"Bəlkə ZİRƏDDİN Azərbaycanın pullarını göyə sovurub, XƏBƏRİMİZ olmayıb?"

Həmyerlimiz, məşhur parapsixoloq-ekstrasens Zirəddin Rzayev Moskvada yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, onun haqqdında nəinki Azərbaycan, eləcə də Rusiya sərhədlərininin hüdudlarından kənarda da yetərincə məşhurdur.

Həmyerlimizin necə böyük şəxsiyyət olduğunu təsdiqləmək üçün uzun zamana ehtiyac yoxdur. Cəmi bir neçə saatlıq tanışlıq onun barədə yüksək fikirlər səsləndirməyə bəs edər. Əvvala, Zirəddin Rzayev, hər şeydən əvvəl, sıradan biri deyil, Rusiya ekstrasensləri arasında xüsusi yeri və çəkisi olan ləyaqətli Azərbaycan oğludur. O, Rusiya milli mentalitetində azərbaycanlının çəkisini özü qədər ağır gətirən tanınmış soydaşlarımızdandır. Azərbaycanı Rusiyada məşğul olduğu sahə üzrə yüksək səviyyədə təmsil etmək qabiliyyətində olan, Vətəni qürbətdə pafosla, sözlə yox, ağılla, əməllə, ağıllı əməllərlə sevən yurddaşımızdır. 

