RAFAEL Dadaşovdan illər sonra ETİRAF: “O QADIN BU GÜN DƏ MƏNİMLƏDİR” - MÜSAHİBƏ/VİDEO
Sevilən aktyor, xalq artisti Rafael Dadaşov bu gün 70 yaşın kürəyini yerə vurur. Onu təbrik etməzdən əvvəl, 80-ci illərdə çəkilən və ekranlara çıxması ilə bütün Azərbaycanda məşhurluq qazanan “Səni axtarıram” televiziya tamaşasındakı iddialı və çox yaraşıqlı professor Vasif müəllim obrazını xatırladım: “Filosof olmusan, balam…” İstər xarizmatik görünüşü, istər peşəkar oyun tərzi ilə sevilən və seçilən aktyorun təkcə bu obrazı deyil, istənilən rolu bu gün də yaddaşlarda təzədir. Bizi hələ nə qədər rollarla sevindirəcək… Yubiley sevincini bizimlə paylaşan xalq artistinin Publika.az-a müsahibəsini təqdim edirik. - Rafael müəllim, təbrik edirik, 70 yaşınız mübarək olsun… - Çox sağ olun, amma heç özümün xəbərim yoxdur. 50 və 60 yaşım dövlət səviyyəsində qeyd olunub, amma 70 illik yubileydən hələ səs-soraq yoxdur. - İnşallah, 70 yaşınız da təmtəraqla qeyd olunar. Ancaq inanın ki, bu 70 yaşı sizə heç yaraşdıra bilmirik. Yəqin, bizimlə eyni fikirdəsiniz, deyilmi? - Elə həyatda ən böyük uduşum budur. 70 yaş Allahın mənə bəxşişidir. Ümumiyyətlə, ömrün hər artan yaşını Allahın hədiyyəsi kimi qəbul etmişəm. Tanrı bu yaşı da mənə nəsib etdi, bundan gözəl nə ola bilər? - Maraqlıdır, hansı yaşınızı daha çox sevmisiniz? 10, 20, 30, yoxsa 70-i?… - Hər yaşımı sevmişəm. İndi 70 yaşımı sevirəm, çünki bu yaşa gəlib çatdım. Yetmiş yaş mənim üçün tapıntıdır. Tanrı mənə fürsət yaratdı və “götür, bu yaşı da sənə nəsib etdim” – söylədi. - Deməli, Allahın şanslı bəndəsisiniz… - Bu sözü mənə 2008-ci ildə ürək əməliyyatı keçirən zaman həkimim də demişdi. Əməliyyatdan bir müddət sonra çox şanslı insan olduğumu söylədi. Görünür, əməliyyat zamanı böyük bir həyati təhlükəni adlamışdım. Bəlkə, həmin vaxt həyatla vidalaşa da bilərdim. - Siz nəinki insan, elə aktyor olaraq da, çox şanslısınız. Oynadığınız mükəmməl kişi obrazları və xarizmatik görünüşünüzlə də hər zaman xanımların xəyallarının şahzadəsi olmusunuz. - Bizim gənclik vaxtlarımızda “top-model” sözü yox idi, lakin mən 1960-cı illərdə Azərbaycanın ilk top-modeli olmuşam. - Yəqin, buna görə tay-tuşlarınız arasında qürurlanırdınız? - Yox, əksinə mən çox kompleksli olmuşam. İndinin özündə dənizə gedib, çimərlikdə çimmirəm. Bu, həm də yaratdığım obrazların aurası ilə bağlıdır. - Çox güman ki, o vaxtlar top-modelin ətrafında çox xanımlar dolaşıb. - Mən “odnolyub”, yəni bir qadına bağlı insan olmuşam. Bir dəfə vurulmuşam, sevmişəm, evlənmişəm və uşaqlarım dünyaya gəlib. Həmin sevgi bu gün də mənimlədir. - Bəs ən zəif nöqtəniz nədir? - Çox kövrəyəm. Adi bir sözdən, bir filmin epizodundan, küçədə gördüyüm hansısa simadan qəhərlənib, dola bilərəm. Onu da deyim ki, kövrək adam heç vaxt pis insan ola bilməz. Belələrinə “Allah adamı” deyirlər. Rəhmətlik rejissorumuz Tofiq Kazımov tamaşanın məşqləri zamanı bir səhnədən kövrələr, dəsmalını çıxarıb gözünün yaşını silər, o saat da qəlyan çəkərdi. - Əlbəttə, insan kövrəlirsə, demək, qəlbi, duyğusu var. Kövrək adamlar həm də tez ruhdan düşür. Siz necə, tez sınırsınız? - Yox, sınan insan deyiləm. Mübarizə aparmağı xoşlayıram. Hər zaman mübarizədən qalib çıxdığımı deyə bilmərəm, amma təslim də olmuram. Nadir hallarda uğursuzluğa düçar oluram. Mübarizlik xüsusiyyəti