İlhamə Quliyevanın BALONLARDA və banklardakı varidatı - ŞOK ARAŞDIRMA
“Hələ indən belə 40 il də yaşayacam…” Düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Xalq artisti, şou-biznesdə primadonna titulu ilə müğənnilərin qəniminə çevrilən İlhamə Quliyeva bu sözlərdən sonra heç dörd ay da yaşamadı. Şou-biznesin səs-küylü primadonnası ölümündən sonra da qalmaqalların mərkəzindədir. .. Sağlığında ona yaxın olan hər kəs – aparıcıdan tutmuş, qohum-qardaşa qədər hamı miras qalmaqalına qatılmaqdan özünü saxlaya bilmədi. Sağlığında qorxusundan bu mövzuda danışa bilməyənlər indi İlhamə Quliyevanın bank hesablarındakı pulunu da hesablamağa başladılar. Pul şirin şeydir axı… Bəs yaxşı, əslində vəziyyət necədir? Doğrudanmı mərhum sənətkar bu qədər var-dövlət sahibiymiş? Onun varidatı nə qədərdir? Publika.az bu məsələ bağlı araşdırma aparıb. Bir onda olub, bir Ərəb şeyxində… Əvvəlcə avtomobillərdən başladıq. Öyrəndik ki, İ.Quliyevanın iki avtomobili olub. “İnfiniti” avtomobilinin qiyməti 100 min manat civarındadır. “BMW-limuzin” markalı digər avtomobilin qiyməti də 100 min manatdır. Deyilənə görə, xalq artisti avtomobili alanda həmin vaxt bu “Limuzin”dən cəmi üç nəfərdə olub: Ərəb şeyxində, rusiyalı oliqarxda, bir də İlhamədə! Avtomobilin rəngi günün müxtəlif saatlarında dəyişirmiş. Bunlardan öncə xalq artisti uzun illər 120 min manatlıq “Hammer”i idarə edib. Onun bütün avtomobillərinin nömrə nişanı “100”-lə qurtarıb. Avtomobillər isə ağ rəngdə olub. Yeri gəlmişkən, primadonna bəyaz rəngi çox sevirmiş. Ağ avtomobil, ağ qızıl, ağ qızılgüllər… Bəlkə də bunun mistik anlamı varmış. Amma özü bunu, sadəcə, zövqlə əlaqələndirirmiş. Bir bağ, iki bina evi… Xalq artistinin bir bağı, iki bina evi olub. Zeynəb Xanlarova, Xuraman Qasımova, millət vəkili Siyavuş Novruzov, Bakı İqtisad Universitetinin rektoru və digər tanınmışlarla qonşu olan İ.Quliyeva vaxtının çoxunu Bilgəhdəki bağ evində keçirirmiş. Həyət evində yaşamaqdan xüsusi zövq aldığını isə dəfələrlə deyirmiş. Primadonnanın evlərindən biri İzmir parkı ilə üzbəüz binada, digəri isə “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşib. Elə gözlərini də əbədiyyətə məhz bu mənzildə qapayıb. Bahalı brilyantları primadonnaya hansı oliqarx bağışlayıbmış? Primadonnanın dillərə dastan olan, göz qamaşdıran ləl-cəvahiratı olub. Xalq artisti ağ qızılları və brilyantları çox sevirmiş. Qiyməti on min manatlarla ölçülən daş-qaş dəstlərinin bəzilərini özü alsa da, çoxunu ona hədiyyə ediblərmiş. Mərhum müğənninin qızılları və bəzi brilyantları şüşə balonlarda saxladığı da iddia olunur. Onun bahalı zinət əşyaları sırasında 10, 20 və 25 minlik dəstlər olub. Bu dəstləri ona Azərbaycan və Rusiyada yaşayan oliqarx dostlarının hədiyyə etdiyi deyilir. Elə yerli şou-biznes nümayəndələrindən də az hədiyyə almırmış. Onun daş-qaş aşiqi olduğunu bilən şou-biznes nümayəndələri primadonnanın könlünü brilyant üzük, sırğa, qızıl zəncirlərlə alıb, xətrini xoş edirlərmiş. Bu müğənnilər sırasında Manaf Ağayev, Nadir Qafarzadə, Cavanşir Məmmədov, Səməd Səmədov, Nuri Sərinləndirici, Abbas Bağırov və digərləri var. Şou-biznes nümayəndələri dəfələrlə bildiriblər ki, hədiyyələrin gəlməsi üçün İlhamə Quliyevanın bir dəfə barmaq silkələməsi yetirmiş. Adı qara siyahıya düşən müğənnilər dərhal əllərini ciblərinə salıb, üz tuturlarmış paytaxtın ən məşhur zərgərlərinin yanına. İlhamə bu hədiyyələrin müqabilində müğənnilərə yaşıl işıq yandırıb. Bəzilərinə titul verib, bəzilərini isə bir neçə kəlmə ilə şərəfləndirib. Onun səxavət kisəsi hədiyyənin məbləğindən asılı olaraq kiminin üzünə tam açılıb, kiminin də üzünə yarımçıq. Əslində, xalq artisti bunu gizlətməyib də. Dəfələrlə efirdə söyləyib ki, onun kimisə reklam etməsi üçün bank hesabına pul köçürülməlidir. İ.Quliyevanın bir kəlmə xoş sözü hər yerdə keçərli, acı sözü isə qılıncdan da kəsərli olub. Primadonnanın bankda nə qədər pulu varmış? Gəlib çatdıq getdikcə daha az adamın “əl çirki”, böyük əksəriyyətin isə “həyat cövhəri” hesab etdiyi pullara. Primadonnanın ailə dostlarından birinin qulağımıza pıçıldadığına görə, onun banklarda 280 min manat pulu olub. Özünə qismət olmayan bu pulun, eləcə də, avtomobillərin, bağın, evlərin, bir sözlə, mirasın kimə qismət olacağını isə bir Allah bilir. Hər halda, insan övladı yığdığını da elə bu dünyadaca qoyub gedir. Ən böyük sərvəti isə özülə aparır. O sərvətin adı YAXŞILIQDIR.