Məleykə Əsədovanın üç il əvvəlki heç yerdə yayımlanmayan müsahibəsi üzə çıxdı — FOTOLAR
Xalq artisti Məleykə Əsədova ilə aktrisası olduğu Akademik Milli dram Teatrında görüşmüşdük. Elə belə bir yağışlı gündə... - Məleykə xanım necə aktrisadır? - Teatrda oynadığım obrazların üstünlüyünü klassik obrazlar təşkil edir. Bütün dünyada 3 klassik obraz oynamış aktrisa yüksək səviyyəli hesab olunur. Mənim obrazlarımın isə 90 faizi klassik obrazlardır. - İndiyə kimi nə qədər obraz oynamısınız? - Obrazlarımı saymamışam. Mənim üçün əsas keyfiyyətdir. “Kral Lir”də Kardeliya, “Fərhad və Şirin”də Şirin, “Özümüzü kəsən qılınc”da Selcan, “Pompeyin qafqaza yürüşü”ndə İlkcan... Azərbaycanda ilk dəfə “Yusif və Züleyxa” ilə “Möhtəşəm Kleopatra”nın birləşməsindən “Misir gecələri” tamaşası hazırlanıb. Bu tamaşada ilk hissədə Züleyxanı, ikinci hissədə Kleopatranı oynamışam. Mərahim Fərzəlibəyov hazırlamışdı. 1924-cü ildə Moskvada belə bir tamaşa olub. Amma Azərbaycanda yenilik idi. O vaxt Kleopatranı hazırlamaq istəyirdilər. Mərahim Fərzəlibəyov mənə dedi ki, belə bir tamaşa hazırlayım. Yusif rolunu Fizuli Hüseynov oynayırdı. Evdə fikirləşdim ki, bu tamaşaçıya çatarmı? Bir aktrisa kimi həmişə çətinliyə qaçıram. Düşündüm ki, mən Züleyxa ilə səhnəyə girib, Kleopatra ilə səhnədən çıxa bilərəm. İstəyirəm sübut edəm ki, hər şeyi oynaya bilərəm. - Səhnədə nədən həzz alırsınız? - Bir insan öz taleyini güclə yaşayır. Aktyor, aktrisa onlarla insanın taleyini, ağrı-acısını yaşamalıdır. Biz doğrudan da fədakarıq. Tamaşalarımın uğurunun səbəbi ondadır ki, heç vaxt zalı görmürəm. Heç gül verilən anda da özümdə olmuram. Stanislavskinin 5 prinsipindən biri də başqalaşmaq prinsipidir. O anda mən Kleopatra oluram. İndi mən Viktor Hüqonun Mariya Tüdorunu oynayıram. O da Avropanın Kleopatrasıdır. Bu əsər 1962-ci ildə Tofiq Kazımov "Qanlı kraliça" adı ilə səhnələşdirilib və baş rolu Hökumə Qurbanova oynayıb. İndi tamaşanın adı "Qadın məhəbbəti"dir. - Hansı rejissorla işləmək sizə rahatdır? - Hər bir obrazı oynayanda bir şey öyrənirəm. Həm rejissordan, həm də obrazdan. Mən bu gün də öyrənirəm, irəli getməyə çalışıram. Heç vaxt özümdən razı olmamışam. Hər bir rejissorun öz traktovkası, quruluşu var. Obrazlar kimi, rejissorların da öz yeri var. - Hansı fəsli xoşlayırsınız? - Yaz fəslini. - Səbəb? - Yazda canlanma var, canlılığı xoşlayıram. Payızı sevmirəm. - Amma romantik insan üçün payız daha gözəldir... - Təbiəti o qədər sevirəm ki... Mən romantik insanam. Payızda daha çox kədərlənirəm, duyğularım dilə gəlir. Daha çox düşünürəm. - Nə düşünürsünüz? - Onlar mənə aiddir. Yaz fəslində -23 apreldə dünyaya gəlmişəm. Yazda açan çiçəklərə, qönçələrə baxanda başqalaşıram. - Yəqin şeir də yazırsınız... - Mənsur şeirlər yazıram. Amma indi də yazdığım şeirləri məhv elədiyimə görə peşmanam. Bu 2003-cü ildə olub. Çox böyük bloknotlarım var idi. Məsələn, yağış yağırdı, hisslərimi, düşüncələrimi yazırdım. Amma siz düz deyirsiniz, mənim o mənsur şeirlərim payız fəslini əmələ gətirib. Yazda yaşamaq həvəsim daha çox olur. Yazda ürəyim sevinir, payızda əksinə. - Hans gülü sevirsiniz? - Nərgizi çox xoşlayıram, bir də ağ çiçəkləri. İndi unutdum onun adını... Hər gün evimdə olur. - Hansı çiçək sizin daxili aləminizi əks etdirir? - Nərgiz. Həm gözəl ətri, həm də incəliyi var. Ətirlərin də incə qoxulusunu sevirəm. Ətirləri qarışdırıb vururam bir neçəsini. Ətirlərimi özüm seçirəm və mənə hədiyyə olan ətirləri də hədiyyə edirəm. Gözəl və qalıcı ətirlər daha baha olur. Bəzən adını bilmədiyim ətir mənə o qədər xoş gəlir ki. Ətir mənim hobbimdir. Evdə ətirlərim çoxdur. - Nə sizi sevindirir? - Yaz fəsli. - Nə kədərləndirir? - İnsanlarda olan vəfasızlığa çox kədərlənirəm. İnsanın gözünün içinə baxa-baxa yalan danışanları görəndə kədərlənirəm. Haqqımda haqsız yazılardan çox pis oluram. - Sizə yalan deyiləndə reaksiyanız necə olur? - Çox qəzəblənirəm hətta. O insan gözümdən düşür. - Ruhunuzu nə oxşayır? - Yaz fəsli. Və bir də qızım məktəbdə yüksək qiymət alanda göylərdə uçuram. Bu dəqiqə bütün fikirlərimi qızımın üzərində cəmləmişəm. Artıq 8 yaşı tamamdır. Hər kəs dünyaya ağappaq gəlir. Anamdan, atamdan aldığım, gördüyüm sevgini, nəvazişi qızıma ötürmək istəyirəm və ötürürəm də. Qızıma bolluca sevgi verirəm, hər anı ilə maraqlanıram. Bilirəm ki, övlada mütləq sevgi vermək lazımdır. Özümə qarşı da diqqəti çox sevirəm. - Ananızı yuxuda görürsünüz? - Çox az hallarda. - Nəsə deyir? - Mən ruha inanan insanam. - Bir qadın həm ətrafdakı pisliklərdən qorunmalı, həm sənətini davam etdirməli... Bütün bunlar çətin deyil? - Çətindir. Həm də pisliklərdən qorunmaq çox çətindir. Kənardan nə qədər gözəl görünürəm, mənə bəxtəvərlik verirlər. Amma o qədər problemlərim var ki, heç vaxt tamaşaçılarla bölüşmək istəmirəm. Qoy o problemlər mənə qalsın. Bu həm tamaşaçıya olan sevgimdir, həm də istəmirəm dərdimi kimsə bilsin. Rəfiqəlik elədiyim tamaşaçılarım var. Bəziləri ilə hətta get-gəlimiz də var, əziz günlərdə təbrikləşirik. Onların arasında xanımlar da, bəylər də var. Hətta adımı qızlarına qoyan pərəstişkarlarım olub. Qastrola gedəndə görmüşdüm ki, pərəstişkarımın qızının birinin adı Məleykə, birinin adı Əfsanədir. Bu məni çox sevindirir. - "Əfsanə baryeri"ni keçə bildinizmi? Çünki hələ də yaddaşlarda qalan məhz bu obrazınızdır. - Aktyorun xoşbəxtliyidir ki, oynadığıı obrazla uzun müddət yadda qalır. O vaxt Jaləni oynamışdım. Dedilər ki, Jalə Əfsanəni oynayır. -“İtkin gəlin” ilk seriallarımızdan idi və çox sevildi, baxıldı, populyarlıq qazandırdı. İndi hər şərait var, amma tamaşaçılar öz seriallarımıza baxmırlar. - O işdə həm də peşəkarlıq var idi. Bu gün seriallara pullar ayrılır, şərait var. Lütfi müəllimin yeri görünür. O, mənim müəllimim olub. Məni televiziya tamaşaçılarına məhz o tanıtdırıb. Bu serial ev aparatları ilə çəkilmişdi, səsdə qüsurlar var idi. Amma heyət peşəkar aktyorlardan qurulmuşdu, əsər gözəl idi. Bu kollektiv sənətdir. Hansı nöqsan olsa, ümumi iş zəif alınır. Ona görə bu gün də “İtkin gəlin” satılır, baxmayaraq ki, orda səs deffektləri var. Kaş indiki aparatlar o vaxt olaydı. Bu günün tanınmış aktyor-aktrisalarının çoxu Lütfi müəllimin televiziya tamaşaları ilə tamaşaçıya tanınıblar. - Sizcə “İtkin gəlin” yenidən çəkilsə, o qədər sevilər? - Əsər gözəl idi. Gözəl çəksələr