. Üz cizgiləri də aktrisa üçün çox önəmlidir. Mən üzümün dəyişməsini istəmirəm. Onsuz da hamımız yaşlanırıq. Bu, heç birimizin qaça bilmədiyimiz bir mərhələdir insan həyatında. Amma gözəl yaşlanmaq arzumdur. Buna da səylə çalışıram.






Fikirlər