DƏRDİN NƏ?!

 

“Həqiqətən Biz insanoğlunu fərqli məşəqqətlərə dözümlü yaratdıq. (Bələd, 4)


Hər kəsin bir dərdi mütləq vardır. İstər uşaq olsun, istər böyük. Boyun uzanması, yaşın artması dərdi də böyüdüb uzadır. Bir yaş böyüdünmü, deməli keçən ilki şalvarın əyninə qısa olacaq. O zaman şalvarı özünə dərd edəcəksən. Şalvar boyda dərdin olacaq.
Həyətdə uşaqlar velosiped sürür, sənin isə yoxundur. Deməli sənin velosiped boyda dərdin var. Uşaq üçün boyundan çox böyük olan bir dərddir bu. Həll edə bilməcəyəyi, həlli üçün birilərinə ehtiyacı olan dərd. Bəzən gecələr yuxusu qaçır, bəzən olmayan velosipedi yuxusuna girir. Və yeni dərdlərlə tanış olana qədər onun “velosiped” dərdi təzə - tər qalır. Uşaq böyüdükcə velosiped kiçilir, kiçilir və balaca bir dərdə çevrilir. Ürəyinin bir köşəsində uşaqlıq arzusu kimi qaysaq bağlayır.
Böyüdükcə dərdimiz də dəyişir. Universiteti qazanmaq, sonra “hansısa yollarla” imtahanı həll etmək dərdimiz olur. Bəzən onun həlli də başqalarından asılı olur. Ya Allah müəllimin qəlbinə insaf salır, ya da valideyinimizin cibində artıq pulu olur... Universiteti bitirənə qədər dərdimiz “imtahan” olur. Heç oxumağı özümüzə dərd etmirik... 
Sonra “həyata atılır”, dərdimizin həlli yollarında sadəcə özümüzün məsul olduğumuzu anlayırıq. 
Rüşvət almaq və ya vermək kimi bir dərdimiz olur.
Status və brend xəstəliyinə tutuluruq.
İnsanlara sadəcə geyimlərinə və mövqelərinə görə dəyər veririk. 
Ailə qurarkən işə qəbul elanını araşdırarcasına “elanlara” baxırıq. Kimin statusu daha yaxşıdır, kimin pulu daha çoxdur... Böyük dərddir. Ona görə böyükdür ki, biz kiçiyik. Arzularımız, istəklərimiz, tələblərimiz kiçikdir. 
Arzularımız....
İstəklərimiz...
Tələblərimiz...
Dünyanı arzu edirik.
Yaxşı yaşamaq istəyirik.
Cənnəti tələb edirik.
“De ki, mənim bütün istək və arzum, bütün ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allaha ərməğan olsun” (Ənam, 162)
İstək və arzumuzun içində Allah yoxdursa, dərdimiz Allah deyilsə, Allahın davası qədər böyük bir davamız və dərdimiz yoxdursa nə ibadətimiz, nə həyatımız, nə də ki, ölümümüz aləmlərin Rəbbinə ərməğan olmayacaq. Çünki Biz onu ilk öncə nə arzumuzun içinə qoyduq, nə də ki, istəyimizin. Dərdimiz şalvar oldu, velosiped oldu, imtahan oldu, status, brend, məqam və mövqe, xülasə dərdimiz DÜNYA oldu və DÜNYAnın özü boyda da dərdimiz oldu. 
Amma Allah olmadı... Allah boyda dərdimiz olmadı ki, “həyatını Allaha vəqf et! (Müzzəmil, 8) əmrini yaşayaq. Bəzən yaşadığımızı düşündük. Bəzən zənlərə qapılıb özümüz haqqında hüsnü-zənn ettik. Dünyanı bütləşdirib içimizə elə doldurduq ki, içimizdə boş yer qalmadı. Dərddən ürəyimiz şişdi, qübar bağladı...
Dərdimiz bizi seçmir, biz dərdimizi seçirik. Biz dünyanı seçdik. Firoun həyatı yaşayıb Musa aqibəti tələb etdik. 
Allah “vay o namaz qılanların halına” (Maun, 4) dedi, biz Onu ciddiyə almadıq. 
Niyə? 


