Ocaq Necatla videosu yayılan meyxanaçı: “Xəyanət edən şərəfsizdir”
İranın Ali rəhbəri Ayətullah Xameneinin Azərbaycandakı sabiq nümayəndəsi Ocaq Necat ilə azərbaycanlı meyxanaçıların görüşdüyü video görüntülər yenidən sosial mediada gündəmə gəlib. Yenisabah.az News24-a istinadla xəbər verir ki, el şənliyində 2021-ci ildə lentə alınan görüntülərdə meyxanaçılar Baləli, Tərlan Novxanı və Mehman Əhmədli Ocaq Necatla salamlaşır. Sözügedən anlar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və onlar “İrana işləməkdə” ittiham olunub. Mövzu ilə bağlı meyxanaçı Mehman Əhmədli bildirib ki, dövlətimizin düşməni olan hər dövlətə nifrət edir: “Video köhnədir. Ocaq Necat ağsaqqal, din adamıdır. Biz də qarşılaşmışıq və salamlaşmışıq. Mən xalqımı, dövlətimi sevirəm. Dövlətim, vətənim üçün çalışıram. Dövlətimə qarşı olan hər ölkədən zəhləm gedir. Fərqi yoxdur bu İrandır, yoxsa hansısa ölkədir. Dövlətinə xəyanət edən insanlar şərəfsizdir. İnsan öz dövlətini, millətini sevər, öz ölkəsinə xidmət edər. Sadəcə bir məclisdəki ağsaqqala salam vermək kiməsə işləməkdirsə, belə düşünmək ağılsızlıqdır. Mən hər zaman ölkəmi sevəcəm, dövlətim üçün çalıçacam”.