"Ev mənimdir, istəsəm sataram..." - Rəmişin xanımı
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülünün musiqiçidən qalan evi satması ilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı Gülü Axşam.az-a açıqlama verib. O bildirib ki, yayılan xəbərlər onu narahat edib: "Məndən nə istəyirlər? Gecə səhərə kimi yatmamışam. Niyə yazırlar ki, Gülü ev satır? Ev mənimdir, istəyərəm sataram, istəmərəm saxlayaram. Mənimlə birlikdə ev almısınız? Rəmiş evi mənə hədiyyə edib, heç kimin də bu mənzildə nəyəsə ixtiyarı yoxdur. Bu evi Prezident Rəmişə bağışlayıb, o da mənə. Rəmiş 6 il dəniz kənarında maşında yatanda, evsiz qalanda kimsə demədi ona ev verək. Mən bunun üçün əlləşdim. İndi Rəmişin evinin satılması ilə niyə maraqlanırlar? Heç bir ev də satmıram, niyə satım? Yaxşı ki, yazmırlar "Gülü ikinci dəfə ərə getdi". Yaşlı adamam, süpürgəçi işləyib, başımı dolandırıram. Mənim heç kimim yoxdur: nə qohumum, nə övladım var. Günümü sayıram ki, Rəmişin yanına tez gedim. Mənə zəng etməsinlər, unutsunlar məni. Müğənni deyiləm ki, adımı nədəsə hallandırsınlar. Rəmiş öldü, bitdi getdi. Gülüdən yazmaq lazım deyil". Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.