Z.Rzayev həmişə "Azərbaycana, Vətənimə, millətimə, torpağıma – hamısına qurban olum" deyir. Ancaq onun haqqında bəzi qəzet və saytlar böhtan yazanda narahat olur, inciyir. İllah da ki, belə yazıları yazanların müəllifi özümüzünkülər olanda. Görün, onun haqqında indiyə qədər nələr uydurmayıblar: guya satanistdir, ruslara, ermənilərə qulluq edir, spirtli içkilərə aludədir, eyş-işrətlə məşğul olur, restoranlarda yaşayır və s. Zirəddin Rzayev haqqında belə şeylər danışmaq çox ədalətsizlikdir, mən bunu onu yaxından tanıyan biri kimi əminliklə deyirəm. Zirəddin Rzayev mövzusu öz əhəmiyyətinə görə Rusiya və Azərbaycan mətbuatı üçün bu gün də aktual olaraq qalır. Ona bəzi mətbuat səhifələrində yanaşmalar da fərqlidir, xüsusilə tənqidlə təhqirin yeri "səhv" düşəndə, bu çox eybəcər görünür. Z.Rzayevə ağır gələn isə, bilirsiniz nədir? Rusiyada onun kimi və hətta ondan aşağı ranqda olan çoxlu sayda ekstrasens var. Ancaq Z.Rzayevə xüsusi hörmət, münasibət var, hamı tərəfindən qəbul edilir. Azərbaycanda isə Zirəddini təftiş etməklə məşğuldurlar. Yəni ona inanmaq əvəzinə, dediklərini yalana yozurlar. Bu da həmyerlimizi möhkəm incidir. «Eybi yoxdur, məni Vətənimdə qürbətdə yaşayan məşhur bir azərbaycanlı kimi qəbul eləyin, ancaq görücü kimi tanımayın, ekstrasens kimi unudun. Axı sizi incidən nədir? Sizin bütün dünyanı ayağına gətirən bir Zirəddininiz var. Nəinki Rusiya, bütün dünya Zirəddin üçün Moskvaya, azərbaycanlının ayağına gəlir. Məni aradan götürsələr, tutsalar, öldürsələr əlinizə nə gələcək? Dünyanın qəbul etdiyi Zirəddini təhqir eləmək, Azərbaycan xalqını təhqir etməkdir»-Z.Rzayevin özünün dedikləridir.
Bu günlərdə Zirəddin Rzayevlə bağlı mətbuatda gedən növbəti yazılar diqqətimi yenidən cəlb etdi. Mən əslində, ekstrasenslərə o qədər də inanan birisi deyiləm. Zirəddin Rzayevlə də şəxsi tanışlığım daha çox şəxsiyyətinə dəyər verdiyimlə əlaqədardır. Bu mənada mən onun ekstransenslik fəaliyyəti ilə bağlı konkret bir fikir, mülahizə söyləmək istəmirəm. Ancaq yerli və xarici mətbuatda, eləcə də telekanallarda həmişə bu şəxsi maraqla izləmişəm. Bakıda və Moskvada dəfələrlə görüşüb həmsöhbət olmuşuq. Hər dəfə də görüşümüz səmimi alınıb, nə o mənə tərif deyib, nə də mən ona. Ən azından ona ona bir azərbaycanlı, millətimizi qürbətdə təmsil edən tanınmış soydaşımız kimi hörmətlə yanaşmışam. İndiyədək onun istər yerli, istərsə də xarici KİV və telekanallarda Azərbaycana və dövlətimizə qarşı yönəlmiş hər hansı bir neqativ çıxışına, fikirinə rast gəlməmişəm. Tam əksinə, bütün fəaliyyətinin, yazdığı şeirlərin, ifa etdiyi mahnılarının, mətbuata verdiyi müsahibələrinin məzmunu ilə tanış olanda anlamışam ki, milli-mənəvi mənsubiyyətimizə sıx bağlı bir insandır. Təəssüflər olsun ki, Zirəddin Rzayev tanındığı gündən bu günə qədər onun haqqında bir sıra mətbuat səhifələrində, xüsusən də nüfuzu olmayan qəzetlərdə həqiqəti əks etdirməyən məqalələr yazılır.                   
Yadımdadır, Z.Rzayev təzə-təzə məşhurlaşanda  yerli internet portallarından birində onun haqqında çox ciddi ittihamlar dərc edildi. Həmin məqalədə müəllif onun Rusiyanın və erməni güc strukturlarının təsiri altına düşdüyündən bəhs edir və guya agent, satanist, əyyaş olduğunu həqiqət kimi Azərbaycan oxucusuna sırımaq üçün dəridən-qabıqdan çıxırdı. Mən qəzetçi marağından irəli gələrək uzun müddət Zirəddin Rzayev haqqında yazılanları araşdırmağa çalışdım və bütün bunların inandırıcı olmadığına bir daha əmin oldum. Niyə? Ona görə ki, peşəkar jurnalist və dünyagörüşü olan hər kəs dərk edər ki, hansısa əyyaş, satanist və narkomanın güc strukturları ilə əməkdaşlıq etməsi ağlasığan deyil. Bundan əlavə, yazı müəllifi informasiyanın haradan əldə edildiyini göstərmir.  “Deyilənlərə görə”, “əldə etdiyimiz informasiyaya görə”, “Rusiyada yaşayan dostlarımızdan aldığımız məlumata görə" və s. kimi qeyri-müəyyən informasiyalarla oxucunu çaşdırmağa çalışırlar. 
Bu gün yerli sytlardan birinin müəllifi  Zirəddin Rzayevi yenidən gündəmə gətirməklə onu Azərbaycanın güc strukturlarından birinə işləməkdə suçlayıb. Təbii ki, məqalə müəllifi həmişə olduğu kimi bu dəfə də informasiyanı haradan əldə etdiyi barədə susur. Çünki yazdıqları cəfəngiyyat və uydurmadan başqa bir şey deyil.
Görəsən, Z. Rzayevi Rusiya və erməni güc strukturlarına işləməkdə günahkar sayanların 5-6 ildən sonra, yəni bu gün onu Azərbaycanın güc strukturları ilə əməkdaşlıqda suçlamalrının əsas məqsədi nədir?  Bu gün söz azadlığını başının üstündə bayraq edənlər yaxşı bilməlidirlər ki, söz azadlığı altında hər nə fikirləşirsənsə, onu yazmaq olmaz. Həmişə faktlara və sübutlara inanan bir qələm əhli kimi mənim bir sübutum var ki, o da Zirəddin Rzayevin azərbaycanlı olmasıdır. Ona böhtan atanlar ən azından utanmalıdırlar ki, Azərbaycanı minlərllə kilometr uzaqlarda ləyaqətlə təmsil edən bir həmyerlimizə, eloğlumuza böhtan yağdırırlar, oxucuları yalanlarla dolu informasiyalarla çaşdırırlar. Bəlkə bu yazılanlar sifarişli yazılardır? Əgər bu yazdıqlarınız doğurdan da həqiqətdirsə, nədən bu barədə Azərbaycanın güc strukturlarına məlumat vermirsiniz? Necə olub ki, bu "informasiyaları" Azərbaycanın güc strukturları deyil, məhz siz əldə edə bilibsiniz? 
Axı biz niyə beləyik, Azərbaycanın adını ellərə yayan dünyanın qəbul etdiyi, özgələrin bəyəndiyi doğma eloğlumuza niyə özümüz yiyə durmuruq? İstər-istəməz yadıma Sultan Mehmet Fatehin İstanbula birinci hücumu zamanı başına gəldiyi bir hadisə düşür. Tarixdən məlum olduğu kimi Sultanın İstanbula birinci hücumu uğursuz alınmışdı. Uğursuzluğa düçar olan Sultan geri dönərkən İstanbulun kənarlarında olan dükanların birindəki yunan satıcadan qaymaq alır və sonra ondan süd də istəyir. Yunan Sultana deyir ki, südü qonşuluqdakı dükandan alsın. Axı «sizdə süd var» soranda yunan əlavə edir ki, «mən siftəmi elədim, qoy qonşum da satsın». Bu cavabı eşidən Sultan Mehmet Fateh «İstanbul sizə haladır» deyib atına qamçı çəkir…
Doğrudan da çox ibrətamizdir. Amma nə hikmət varsa, biz o yunan kimi ola bilmirik. 
Sizə daha nə lazımdır? Bəlkə Z.Rzayev Azərbaycan büdcəsinin pullarını mənimsəyib, göyə sovurub, xəbərimiz olmayıb. Axı o, pulu Rusiyada qazanır. 
Bu adam hər dəfə də deyir ki, mən özümü Azərbaycansız təsəvvür edə bilmirəm, bu gücü Tanrı mənə Azərbaycanda verib. Rusiyada yaşasam da, öləndə vəsiyyət eləyəcəyəm ki, Azərbaycan torpağında dəfn olunum, kəfənlə torpağa basdırılım.  Amma nə olsun ki, indinin özündə də onu rahat buraxmırlar. 
Bir daha demək istəyirəm ki, Zirəddin Rzayevin mənim və ya hər hansı formada qəzet müdafiəsinə ehtiyacı yoxdur. O, öz mövqeyini, prinsiplərini və seçdiyi yolu prinsipial şəkildə qorumağı bacaran adamdır. Sadəcə, bütün bunlar həqiqət və o həqiqəti eybəcərləşdirilmiş formada təqdim edərək yalanı gerçək kimi təqdim etmək cəhdələridir. 
Sonda fikirlərimi hörmət etdiyim həmkalarımın birinin yazdığı fikirlərlə tamamlamaq istəyirəm: "Rus da bizə pis baxsın, biz də bizə pis baxaq! Nə fərqimiz oldu??? Faşizm təkcə digər xalqlara qarşı qəddarlıq deyil, elə özü özünə qarşı da axmaqlığın, düşmənçiliyin ifadəsidir!!!"
Bilmirəm, fikrimi çatdıra bildimmi?..






Fikirlər