“2 ildir nazirin qəbuluna düşə bilmirəm” - Rəhimə Nuri
“Ürəyimdə o qədər söz var ki, hamısını üzə çıxarmaq istəmirəm. Elə nüanslar var ki... Bəlkə də onları desəm pis olar, ona görə özümü sıxıram. Amma mədəniyyət sahəsində baş verənlər deyiləsi deyil… Bu sözləri Yenisabah.az-a mərhum sənətkar, Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O, açıqlamasında sənətçilərin ailələrinə qarşı edilən diqqətsizlikdən və Mədəniyyət Nazirliyindən gileylənib: “Mədəniyyət Nazirliyi ən geridə qalan nazirliklərdən biridir. İndi də orada baş verənləri görürsünüz. Gərək əvvəldən bunu edəydilər. Mən 2 ildir ki, nazirin qəbuluna düşə bilmirəm. Bu nə deməkdir axı?! Bu insan mədəniyyətimizin naziridir, kimsə ona sözünü demək istəyir, amma nazirə çata bilmir. Gedirsən, aşağıdan zəng vururlar ki, nazir burada yoxdur. Artıq mənim üçün də fərqi yoxdur. Mədəniyyət Nazirliyindən hədsiz şikayətçiyəm. Yaşar sağlığında ən hörmətli aktyorlardan biri olub, yerdən göyə qədər hər şeyimiz olub. O, həyatını itirəndən sonra isə elə bil, qapılar bağlandı, vəssalam. Mənim də deməyə sözüm var axı, mütləq deyil ki, gedib ağlayasan ki, mənə nə isə lazımdır. Mən də Yaşarın yaradıcılığına aid nələrsə etmək istəyirəm. Ağlımda çox işlər var. Yaşar Nuri bizim xalqın dəyəridir. Şəxsi arxivimdə elə şeylər var ki, heç teatrda da onlar yoxdur, amma Mədəniyyət Nazirliyi bir dəfə də olsun bununla maraqlanmayıb. Mən də məcbur oluram onları öz sosial şəbəkə hesabımda hissə-hissə paylaşam, amma məni orada milyonlarla adam izləmir, böyük auditoriyaya çatmır. Vallah, belə olmaz”. Aktyorun xanımı maddi olaraq nazirlikdən heç nə istəmədiyini xüsusi vurğulayıb. O, Mədəniyyət Nazirliyində teatr sahəsinə cavabdeh olan şöbələri sərt tənqid edib: “Söhbət maddi yardımdan yox, məhz diqqətsizlikdən gedir. Arabir Firəngiz Mütəllimova, Məleykə Əsədova, Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova ilə yazışırıq, Yaşarla bağlı materialları onlara da yollayıram. Onlar hal-əhvalımla maraqlanırlar. Musiqili Komediya Teatrından Əliqismət müəllim zəng vurur. Nə vaxt Kukla Teatrına desəm ki, nəvəmi gətirmək istəyirəm, bir kəlmə ilə məni qarşılayırlar, sağ olsunlar. Amma Mədəniyyət Nazirliyi nəinki bir dəfə qapımı döymək, heç telefonla da əlaqə saxlamayıb. Nə teatr günündə, nə Yaşar Nurinin ad günündə. Hətta vəfat etdiyi gün bir zəng belə etmədilər. Mənə çox maraqlıdır ki, nazirlik işçiləri orada nə ilə məşğuldurlar, ancaq nəyəsə qol çəkməkləmi? Mədəniyyət Nazirliyinin kino ilə, teatrla maraqlanan ayrıca şöbəsi var. Bu qədər səlahiyyətləri olduğu halda niyə heç nə etmirlər? Bəs onların işləri nədir?” R.Nuriyeva digər dünyasını dəyişmiş aktyorların ailəsində də vəziyyətin eyni cür olduğunu qeyd edib: “Aktyor ailələrinə diqqət lazımdır. Bu gün onlar üçün ən böyük mənəvi dayaq məhz budur. Qapımızı döyüb bir gül dəstəsi, bir xoş söz demək lazımdır, biz bunu istəyirik. Mən Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə də danışmışam. Çox şeylər var. Yaşarın sənət dostu mərhum Arif Quliyevin ailəsində də vəziyyət digərləri kimidir. Həyat yoldaşı xəsdtədir, böyük oğlu o boyda ailəni idarə edir, yəqin ki, o da digər sənətçi ailələrinin günündədir. Bu diqqətdən onun da ailəsi kənarda qalıb. Bu çox bəlalı mövzudur”.