20.03.2014. - Sevil Əliyevanın qadağasına YAP–dan reaksiya
“Gold & Co.” şirkəti Heydər Əliyevin imzasını daşıyan qızıl “iPhone”lərin hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib
“Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm”. Bu sözlər eks-prezident Heydər Əliyevin qızı Sevil Əliyevaya məxsusdur.
Mediada gedən xəbərlərə görə, S.Əliyeva Londonda “Golden & Co” şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində mərhum prezident Heydər Əliyevin imzası olan qızıl korpuslu “iPhone 5S gold limited” telefonlarının istehsal olunması ilə bağlı KİV-də yayılmış məlumatlara münasibət bildirərkən belə deyib. Spacenews.az-ın xəbərinə görə, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə, hiddətləndiyini bildirib:
“İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda ”Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu “iPhone 5S” telefonları buraxılıb. Bu hadisə məni nəinki sevindirmədi, hətta hiddətləndirdi.
Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram".
Bu məsələyə hakim partiyanın münasibətini öyrəndik. Maraqlıdır, YAP-da H.Əliyevin imzası ilə bağlı yeniliklərə münasibət necədir?
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, onun sözügedən məsələ barədə geniş məlumatı yoxdur: “Məlumatım olmadığı məsələ barədə bir söz deyə bilmərəm. Amma mən bir dəfə görmüşdüm ki, müəyyən maşınlara mərhum prezidentin imzasını vurublar. Bununla əlaqədar mən Dövlət Avtomobil Müfəttişliyinə müraciət etdim ki, maşınlarda ümummilli liderin imzası olmaz. Deyək ki, döş nişanı var, insanlar onu sinəsində gəzdirir. Yaxud mobil telefonlarda Heydər Əliyevin, həmçinin cənab prezidentin fotoşəkilləri var.
Amma avtomobillərə imzanın vurulması uyğun deyildi. Hər bir insanın qəlbində istək varsa, evində, kabinetində şəklini asa, yaxud adını əbədiləşdirmək üçün iş görə, kitab, məqalə yaza bilər. Mən bunları təqdirəlayiq hesab edirəm”. S.Novruzov Londonda “Golden & Co” şirkəti tərəfindən hazırlanan telefonlarda H.Əliyevin imzasının olmasına fərqli yanaşdı: “Ünsiyyətdə olduğum partiya üzvlərinin böyük əksəriyyətinin mobil telefonlarının ekranında Heydər Əliyevin fotosunun olduğunu görmüşəm. İndi telefonlarda imza olmasında nə problem var ki, mən bilmirəm”. Maraqlıdır, deputat belə qiymətli bir telefona sahib olmaq istərdimi?
S.Novruzov: “Gücüm çatsa, təbii ki, alaram”.
Bu arada nüfuzlu “Gold & Co.” şirkətinin baş icraçı direktoru Amjad Ali yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl “iPhone”lərin hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib. Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və “iPad”lar üzrə ən böyük şirkət olduğuna görə bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.
Son günlərdə yerli mediada Heydər Əliyevin imzasını daşıyan qızıl “İPhone”lərin şəkli yayılıb, bu telefonların azərbaycanlı oliqarxlar üçün hazırlandığı deyilir. Telefonların arxasında “Golden & Co London” loqotipini görmək olar. Amjad Alinin şirkətinin istehsal etdiyi telefonların üzərində isə oxşar şriftlə “Gold & Co London” yazılıb. Cənab Ali bunu saxta Louis Vuitton mallarının hər yerdə satılması ilə müqayisə edib. Onun sözlərinə görə, Çində bəzi şirkətlər “Gold & Co London”a şirkətinə məxsus dizaynla bu telefonların saxta versiyasını hazırlayır və “onları bizim özümüzə satmağa cəhd edirlər”. O qeyd edib ki, kiminsə imzasını daşıyan yeganə telefon bir məşhur kanadalı müğənni üçün olub.
“BBC Azərbaycan” xəbər verir ki, Heydər Əliyevin imzasından istifadə edərək “İPhone” telefonlarını baha qiymətə satmaq istəyən işbazlarla bağlı araşdırma aparılır