QARABAG QAZİLƏRİ: “Biz təcrübəmizlə ordumuzun yanında olmağa hazırıq”

Qarabağ qaziləri: “Biz təcrübəmizlə ordumuzun yanında olmağa hazırıq”

Qarabağ cəbhəsində döyüşlərin intensivləşməsi, artıq 3 gündür ki, cəbhədə savaşın davam etməsi müharibənin başlayacağına siqnal kimi qiymətləndirilir. Ordumuzun düşmən mövqelərinə doğru irəliləməsi və cəbhədən gələn şad xəbərlər əhalidə ruh yüksəkliyi yaradıb, hər kəs qələbə əhval-ruhiyyəsinə köklənib. Belə bir məqamda hərbçilərimizin daha inamlı qələbəsinin təmin olunması üçün keçmiş döyüşçülərin təcrübəsinə də ehtiyac var. 

Musavat.com bu məsələ ilə bağlı keçmiş döyüşçülərin rəyini öyrənməyə çalışıb.
Qarabağ qaziləri də ordumuzun qazandığı uğurlara şad olduqlarını deyərək, özlərinin də təcrübələrindən istifadə olunmasını vacib hesab ediblər. 
 
Hazırda döyüş bölgələrində səfərdə olan jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu musavat.com-a açıqlamasında bildirdi ki, orada əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir: “Hazırda 10-a yaxın təşkilatın müharibə veteranları, Qazilər Birliyinin rəhbərliyi Səfərbərlik Xidmətinin dəstəyi ilə səhər tezdəndən cəbhə bölgəsindəyik. Şəmistan Əlizamanlı da bizimlədir. Əvvəlcə Göygöldə şəhidimizin dəfnində iştirak etdik. Oradan gəlib Gəncədə dəfndə iştirak etdik. İndi isə Tərtər istiqamətində gedirik. Bu gün də, sabah da proqrama uyğun olaraq bütün cəbhə bölgəsində görüşlərimiz olacaq. Ordumuzun və yerli əhalinin yanındayıq. Onu da deyim ki, əhalidə çox böyük ruh yüksəkliyi var. Hər kəsin duaları var ki, bu savaş başlasın və bitsin, torpaqlarımız azad olsun. Bizim müşahidələrimiz də bunu deməyə əsas verir ki, əsgərlərimiz qələbə qazanmağa qadirdir. Düzdür, ağır döyüşlər gedir, müharibədir, müharibədə itki də olur, ancaq əhalidə ruh yüksəkliyi var. Bizim Qazilər Birliyinin Nəzarət Təftiş Komissiyasının üzvü hadisələr başlayan kimi Ağdam cəbhəsinə göndərilmişdi. O da məlumat verdi ki, hər şey qaydasındadır. Biz də keçmiş döyüşçülər olaraq, bütün təcrübəmizlə əsgərlərimizin yanındayıq”. 
Hazırki döyüş prosesinin qiymətləndirilməsinə gəlincə, R.Kərimoğlu dedi ki, Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirmir: “Ordumuz Azərbaycan əhalisini aprelin 1-dən başlayaraq təhlükə altında qoyan erməni ordusunun artilleriya atəşini susdurub, onların atəş nöqtələrini nəzarətə götürüb. Bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik ordumuzun nəzarətinə keçib. Hələlik mövqelərin müdafiəsi istiqamətində döyüşlər gedir. Ermənilər itirilmiş mövqelərini geri almaq üçün 2 gündür ki, geniş hücumlara keçiblər. Lakin ordumuzun rəşadətli əsgərləri bu həmlələri cavablayıb, düşmən itki verib. Biz Tərtər ərazisindəyik və o tərəfdən gələn tüstüləri görürük, əməliyyatlar davam edir”. 
Qarabağ qazisi, Xocavənd uğrunda döyüşlərdə bir ayağını itirən Rizvan Vəliyev bildirdi ki, bu savaşda Ermənistan ordusunun zəif olması gün kimi aşkardır: “Keçmiş döyüşçülər və Qarabağ qaziləri olaraq bu prosesləri kənardan izləmək bizim üçün ağırdır, biz də orada iştirak etmək, əsgərlərimizə dəstək vermək istərdik. Bu gün bizim şəhid olan qardaşlarımız atəşkəs elan olunandan sonra dünyaya gəlmiş oğullardır. Onlar müharibəni gözləri ilə görməyiblər, lakin Şəhidlər Xiyabanını görüblər və onların içində bu vətən üçün şəhid olacaq qədər istək yaranıb. Azərbaycan cəmiyyəti yetərincə vətənpərvərdir. Ermənistanda səfərbərlik elan olunması, Azərbaycan ordusu ilə müqayisədə Ermənistan ordusunun zəif olmasını göstərir. Bu gün əgər Ermənistanda ordudan tərxis olunmuş insanlar səfərbərliyə çağırılırsa, bu, Ermənistan ordusunun nə dərəcədə zəif və aciz olmasının göstəricisidir. Arzu edərdik ki, bizi də ön xəttə çağırsınlar və gedək iştirak edək, təcrübələrimizi bölüşək”. 
Tovuzun özünümüdafiə batalyonunun keçmiş komandiri Etibar Əmiraslanov müharibənin qələbə ilə bitəcəyinə əminliyini ifadə etdi: “Gec-tez bu müharibə olmalı idi. Bu millət nə vaxta kimi şəhid verməlidir. Bunun bir sonu olmalıdır. Biz də bu döyüşə qatılmağa hazırıq. Bu vətən hamımızın vətənidir. Yaşından asılı olmayaraq, kimliyindən asılı olmayaraq, bu, hamının borcudur. Azərbaycan ordusu indi çox güclüdür. Biz o zaman ən zəif texnika ilə döyüşürdük, qələbə çalırdıq. Ordumuzun indiki hərbi-texniki imkanları ilə bir həftəyə Yerevana girmək olar”. 
Keçmiş döyüşçü prosesə bir qədər fərqli yanaşaraq, cəbhənin ön xəttinə təcrübəli əsgərlərin, əsasən də yerli gənclərin cəlb edilməsini daha uğurlu hesab etdiyini bildirdi: “Çağırış yaşında olan əsgərlərdənsə, yaxşı olar ki, cəbhə xəttində 22-23 yaşlı gənclər cəlb edilsin. Vaxtilə Tovuzun müdafiəsində iştirak etmiş və düşmənə bir parça torpaq verməmiş döyüşçülərin də hazırda torpaqlarımızın müdafiəsində iştirakına şərait yaradılsın. Yerli əhali həmin ərazinin hər daşına, hər cığırına bələddir. Ancaq, Bakıdan gedən əsgər həmin ərazini tanımaqda çətinlik çəkə bilər”. 
Etibar Əmiraslanov həmçinin ordudan əlavə partizan dəstələrinin yaradılmasını da təklif etdi: “İndiki məqamda yaxşı olar ki, partizan dəstələri yaradılsın. Belə bir dağıdıcı qüvvə lazımdır ki, tez-tez erməni mövqelərinə girib-çıxsın və onları daim təhdid altında saxlasın. Bu dəstələrdə də yerlilərdən istifadə etmək lazımdır. Biz də bu məsələdə hər zaman iştirak etməyə hazırıq”. 

 






Fikirlər