doğulduğum oğlaq bürcünə də xasdır. Torpaq adamıyam, torpağa bağlıyam. Haqq uğrunda mübarizə aparan insanam. - Görürəm, talismana, bürcə inanırsınız. Bəs möcüzələrə necə, inanırsınız? - Bu həyat elə özü başdan-ayağa möcüzədir. İnsanın varlığı buna sübutdur. Qulaq eşidir, göz görür, ürək döyünür. Bəzən dayanan ürək yenidən döyünür… - Anlamadım, yəni? - Bir dəfə həkimdən soruşdum: “Məni öldürürsünüz, ürəyimi dayandırırsınız, sonra təzədən dirildirsiniz? Əlinizdə pult yox, xüsusi mexanizm yox, bu necə ola bilər axı? Əməliyyatı nəzərdə tuturam. - Deməli, həkim sizi öldürüb və yenidən dirildib. - Bəli, cərrah məni öldürdü və yenidən həyat verdi. Bunun özü də bir möcüzədir. - Maraqlıdır, hansı xüsusiyyətinizə görə, özünüzə ürəkdolusu bir əhsən deyə bilirsiniz? - Təvazökarlığıma görə. Başqalarında da bu keyfiyyəti qiymətləndirirəm. Heç vaxt yekəxana, yerini bilməyən adamları sevməmişəm. - Bəs özünüzdə zəhlənizin getdiyi və zaman-zaman onunla mübarizə apardığınız xüsusiyyətiniz var? - Əslində, səbirli insanam, lakin bəzi məqamlarda hövsələsiz oluram. Tutalım, bir işi axıra çatdırmaq lazımdır, amma mənim həvəsim, hövsələm çatmır və o işi yarımçıq qoyuram. Bu da mənə mane olur. Çox adam ali məktəbdə dərs deməməyimin səbəbini soruşur. Bunun bir səbəbi də hövsələsizliyimlə bağlıdır. - Deyirlər, pul və qadın kişinin ən zəif nöqtəsidir. Bayaq “odnolyub” olduğunuzu qeyd etdiniz. Demək, qaldı pul… - Qətiyyən. Pul dəyərli şeydir, amma gərək onun qulu olmayasan. Əgər pulun quluna çevrildinsə, evin yıxıldı. - Etiraf edib-etməyəcəyinizi bilmirəm, amma yüzə-yüz əminəm ki, çox böyük sərvətə sahibsiniz… Sənətdə yaratdığınız obrazlarınızı nəzərdə tuturam. Bəs həyatda necə? - Sənətdə ən böyük xəzinəm rollarım, həyatda isə sərvətim övladlarımdır. (kövrəlir) Övladlarımdan danışanda həmişə kövrəlirəm. - Onlar həm də Tanrının sizə hədiyyəsidir. Hədiyyədən söz düşmüşkən, hədiyyə sevənsiniz? - Hədiyyəni sevməyən insan yoxdur. Ancaq inanın, hədiyyə verməyi almaqdan daha çox xoşlayıram. - Yəni sevinməkdən daha çox sevindirməyi xoşlayırsınız. Amma biz tamaşaçılar də çox şanslıyıq. Çünki siz bizim üçün ən böyük hədiyyəsiniz… - Bu sözü mənə rəhmətlik anam da demişdi. Bilirsiniz, o da xalq artisti, sevilən aktrisa idi. Bir dəfə o mənə dedi ki, Rafael, sən Azərbaycan incəsənəti üçün bir hədiyyəsən. - Sevilən aktyor, şanslı aktyor, böyük aktyor… Siz bunların hansını seçərdiniz? - Çox zaman mənə deyirlər ki, böyük aktyorsan, özünü qoru, sonuncu magikansan, əvəzolunmazsan və s. Bir nəfər mənə brend olduğumu söyləmişdi. Bu söz çox xoşuma gəlmişdi. - Çox xoşladığım “Səni axtarıram” televiziya tamaşasındakı professor obrazınız yadıma düşdü. Oradakı rəqsiniz obrazınızın xarakteri ilə necə də həmahəng idi. Bir tamaşaçı kimi o səhnədən həzz almışdım. - Biri var verilən rolu ifa etmək, bir də var, onu yaratmaq. Təbii ki, rejissorun tapşırığını mükəmməl şəkildə yerinə yetirmək özü bir sənətkarlıqdır. Amma rolu yaratmaq ayrı bir ustalıqdır. Rollarımı yaratmışam, bu səbəbdən, onlar yaddaşlarda qalıb, sevilib. Dediyiniz tamaşa 1985-ci ildə çəkilib, onda heç 40 yaşım tamam olmamışdı. Üstündən 30 il keçib. İndi də səhnədə yaradıram, oynamıram. - Həmişə də yaradın, biz də tamaşaçı olaraq, yaratdığınız rollara baxıb, zövq alaq. - İnşallah! Cəvahir Səlimqızı