Çünki, görüntüdə hər şey yerindədir. Bütün aksesuarlar üzərimizdə: hicab, təsəttür, saqqal, gümüş üzük, namaz, zəkat, oruc...
Oruc!
Orucu biz tutduq, o da bizi tutdumu? İftarı qonaqlığa çevirdik. Restoranlarda iftar açıb, doyunca yedik, içdik, əyləndik. 
Aç qaldıq, susuz qaldıq, sonunda gözəl bir iftarı haqq etdik. Nə acları anladıq, nə də aclığı. Bizimki müvəqqəti məhrumiyyət oldu. Axşamkı menyunun xəyalı ilə ağzımız sulandı, mədəmizə bir azca da "döz!" dedik...
Namazımız, həyatımız, ölümümüz bizi dəyişmədi. Ölüm sizə nəsihət olaraq yetər dedi, aləmlərə rəhmət olaraq göndərilən son Nəbi. Biz ölümdən nəsihət ala bilmədik. Sadəcə üzüldük: flankəs cavan getdi, doymadı həyatdan, dedik.
Səhabəsi söhbətdə yetişdi Allah Rəsulunun. Söhbəti sünnətdir dedik, ihya etdik. Amma deyəsən söhbət bizi ihya etmədi. Bizi səhabə etməyən söhbət, bizi necə ihya etsin ki?
Yetimə sahib çıxın dedi, Allah. Biz sahib çıxmağı sadəcə geyindirmək ve yedizdirmək olaraq anladıq. Yedizdirib, geyindirdiyimizin başına bir dəfə sığal çəkmədik. Sevgidən məhrum yaşadıq. Sevib, sevindirmədik. Zəkatı borc bildik, ibadət deyil. 
Qurbanı kəsdik, paylatdıq. Əlimizə alıb qapı-qapı özümüz paylamadıq ki, bəlkə haldan anlar, dərdlərinə bir çarə olarıq. 
Namazı biz qıldıq, amma o bizi müsəlman qılmadı. 
Niyə? 
Çünki bizi dəyişmədi, təmizləmədi. Namazımız ritualdan irəli getmədi ki, bizi meraca yüksəltsin. Biz onu yüksəldə bilmədik ki, o da bizi qanadlarına alıb Allaha aparsın. Göyün yeddi qatına qaldırıb, yerin dərdini unutdursun... 
Həyatımız başqalarının həyatından fərqlənmədi. Ölümümüz də fərqlənməyəcək.Necə yaşayarsınız, elə ölərsiniz, dedi Allah Rəsulu. Biz “yaxşı” ölməyi tərcih etdik. Necə ölsək, elə də həşr olunacağımızı unutduq...
Bir sözlə həyatımızın, ölümümüzün, ibadətimizin nə olduğunu bilmək istəyiriksə dərdimizə baxaq. Dərdimiz bizim şəxsiyyət vəsiqəmizdir. Dərdimiz nədirsə, biz əslində oyuq...
Ümmətim, ümmətim, ümmətim... dedi aləmlərə Rəhmət olaraq göndərilən Nəbi. Ümmətin dərdini çəkdiyi üçün aləmlərə rəhmət oldu. Biz özümüz boyda dərdimizlə aləmlərə dərd olduq...
Dərdimiz dəyişmədikcə biz də dəyişmədik. Sadəcə aksesuarlarımız dəyişdi. 

Nə biz böyüdük, nə də ki, böyük bir dərdə yükləndik. Vəhy ağır bir yükdür (Müzzəmil, 5) deyib yükü çiynimizdən atdıq. 
Ağır yükə incə çiyinlərimiz tab gətirməzdi ki...
P. S. Sadəcə bir az üzgünəm...

Rüzgar Kəskin /azerislam.com

 
 

 






Fikirlər