“Canlı yayıma bağlanıb dedim ki, Flora, səhv salırsan, bu mahnını İlhamə oxuyub, mən yox”

“Canlı yayıma bağlanıb dedim ki, Flora, səhv salırsan, bu mahnını İlhamə oxuyub, mən yox”

“Yutub sosial şəbəkəsinə bir video yükləyiblər və yazıblar ki, “Çiçək yağışı”, ifa edir Xədicə Abbasova. Bilirsiniz ki, bu mahnının bəstəkarı Emin Sabitoğludur. İnsanlar elə bilir ki, həmin mahnını mən də ifa edib, repertuarıma salmışam. Əsla, mən bu mahnını ifa etməmişəm. Bəlkə də elə-belə oxumuşam, evdə falan, amma zapisim yoxdur. Bu mahnını rəhmətlik İlhamə Quliyeva ifa edib. O vaxt jurnalist Etibar Babayev Eminlə mənim həyatım haqqında bir film çəkmişdi və adını “Çiçək yağışı” qoymuşdu. Bəlkə də insanların yaddaşında bu qalıb”.
 
Bunu Moderator.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova deyib. O daha sonra əlavə edib.
“Hətta o vaxt Flora Kərimova da efirdən bildirdi ki, bu mahnını mən oxumuşam. Canlı yayıma bağlanıb dedim ki, Flora səhv salırsan, bu mahnını İlhamə oxuyub. Hələ o vaxt rəhmətlik İlhamə sağ idi. Yadımdadır ki, Emin bu mahnını film üçün bəstələmişdi, Rasim Ocaqovla birgə çalışırdılar. İlhamə xanımla o qədər gözəl işbirliyi qurmuşdular ki, bu mahnı onun da repertuarında xüsusi yer tutur. İlhamə də burada fərqli oxuyub. Mənim tərzimə, səs tembrimə oxşadığı üçün yalnış olaraq bilirlər ki, mənəm. 1972-ci ildə mahnı yaranıb, mən o vaxt 8-ci sinifdə oxuyurdum, hələ Eminlə qarşılaşmamışdım. İlhamə Quliyeva bu mahnıya elə möhür vurub ki, məncə ondan sonra bu mahnını heç kim cürət edib oxumaz, oxumasın da. Çünki o möhtəşəm oxuyub! Bunu belə etməklə İlhamənin ruhuna da hörmətsizlik etmiş olurlar. Xahiş edirəm bu mahnını kim mənim adımdan yutuba yerləşdiribsə bu məlumata düzəliş edib, yeniləsin. Mahnını ilk ifaçısı sevdirir, yaşadır. “Payız gəldi” mahnısını məndən sonra hamı oxudu, yaddaşlarda qaldı ki, bunu Xədicə Abbasova oxuyub, mən daha sonra çəkildim kənara. Üstündən illər keçməsinə baxmayaraq insanlar yenə də bu mahnını mənim adımla bağlayırlar. Və yaxud da “Alagözlüm” mahnısını Akif İslamzadədən sonra cürət edib mən də oxudum! Nə olsun? Xeyr, olmaz! Hər müğənninin öz şah əsəri var, “Çiçək yağışı” da İlhamənin şah əsərlərindəndir” deyə Xədicə Abbasova bildirib.
 
Qeyd edək ki, Xədicə Abbasova uzun illərdir Türkiyədə yaşayır və sənətdən tamamilə uzaqlaşıb.






Fikirlər