Məleykə Əsədova: “Mən göylər qızı idim, amma…”

 

-

Yaradıcılığınızdan başlayaq. "Mənim günahım" tamaşasında balerina obrazını canlandırırsınız. Bu teatr mövsümündə başqa hansı tamaşalarda iştirak edirsiniz?

- "Mənim günahım" yeni tamaşadır və səhnə əsərində bu ilin mart ayından oynayıram. Hələ ki, başqa tamaşalarda oynamıram. Amma planda yeni tamaşalarımız var. "Mənim günahım" balerinanın  taleyindən bəhs edir. İlk dəfədir ki, İlyas Əfəndiyevin əsərində oynayıram. İlyas müəllimin bütün əsərlərində və tamaşalarında qadın obrazlarını çox sevmişəm. “Mənim günahım” tamaşasında Nurcahan obrazı xarakterimə yaxın bir obrazdır. 

 

- Siz tamaşada həm də balet oynayırsınız. Xarici görünüşünüz balerina obrazına uyğundur və səhnədə sizin nə qədər güclü plastikanızın olduğunu gördük…
- Təbii ki, aktrisanın mütləq plastikası olmalıdır. Mən bir aktrisayam, bu gün balerinayam, sabah səhnədə qılınc oynada bilərəm. At çapmağı da bacarmalıyam. Bu bizim sənətimizin tərkib hissəsidir. Əgər mən səhnədə mahnı oxuyuramsa, balerina da  oynaya bilərəm. Bu  tamaşa balerinanın taleyindən bəhs etdiyi üçün balet oldu. Təbii ki, professional olmasa da plastika ilə tamaşaçılara çatdırmaq istədim.


- Müsahibənizin birində qeyd etmisiniz ki, uşaqlıqdan mütaliə etməyi çox sevmisiniz. Hətta 6-cı sinifdə "Aydın" da Gültəkini, "Müsibəti-Fəxrəddin"də Səadəti canlandırmısınız. O zaman düşünürdünüzmü ki, vaxt gələcək "Gültəkin"i səhnədə oynayacaqsınız? 
- Allahıma şükürlər edirəm ki, mən nə istəmişəm verib. Dünyaya gələndə istedad mənimlə doğulub. Sənətini püxtələşdirmək isə universitetdə və teatr səhnəsində olur. Bəli, uşaq vaxtı mütaliə etməyi çox sevirdim. Hətta 4-cü sinifdə oxuyanda Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsərini oxumuşam. Çox kitab oxuduğuma görə, anam kitabları əlimdən alırdı. Gecələr durub gizli kitab oxuyurdum. Anam isə deyirdi ki, qızım bu vaxt kitab oxumaq gözlərinə ziyandı. Onu da deyim ki, qeyri-adi, romantik duyğulu uşaq olmuşam. Hər zaman oxuduğum kitablarda özümü canlandırırdım. Bu hisslər də məni səhnəyə gətirirdi. Mənim yataq otağımda xalça var idi və onun üzərində müxtəlif heyvanların rəsmi vardı. Uşaqlara eyni xalçadan onlarla nağıllar düzəldib danışırdım və onlar da inanırdı. Deməli, bu da sənətimin bir qolu imiş.

 

Balaca qız idim, şeirlər yazırdım. 6-cı sinifdə "Aydın"ı oxuyanda "Gültəkin"ə vuruldum. Onun monoloqlarını öz-özümə məşq edirdim. İncəsənət üçün doğulmuşam. Məktəbdə pianoya, xora gedirdim və şeirlər deyirdim. Rayonumuzda teatr olmadığına görə evdə öz-özümə məşqlər edirdim, obrazlar oynayırdım. Mədəniyyət evinin özfəaliyyət kollektivində mahnılar oxuyurdum. Hamı elə bilirdi ki, məktəbi bitirəndə müğənni olacam. Bir dəfə məktəbdə inşa yazanda aktrisa olacağımı çox əminliklə yazmışdım. Hər zaman deyirəm ki, insan hansısa arzunu istəyəndə ürəkdən istəsin. Qəlbən istəyəndə Allah onların arzusunu yerinə yetirəcək. Amma insanda istedad da olmalıdır. Yəqin ki, istedad mənimlə doğulmuşdu və özüm də istedadımı istiqamətləndirdim, mütaliələrimlə, o hisslərlə yaşaya-yaşaya öz üzərimdə işlədim.

Filmləri izləməyi çox sevirdim. Azərbaycan filmlərinə bəlkə də milyon dəfə baxmışam. "Böyük dayaq" filminin vurğunu idim.

Çox şıltaq qız idim. Məktəbi bitirəndə atama dedim ki, İncəsənət Universitetinə daxil olmaq istəyirəm. Uşaq idim və elə bildilər ki, bu istək uşaqlıq şıltaqlığımdır. Atamın çox çətin xarakteri vardı və İncəsənət Universitetinə daxil olmağıma razı deyildi. Dedi ki, İncəsənət Universitetinə yox, hüquq fakültəsinə daxil olacaqsan. Elə bilirdilər ki, rəqsə getməyim, piano çalmağım, mahnı oxumağım uşaqlıq şıltaqlığımdır. Amma xəbərləri yox idi ki, mən səhnə üçün böyüyürəm. Sonda mənim inadkarlığım qalib gəldi. Atama dedim ki, İncəsənət Univetsitetinə daxil olmasam, sənədlərimi hüquq fakültəsinə verəcəm. Amma birinci ildən 16 yaşımda universitetə daxil oldum. İndiyə qədər yadımdadır ki, Səməd Vurğunun "Mənə belə söylədilər" şeirini demişdim. Beləliklə, universitetə daxil oldum. Sənət dərslərimdən 5 alırdım.


- Atanızı tez itirdiniz…
- Bəli, 17 yaşım var idi. Atam 50 yaşında infarkt keçirdi və dünyasını dəyişdi. O vaxt şıltaq, ərköyün, həyata sevgi ilə bağlanan, arzuları tükənməz olan bir qız idim. Atamın ölümündən sonra gözlərimə kədər gəldi. Ondan sonra həyatda kədərin nə olduğunu bildim. Ona qədər hüzr yeri belə görməmişdim. Atam bizi heç yerə qoymazdı. O, vəfat edəndə İncəsənət Universitetdə oxuyurdum. Onun dəfninə çata bilmədim. Həmişə mənə deyirdi ki, Məleykə, məktəbdə özünü elə apar ki, heç kim bilməsin ki, sənin qardaşın yoxdur. Biz ailədə dörd bacıyıq, qardaşımız yoxdur. Sonra özüm-özümə dedim ki, Məleykə, güclü olmalısan. 


- Bu dərəcədə tanınmış aktrisa olacağınıza inanırdınızmı? 
- Bəli, inanırdım. Allah, dediyim kimi, nə istəmişəm verib. Uşaq vaxtı yuxularımda mələklərə qoşulub uçurdum. Gözəl bir ailədə dünyaya gəlmişəm. Valideynlərim çox gözəl insanlar olublar. Bizə böyük sevgi veriblər. Bəlkə də, o sevgi məni bu yerə gətirdi. Bununla yanaşı mütaliə etdiyim kitablar… Mən yer adamı deyildim, göy qızı idim. Amma yerə enəndən sonra gördüm ki, həyatda çətinliklər varmış. Onu da çox illər sonra bildim. Həyatın çətin anlarını tək qalanda, köməksiz anlarımda gördüm. Məni həyatda saxlayan Allahıma sevgim, qızım, obrazlarım və tamaşaçı sevgisi oldu. O, məni ruhdan düşməyə qoymadı. 

 


- Dramatik aktrisa kimi tanınırsınız. Amma komediya janrında N.V.Qoqolun "Evlənmə" əsərində Aqafya Tixonovna obrazını canlandırmısınız və tamaşanız çox uğurlu alınıb. Dramatik obrazda oynayan aktrisa üçün komediya janrında oynamaq çətin deyildi ki? 
- Həmişə tamaşaçılar məni dramatik obrazda görürdü. Amma illər əvvəl komedik obrazlarda da oynamışam. Klassik əsərləri oynamaq aktyorda çox böyük məsuliyyət və istedad tələb edir. Dünyada da aktrisa üç klassik obraz oynayandan sonra onun nəyə qadir olduğunu bilirlər.