sevilər. Məsələn, adam var ki, “Çalıquşu”na baxır, amma Ayden Şenerin oynadığını daha çox bəyənir. “Möhtəşəm yüz yıl”a, "Aşkı Memnu”ya baxırdım. “İtkin gəlin” çəkiləndə türklərin serialları çox zəif və primitiv idi. Türk serialları Braziliya seriallarını da keçib. Bizim keçmiş filmlərimiz zirvədir, peşəkardır və Türkiyənin filmləri ilə müqayisəyə gəlmir. Bu gün isə türklərin çəkdikləri çox gözəldir. - Bəlkə özünüz bir kitab yazasınız. Məsələn, xatirələriniz, oynadıqlarınız... -Neçə dəfə haqqımda kitab yazmaq istəyiblər. Amma oynamaq istədiyim obrazlar var, hər şey qabaqdadır. Çox istərdim ki, mənim haqqımda yazılan kitab mənsur şeir kimi olsun və bütün yaşadıqlarım yazılsın. İstərdim bir teatrşünas yazsın. Nə vaxtsa qızımın mənim haqqımda kitab yazmağını istəyirəm. Öz həyatmı... - Yaşlanmaq qorxusu var? - Allah hər kəsə qocalıq qismət eləsin. Ən qorxduğum qaranlıqdır həyatda. Ürəyim sıxılır sanki. Bir də tək qalmaqdan çox qorxuram. Hər gün Allaha dualar edirəm, onunla danışıram. Dua edirəm ki, ya rəbbim, balamı mənə, məni balama çox görmə. Sevilməyi, diqqəti, qayğını çox xoşlayıram və insanlara da belə münasibət göstərirəm. Qızıma o qədər diqqət göstərirəm və xoşlayıram ki, o da mənə diqqət göstərsin. Anama qarşı da belə idim. O da bacılarımın içkində məni fərqləndirirdi. - Mənfi xarakteriniz? - Qısqanclıq və tez özümdən çıxmaq. Uşaq vaxtından istəyirdim ki, anam məni hamıdan çox istəsin. Dərslərimi yaxşı oxuyurdum ki, anam məni tərifləsin. İndi evdə də beləyəm. Bacılarıma qarşı da çox diqqətliyəm. Özümə qarşı azacıq diqqətsizlik görəndə ürəyimdə küsürəm. Küsürəm və tez də bağışlayıram. Biz dörd bacıyıq. Səbrsizəm. Amma son illlər Allah mənə səbrli olmağı da öyrətdi. İndi çox səbrli olmuşam. - İbadət edirsiniz? - Namaz qılmıram, amma çoxlu dualar oxuyuram. Çünki ibadət edəndə tam ona bağlı olmalısan. Bacım qızları namaz qılırlar. Zamanı gələndə mütləq namaz qılacam. Çox istəyirəm ki, qızım Quran oxusun. Dualarımda deyirəm ki, kimlər mənə yaxşılıq edirsə, hətta ürəyindən yaxşılıq etmək keçir və edə bilmirsə, ürəyində haqqımı düşünürsə, Allah onları qorusun. Son illər o qədər qəlbimi qıranlar, məni incidənlər olub ki, onları Allaha tapşırıram. Mənim məhkəməm Allahımdır. -Heç düşünürsünüzmü ki, mən kimə nə etmişəm, belə şeylərlə qarşılaşıram? - Düşünürəm. Allahımla danışıram və deyirəm onlarla özün bil. Evdə bir yerim var, orda Allahıma dua edirəm. Hər an dilimdə Allah adı var. Hətta gecə yuxudan duranda da dua edirəm. Təkbaşına şükür ki, Allah mənə güc verib bu qədər işi görürəm. Bu dəqiqə həm kişiyəm, həm qadınam. Evdə usta ilə danışıram, lampa qırıldı, bazarlığı özüm edirəm, həm səhnəyə çıxıram. Həm qızımın dərsləri il məşğulam. Bu dəqiqə ən böyük işim qızımın təlim-tərbiyəsi ilə məşğul olmaqdır. Çox çətindir. Amma Allaha şükür ki, o, mənə bu qədər güc verib. Rəbbim hər kəsə can sağlığı versin, balasını saxlasın, məni balama, balamı mənə çox görməsin. İnsanlar pisliklərindən əl çəkmirlərsə, mən də yaxşılıqlarımdan əl çəkməyəcəyəm. - Uşaqlıqda necə olmusunuz? - Qeyri-adi uşaq idim. Anam məktəbdə işləyirdi. Hətta anamgil yaşımı bir yaş "böyütdülər" ki, tez məktəbə