Maraqlı həyat yaşayan insanların özləri də maraqlı olurlar. Belə həyat yaşamağın isə başqa bir ləzzəti var. Bəlkə də insan ömrünü uzadan da, elə həyatının maraqlı olmasıdır. Həyatı maraqlı keçən insanlardan biri də xalq şairi Fikrət Qocadır.
Bu gün onun 81 yaşı tamam olur. Ötən 81 ildə başına çox işlər gəlib, maraqlı hadisələrin iştirakçısı olub. Bütün bunlardan gənc nəsil bəlkə də xəbərsizdir. Onlardan bir neçəsini nəzərinizə çatdırmaq istəyirik.
O da Kubaya, Karib dənizindəki adalardan birində olan Varadero kurort şəhəhərinə yaradıcılıq səfərinə yollanan SSRİ Yazıçılar İttifaqının məsul vəzifəli şəxslərinin arasında idi. Hava isti olduğundan qərara gəlirlər ki, Karib dənizində çimib sərinlənsinlər. “Novıy mir” jurnalının baş redaktoru, Sosialist Əməyi Qəhrəmanı Serqey Naravçatov və Altay vilayətindən, şair Erikmen Palkin də onunla birlikdə çimməyə gəlirlər. Fikrət Qoca Karib dənizinə tullanmağı ilə nəhəng bir akulanın ona tərəf gəldiyini görür və cəld üzərək sahilə çıxır. Üstündən bir az keçəndən sonara Fikrət Qoca yenidən dənizə girmək istəyəndə Naravçatov ona yalvararaq deyir- “Fikrət, Allah xatirinə girmə. Geri dönəndə mən söz tapıb izah edə bilməyəcəm. Axı mən necə deyəcəm ki, Fikrəti akula yedi?”.
Sakit okeanın cənub-qərbində yerləşən Qvineya dövlətində yaradıcılıq ezamiyyətində olan dəstəni adamyeyənlərin- vəhşi qəbilənin yaşadığı əraziyə ekskrusiyaya aparırlar. O dövrün məşhur “KVN”çilərindən Lunderin də olduğu həmin dəstənin tərkibində Fikrət Qoca da var idi. Dəstəyə yerli bir gənc bələdçilik edirmiş. Ölkə rəhbəri vəhşi qəbilələrə adam əti yeməyi qadağan etsə də, getməmişdən öncə hər ehtimala qarşı onlara möhkəm tapşırmışdılar ki, hava işıqlı ikən geri qayıtsınlar.
Dəstə vəhşi qəbiləyə yaxınlaşanda bələdçi sağ tərəfində qadınlar, sol tərəfində isə yarıçılpaq kişilər dayanmış qəbilə başçısıyla öz dilində nəsə danışıb, gələnləri qəbilə rəhbərinin yanında əyləşməyə dəvət edir. Qadınlardan biri ocağın üstündəki dəmir lövhədə nəsə qovurub qəbilə rəhbərinə verir, o da ovuc-ovuc ağzına atıb ləzzətlə təam edirmiş. Qonaqlar ona yaxınlaşanda görürlər ki, başçının yediyi iri meşə qarışqalarıdır. Lunderin ağbəniz, dolu bədənli olduğunu əsas gətirən Fikrət Qoca ona “Mən qorxmuram, arıq- çəlimsiz adamam, yəqin ki, könüllərinə adam əti düşsə, səni tutub yeyəcəklər” - deyərək zarafat edir. Lunderin qorxudan rəng verib-rəng aldığını görən şair bayaqdan qəbilə başçısıyla danışan bələdçini göstərib tərcüməçiyə dillənir, bələdçidən soruş gör, o, nə deyir? Bələdçiylə danışan tərcüməçi üzünü dəstəyə tərəf tutub “Başçı söyləyir ki, adam əti qadağan olunandan ağzımızın dadı da itib. Kaş dünən gələydiniz, yaxşı meymun ətimiz var idi”- deyir.
Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap olunur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən AYB-nin katibidir.
Qəhrəmanlıq və fədakarlıqdan bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə, 1998-ci ildə "Humay" mükafatına layiq görülüb. 1995-ci ildə Azərbaycan Respublikasının “Şöhrət”, 2015-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunub.
Kitablarında rəngarəng mövzular- vətən məhəbbəti, insan, zaman və təbiət haqqında düşüncələri öz əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən, azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq Hərəkatı xadimi Amerkal Kabral ("Amerkal Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.
1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
F.Qocanın bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapıb.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis və başqa əcnəbi şairlərdən tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Beş yüzdən çox şeirinə musiqi bəstələnib-"Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s. Onun şeirlərinə yazılan musiqi əsərləri tanınmış müğənnilərin repertuarını bəzəyir.
Bu günə qədər şairin iyirmiyə yaxın kitabı oxucuların ixtiyarına verilib.
P.S. İyul ayından ABŞ-da, qızı Günay xanımgildə istirahət edən xalq şairi, doğum gününü vətəndə qeyd etmək üçün Azərbaycana yola düşdü. Fürsətdən istifadə edib xalq şairini səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan ştatı