Olimpiyadada ermənilərdən azərbaycanlılara qarşı təxribat — VİDEO

Olimpiyadada ermənilərdən azərbaycanlılara qarşı təxribat — VİDEO

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil edən erməni gimnast Seda Tutxalyanın çıxışı zamanı Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 1954-cü ildə bəstələdiyi “Qarabağ Azərbaycan incisidir” əsəri səslənib. Lakin növbəti dəfə də erməni saytları və aparıcıları mahnını Ara Qevorkyanın “Arsax” bəstəsi kimi təqdim ediblər.

 AzerTaym.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı Seda Tutxalyan 2014-cü ildə yeniyetmələr arasında keçirilən Olimpiya Oyunlarının çempionu və 2015-ci ildə Bakıda reallaşan Avropa Oyunlarının qalibi və mükafatçısıdır. 

Qeyd edək ki, Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. 

1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb.

F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub.

Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb.

F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamını ifa edib.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 






Fikirlər