gedim. Bacılarımla məktəbə gedirdim. Musiqi məktəbinə gedirdim, mahnılar oxuyurdum, şıltaq idim. Ailənin ən çox sevilən övladı olmuşam. - Nə vaxtsa öz teatrınızı yaratmaq istərdiniz? - Yox yaratmaram və istəmirəm. Heç arzulamıram da. Amma başqa bir şey arzulayıram, bunun nə olduğunu alınsa, deyəcəyəm. Nəsə etmişəmsə, deyirəm, edəcəklərimi demirəm. Bu dəqiqə ən böyük məsuliyyətim qızımı böyütməkdir. - Geridə qalan illərdən qazancınız nə oldu? - İllər mənə tamaşaçı sevgisi, alqışı verdi, amma insanlara inamımı itirdim. Çünki çox inandıqlarımdan zərbə aldım. - Günün hansı vaxtı sizə daha rahatdır və maraqlıdır? - Gecələr evimdə, öz otağımda televizoru açıram, amma beynim düşünür. Öz düşüncələrimlə oluram, özümü imtahan edirəm. Çox vaxt özümü qınayıram, elədiyim yalnışlara görə. - Hər birimizin günahı var. Çox çılğın xarakterliyəm, emosionalam. Amma son illərdə inandığımdan bəzi səhvlərim oldu. Adicə, efirdə baxdığım hansısa bədbəxt hadisəyə görə ağlayıram. - İşçilərinizin şəxsi porblemlərinə kömək edirsiniz? - Elədiyim işləri heç vaxt demirəm. Bu da mənim özümə qalsın. - Seriallara dəvət alırsınızmı? - Seriallara dəvət var. Mən öz sənətimin xəstəsiyəm, vurğunuyam. Teatr aktyoru olmaq çox çətindir. Teatr çox çətindir. Üç saat ərzində başqalaşıb səhnəyə daxil olmalısan və nəyə qadir olduğunu göstərməlisən. Bu mənada teatr canlı sənətdir. Amma serialda alınmırsa, dayandırıb bir də çəkirsən. Aktrisanın mütləq ürəyi, danışıq diapazonu, səs tembri gözəl olmalıdır. Bunlar mütləqdir. Aktrisanın ürəyi olmasa, obraz alına bilməz. Plastika mütləq vacibdir. - Müəyyən bir yaşdan sonra səhnədən getmək haqda düşünürsünüz? - Yox. Amma onu Allah bilər Yaşın fərqi yoxdur. Bəlkə elə bir ildən sonra səhnədən uzaqlaşacam. Aktyor səhnədə ölənə qədər qalmalıdır. Bu, vəzifə deyil, yaşantı hissləridir. Aktyorun plastikası varsa, ürəyi döyünürsə, dünyasını dəyişənə qədər səhnədə olmalıdır. - Deyirlər əvəzolunmaz insan yoxdur. Bəs sizə görə əvəzolunmaz aktrisalarımız kimlərdir? - Barat Şəkinskayanı o qədər çox istəmişəm ki. Çox böyük qadın idi. O vaxt “Aydın” tamaşasında Gültəkini oynamışam. On ildən sonra "Azdrama"nın səhnəsində iki dəfə Gültəkin oynamışam. Barat xanım mən ilk dəfə Gültəkini oynayanda demişdi ki, səhnəyə təbii aktrisa gəlir. O deyirdi ki, Cabbarlının əsl Gültəkini Məleykə Əsədovadır. Bu söhbət 1989-cu ildə olub. Barat Şəkinskayanın oynadığı Şirin rolunu oynayanda demişdi ki, mən ona çox inanıram. Gedib özü ilə görüşdüm. Çox böyük daxili aləmi var idi. Mənə o qədər məsləhətlər verirdi... Deyirdi ki, hətta yaz mənim səsimi. Təssüf ki, mən onun səsini yazmadım, çox peşmanam. Bu gün oynadığım Maria Tüdor, Kleopatra rollarını Hökumə Qurbanova oynayıb. Bu çox böyük məsuliyyətdir. Sevinirəm ki, hər zaman obrazlarım haqında yüksək fikirlər söylənilib. Təxminən üç ilin söhbətidir. Müsahibəni aldım, elə alındı ki, sonradan heç yerdə dərc edilmədi. Amma söhbətimiz başdan-ayağa olduğu kimi yadımdadır. Çünki yetərincə içdən və maraqlı alınmışdı. Hətta müsahibə aldığım tarix də yadımdadır - 25 oktyabr, 2013-cü il.
- Hər kəs elədiyi günahları özü bilir. Sizin hansı günahlarınız var?