“Geyimimə qədər tənqid edildim, deyilmədi ki, bu qız Zeynəb Xanlarovadan sonra...”

“Geyimimə qədər tənqid edildim, deyilmədi ki, bu qız Zeynəb Xanlarovadan sonra...”

Məşhur müğənni, görkəmli bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova Moderator.az-ın suallarını cavablandırıb.
-Xədicə xanım, uzun illərdir Azərbaycana gəlmirsiniz. Buna səbəb nədir?
-Bilirsiniz ki, bir neçə il bütün dünya pandemiya ilə mübarizə apardı. Buna görə mən evdən belə çölə çıxmırdım. Sonuncu dəfə 2017-ci ildə Bakıda olmuşam. O vaxt cənab prezident İlham Əliyev Eminin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqda sərəncam imzalamışdı. Biz də o yubiley gecəsində iştirak etmişdik. İnşallah nə zaman qismət olsa onda da Bakıya gələcəyəm. Allah qoysa gəlib Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə də gedəcəyəm. Bu mənim ən böyük arzularımdan biridir. Ürəyim hər zaman Azərbaycanla döyünür.
 
-Türkiyəni çox sevirsiz. Olmaya ora sizə Emin Sabitoğlunu xatırladır?
 
-Emin müəllim 1994-cü ildən düz 8 il Türkiyədə yaşadı və çalışdı. Türkiyə dövlətinin dəvəti ilə ora getmişdik. Biz onunla birlikdə İstanbulda yaşayırdıq. İstanbulu çox sevirdi! İstanbulun hər yeri, hər köşəsi mənə Emini xatırladır! Emin deyirdi ki, bir insan gəlib mənim buradakı yaşayışımı, işlərimi çəkib işıqlandırmır. Öləndən sonra hamı danışacaq, hamı çəkəcək. O anda dəyərli jurnalistimiz Etibar Babayev gəlib, onun haqda film çəkdi. İnanın Allaha o qədər gözəl və sanballı film idi ki. Həmin film “Çiçək yağışı” adlanırdı. Etibar Babayevə təşəkkür edirəm ki, bu filmi gələcək nəsillərə bir ərmağan qoyub getdi.
 
-Emin Sabitoğlu ilə bağlı ən gözəl xatirələriniz hansıdır?
-Rəsul Rzanın sözlərinə yazılan “Mən niyə baxıram yollara niyə?” adlı bir mahnısı var idi. Bu mahnını teatrda vaxtilə Amaliya Pənahova oxumuşdu. Konservatoriya bizim Türkiyədəki evimizə yaxın idi. Emin müəllimin də çox ağır xasiyyəti var idi. Məsələn, çay gərək təzə dəmlənsin, o dəqiqə içsin. 15-20 dəqiqə o çay qalsaydı içməzdi. Mən də pəncərədən baxırdım, görürdüm ki, gəlir, o dəqiqə çayı dəmə qoyurdum. Bir dəfə mənə dedi ki, Xədicə, bu yollara çox baxacaqsan və mən gəlməyəcəm, o çayı kimin üçün dəmləyəcəksən? Dedim ki, yaxşı görək! Bu sözü mənə ölümündən 2 ay öncə demişdi. O mahnını mənim ifamda Emin eşitmədi. Emin müəllim məni o qədər çiçəklərə qərq edirdi ki. Səhər, günorta, axşam! Qapı döyülürdü, gedib görürdüm ki, kimsə gül gətirib. Özü də evdə olurdu. Uşağa da deyirdi ki, sən gülün arxasında gizlən, Xədicə qapını açanda çiçək görsün. Bu cür sürprizlər edirdi mənə. İş otağı bütünlüklə Azərbaycanla bağlı idi. Yazıçı Anarın ona bağışladığı Bakı vaxtı ilə işləyən saat var idi. O məndən soruşardı ki, Bakıda saat neçədir? Həmin saat o öləndə necə dayanıbsa indiyə qədər də o cür qalıb. Sözünün əvvəli də Azərbaycan idi, sonu da. Qonağ gələndə deyirdi ki, yalnız Azərbaycan yeməkləri hazırla. Hətta mis plov qazanı, kəfkiri və aşsüzəni Türkiyəyə gələndə özümüzlə birlikdə gətirmişdik. Onlar çamadana yerləşmirdi, hava limanında əlimdə gətirmişəm (gülür). Bizim İstanbuldakı evimizdə Rasim Ocaqov, Fidan Qasımova, Anar və s. şəxsiyyətlər qonaq olub. 
 
-Məndə olan məlumata görə Türkiyədə Zeynəb Xanlarovadan sonra kaset çıxaran 2-ci sənətkarımızsız. Bu həqiqətdir?
-Biz Emin müəllimlə 1989-cu ildə Türkiyədə kaset çıxarmaq üçün təklif aldıq. Zeynəb xanımın kaseti çıxandan 2 ay sonra may ayında bizim kasetimiz işıq üzü gördü. Orada türk şirkətinin xahişi ilə mahnılarımızın aranjmanı dəyişdi, sözlər başa düşülmədiyinə görə bir az türk dilinə çevrildi. O vaxt buna görə çox böyük tənqidlərə məruz qaldım. Heç kim demədi ki, bu cavan qız Zeynəb xanımdan sonra 2-ci dəfə Türkiyədə kaset çıxaran sənətkardır. Bir nəfər təqdir etmədi, yazmadı. Geyimimə qədər yazıb tənqid etdilər, amma bu faktı yazmadılar (gülür). Mən heç vaxt özümü reklamla məşğul olmamışam.
 
-Bir müğənni kimi püxtələşməyinizdə Emin Sabitoğlunun nə qədər böyük rolu olub?
 
-Mən Rəşid Behbudov məktəbi keçmişəm. Onun Mahnı teatrında çalışırdım, həmin teatrda çalışan sənətçilərin aktrisalıq qabiliyyəti də mütləq olmalı idi. Bu bacarıq mənim içimdə var idi. Emin Sabitoğlu ilə tanış olandan sonra yalnız onun mahnılarını oxudum. Bir müğənni kimi püxtələşməyimdə böyük rolu var. Hətta Emin müəllim məni o vaxt Musiqili Komediya Teatrında hazırlanan “Nəğməli könül” tamaşasında çıxış etməyim üçün rejissora təqdim etmişdi. Həmin tamaşanın bəstəkarı özü idi. Mən o səhnədə Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi böyük sənətkarlarla çalışmışam. 22 ildir ki, qəlbimin nəğməli könülü susub. Məxsusi mənim üçün çox da mahnı yazmırdı. Deyirdi ki, sən mənim yanımdasan, onsuz da hansı mahnını bəyənsən götürüb oxuyacaqsan. Özəl olaraq mənim üçün bəstələdiyi “Mən sizə gələcəyəm” mahnısı idi. Təxminən ölümündən 15 gün öncə ad günümdə də mənə bir sürpriz etdi. Dedi ki, sənə yeni mahnı yazmışam. Mahnı belə idi- “Əlvida bu son gecə, salamat qal Xədicə”. Dedim ki, bu nədir? Gecə vaxtı ürəyimə səksəkə gətirdin. Ölümünü demək ki, hiss edirmiş. 22 ildir Emin bəyə sarı getmək həsrəti ilə yaşayıram. Onu heç unutmadım!
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər