“Şəhidlərimizə görə konserti LƏGV etməyi düşünürdüm, AMMA...”

Müğənni Almaniya şəhərlərində Azərbaycanı və onun düşmən üzərində son qələbələrini tərənnüm edəcək 

Məşhur “Ayrılıq”la və doğma Azərbaycanı tərənnüm etdiyi digər sevilən mahnıları ilə milyonlarla dinləyicinin qəlbinə yol tapmış böyük sənətkar Yaqub Zurufçu aprelin ikinci yarısından başlayaraq bir-neçə gün ərzində Almaniyanın Hamburg, Köln və Frankfurt şəhərlərində keçirəcəyi konsertlərin son məşqlərini aparır.

Mətbuatdan da bilindiyi kimi, budəfəki səfərində müğənnini Azərbaycanın tanınmış, sevilən sənətkarları – Xalq artistləri, tarzən Ramiz Quliyev və qarmon çalan Aftandil İsrafilov müşayiət edəcəklər. Bu gün müğənni ilə son məşqlərin keçirildiyi Ü.Hazıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görüşdük və ondan konsertə hazırlıqla və qastrol səfəri ilə bağlı qısa məlumat verməsini xahiş etdik. İlk növbədə Milli Ordumuzun Qarabağda qazandığı uğurlar, ilk qələbələr münasibətilə xalqımıza təbrikini çatdıran Yaqub Zurufçu Modern.az-a dedi:

- Əsasən repertuara Azərbaycanın qədim xalq mahnıları və dahi Üzeyir Hacıbəylinin,  Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun  və digər bəstəkarlarımızın vətən, xalq sevgisi, məhəbbətlə bağlı mahnıları salınmışdır. O mahnılar ki, vaxtilə onları qüdrətli sənətkarlarımız, ustadlarımız Bülbül,  Rəşid Behbudov və digər tanınmış müğənnilərimiz ifa etmişlər. Odur ki, həmin mahnıların ifası məsuliyyətli bir işdir və buna görə də dostlarımız Ramiz Quliyevlə və Aftandil İsrafilovla birgə hər mahnı üzərində dönə-dönə işləyir, konsertlərə çox ciddi hazırlaşırııq. Təbii ki, repertuarımızda xalqımızın bügünkü döyüş ruhu, qələbə əzmi ilə səsləşən, ordumuzun gücünü, qüdrətini tərənnüm edən mahnılar, milli hərbi marşlarımız da vardır.

Ancaq onu da deyim ki, aprelin ilk günlərində Qarabağımız uğrunda gedən qızğın döyüşlər zamanı şəhidlərimizin də olmasına görə konsertləri ləğv etməyi, təxirə salmağı düşünürdüm. Hətta bu məqsədlə mətbuat üçün qısa məlumat da hazırlamışdıq. Lakin cəbhədən aldığımız son nikbin xəbərlər, Azərbaycanın Ali Baş  Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının çoxillik səyləri məticəsində xeyli gücləndirilmiş Milli Ordumuzun, onun generallarının, xalqımızın igid oğullarının - əsgər və zabitlərimizin keçirdikləri uğurlu döyüş əməliyyatları, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmləri, düşməni tutduqları mövqelərdən geri oturtmaları, ilk böyük uğurlarımız, qələbələrimiz məni xeyli ruhlandırdı. Konsert verəcəyimiz şəhərlərdə həmvətənlərimizə, Almaniyada yaşayan türk qardaşlarımıza və alman dostlarımıza xalqımızın ilk qələbə sevinclərini çatdırmağın, onların da sevincinin bizim sevincimizə qarışmasının möhtəşəm bir duyğu, necə gözəl, xoş bir ovqat yaradacağını düşünərək, həm də onların güclənmiş Azərbaycana görə necə böyük fərəh, qürur hissi keçirmələrini görmək üçün konsertləri pozmamağı, əksinə - onları daha böyük ruh yüksəkliyi ilə, sevinclə, qürur hissi ilə keçirməyi qərara aldım. Güman eləyirəm ki, verəcəyimiz konsertlər, mübariz, döyüşkən ruhlu mahnılarımız Almaniyada yaşayan soydaşlarımızın sevinc və fərəh yaşantılarını daha da gücləndirəcəkdir.

Söhbətin sonunda görkəmli sənətkar onu da diqqətə çatdırdı ki, bir müddət əvvəl konsertin narahatlıq doğurmuş afişaları təşkilatçı firma olan “Persian Consert“in rəhbəri Məcid Fikri tərəfindən dəyişdirilərək, bütünlüklə Azərbaycan dilində yazılıb. 






AzerTaym.az

   






Fikirlər