Mənim oynadığım obrazların 90 faizi klassik obrazlardır. Üç-dörd il əvvəl Musiqili Teatrın direktoru Əliqismət Lalayev dedi ki, Məleykə xanım, sizi teatra dəvət etmək istəyirik. Həmişə dramatik obrazlar oynayırsınız. Tamaşaçılar sizi komik obrazda da görsünlər. Əvvəl düşündüm ki, tamaşaçılar illərdir məni dramatik obrazda görüblər, komediyada necə qarşılayacaqlar? Sonra dedim ki, mən aktrisayam və komediyanı da yaxşı oynaya bilərəm. Komediya da ciddi janrdır. Beləliklə, tamaşada oynadım və böyük-səs küyə səbəb oldu. Teatrşünaslarımız o tamaşa haqqında çoxlu məqalələr yazdılar. Eləcə də, "Evlənmə" ilin tamaşası seçildi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Zirvə" mükafatına layiq görüldü. Tamaşaya rejissor Bəhram Osmanov quruluş vermişdi və çox uğurlu alınmışdı. Deyim ki, tamaşanı məşq edən zaman Akademik Milli Dram Teatrında Viktor Hüqonun "Qadın məhəbbəti"ndə çox çətin və məsuliyyətli obraz Mariya Tüdoru məşq edirdim. Elə olurdu ki, Musiqili Teatrda komik obraz, səhəri gün isə “Azdrama”da dramatik obraz oynayırdım. Başqalaşma Stanislavski sisteminin beş prinsipindən biridir. Yəni mən aktrisa kimi demək istədim ki, komediyada da, dramatik obrazda da oynaya bilərəm. Ən çətin obrazları oynamağa layiqəm və istedadıma da çox inanıram. 


- Canlandırdığınız obrazların sizin psixologiyanıza təsiri varmı? 
- Oynadığım tamaşalarda özümü tapmasam, obraz alınmaz. O da mənim romantik olmağıma görədir. Aqafyada da var idim, şıltaqlıq daxilimdə var, amma heç kim onu görmür. Hər bir obrazda Məleykə var. Mən obrazı tapmasam, sevməsəm, tamaşaçı obrazlarımı necə sevər. Ona görə ilk əvvəl mən sevirəm. Həm də obrazlar mənimdir axı. Səhnədə Məleykə deyil, canlandırdığım obrazların simasıyam. İnsan keşməkeşli həyatda ömrünü çətinliklərlə başa vurur. Biz aktyorlar obrazlarımızla bir çox insanların taleyini yaşayırıq. Bir gün Aqafya, bir gün isə Mariya Tüdor, Nurcahan, Kleopatra, Züleyxa və s. fərqli-fərqli obrazlar oynayıram. Görün nə qədər insanın taleyini yaşayırıq. Ona görə də duyğusal və emosional oluruq.


- Bəs həyatda hansı obrazınız kimi yaşamaq istərdiniz? 
- Canlandırdığım bütün obrazlarımda – Gültəkin, Mariya Tüdor, Kleopatra, Züleyxa və s. varam. Amma kaş ki, obrazların sonunda ayrılıq, faciə yaşanmasın. Təbii ki, həyatdır və hər şey ola bilər. Hər zaman səhnədə möhtəşəm obrazlar oynayıram və bütün obrazlarda da özümü tapıram. 

 


- Qarşıda hansı arzularınız var? 
- Arzularım çoxdur. Ən birinci arzum qızımın dərslərini yaxşı oxumasıdır. Bununla yanaşı, can sağlığı və əmin-amanlıqdır. Hazırda qəlbim qızımla döyünür. Onun üçün hər şeyin yaxşı olmasını, onu istədiyim kimi böyütmək istəyirəm. Allah hamımın balasını içində də mənim balamı qorusun. Məni qızıma, qızımı da mənə çox görməsin. Mənim varlığım qızım üçün vacib şərtdir. O, ingilis dilini çox gözəl bilir. Məktəblərində tədbir zamanı ingilis dilində şeir dedi. Allaha şükürlər olsun, məktəbdə yaxşı oxuyur. Gələcəkdə hansı sahədə fəaliyyət göstərməsini qərar verməyib. Çünki bir gün polis, bir gün isə həkim olmaq istəyir. Hansı sahədə fəaliyyət göstərəcəyini özü seçəcək. Nə olur olsun, xeyirlisi olsun. 


- Çox gözəl bir xanımsınız. İkinci dəfə evlənməyi düşünürsünüzmü?
- Qətiyyən evlənmək fikrim yoxdur. O məsələni bağlamışam. 


- Sizi sevənlər çoxdur… 
- Bəli, sevənlər və evlənmə təklifləri də çoxdur. Sevgi hissimi, taleyimi göydə Allah, yerdə qızıma bağlamışam. Biz ana-bala bütün günü dualar oxuyuruq. Ümumiyyətlə, bizim ailədə hər gün dualar oxunur. Allaha bağlı insanlarıq. Allah ömür versin ki, balamı savadlı böyüdüm. Mən qızıma hər şey verirəm, ondan yalnız savad istəyirəm. Allaha şükürlər olsun ki, məni gözəl yaradıb, istedad, bu cür gözəl qız verib.


Rəqsanə

 (Azərtaym.az)






Fikirlər