“Bizə gah narkoman deyirlər, gah da casus” – Meyxanaçılardan deputata cavab
Azərbaycanda İrana casusluq edənlər arasında meyxanaçıların da olduğu güman edilir. İddialara görə, molla rejiminin ələ aldığı meyxanaçılardan bəziləri öz ifalarında İranın dini ideyalarını və şüarlarını təbliğ etməklə məşğuldur. Milli Məclisin fevralın 1-də keçirilən iclasında bu məsələni gündəmə gətirən deputat Fazil Mustafa meyxanaçılarla bağlı araşdırma aparılmasını tələb edib. "Ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər”, - deputat çıxışında vurğulayıb. Bəs meyxanaçıların İranla bağlı ittihamlara münasibəti necədir? Modern.az bununla bağlı tanınmış meyxana ifaçılarının fikirlərini öyrənib.
Mehman Əhmədli bildirib ki, meyxananı siyasət və dinə qatanlara onun da münasibəti birmənalı deyil: "Meyxananın ağsaqalları, biliciləri olduğu kimi, təsadüfi bu sənətə düşmüş adamlar da var. Onların nə istedadı, nə də danışığı var. Kim nə istəyir, onu da danışır. Bu sənəti bəzi adamlar İranla əlaqələndirir, dinlə, kriminalla, siyasətlə əlaqələndirir, bunların heç birinin meyxana sənətilə əlaqəsi yoxdur. Bu şeir sənətidir, bunun içində sənətə düzgün xidmət edənlər var, eyni zamanda ona layiq olmayanlar var ki, biz özümüz də belə hallara yaxşı münasibət bəsləmirik. Həmçinin yerli-yersiz dini sözlər işlədirlər, məzhəb ayrılıqları yaradanlar olur. Bu da cəmiyyətdə aqressiya yaradır. İrana casusluq edən meyxanaçıların olub-olmamasına gəlincə, Mehman Əhmədli belə cavab verib
Meyxana ustadı Namiq Məna isə deputat Fazil Mustafanın fikrinə hörmətlə yanaşdığını bildirib. "Təbii ki, deputatlarımızın fikrinə hörmətlə yanaşıram. Yəqin, hansısa fakt var ki, buna əsasən belə fikirlər səsləndiriblər. Mən özüm sırf İrana casusluq edən, necə deyərlər, İrana işləyən meyxanaçılara rast gəlməmişəm, əksinə Azərbaycan haqqında, vətən və vətənpərvərlik mövzusunda çıxış edən, meyxanalar deyənlərimiz var.
Mən əvvəl gündən demişəm ki, Azərbaycanı özümdən də çox sevirəm, kim Vətənə qarşı aqressiya göstərirsə, ayrıseçkilik edirsə, mənim elə adamlardan zəhləm gedir. İrandakı azərbaycanlıların hamısı bizim canımız, ciyərimizdir. Amma İran dövləti bizə qarşı yaxşı olmayacaqsa, bizim də onlara münasibətimiz yaxşı olmayacaq. Onlar barəsində meyxanaların deyilməsinə pis baxıram".
"İrana casusluq edən meyxanaçı yoxdur. Tam əminliklə deyirəm ki, belə meyxanaçı yoxdur. Sadəcə olaraq dini meyxanalar çox deyilir. Kimsə fikirləşir ki, yəqin, bunlar da İranın adamlarıdır, onlara işləyirlər, amma qətiyyən elə söhbət yoxdur. Meyxana deyən nədir, casusluq nədir? Onu deyən deputata bildirmək lazımdır ki, dünyada hər kəs öz milli sənətini yüksək dəyərləndirir, amma bizdə meyxanaya dəyər vermək yerinə, belə şeylər demək lazım deyil. Meyxanaya dəstək vermək lazımdır. Gah narkoman deyirlər, gah casus. Meyxana deyənin biri mən. Gedək, istənilən yerdə yoxlatdıraq, görək, kim sağlamdır".
Mən 15 il əvvəl də demişəm, bəzi şeylər var ki onların təbliğatı meyxanalarda aparılmamalıdır. Ona görə də dövlət qurumları bu kimi halları nəzarətə götürsə, məsuliyyətə cəlb olunnma halları olsa, düşünürəm ki, bu kimi hallar öz həllini tapar. Neqativ halların aradan qalxması üçün hətta səsyazma studiyaları da nəzarətə götürülməlidir. Meyxana qədim janrdır və biz sənətdə neqativ hallara yol verməməliyik", - Namiq Məna əlavə edib.