Bu gün Mikayıl Müşfiqin anım günüdür

Bu gün Mikayıl Müşfiqin anım günüdür Bgün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

Azertaym.az xəbər verir ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da xüsusi amansızlıqla qətlə yetirilib.

Mikayıl Müşfiq özünəməxsus poetik aləmə malik, coşqun, parlaq, nikbin təbiətli bir şair olmuşdur. Həyatdan erkən getsə də, özündən sonra gerçəkliyi yeniləşdirən, gözəlləşdirən, yaradıcılıq sevinci ilə dolu, alovlu, lirik nümunələr qoyub gedib.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edirdi və “Vüsuqi” ləqəbi ilə şeirlər yazırdı. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və ardıcıl olaraq rus-Azərbaycan məktəbində, Bakı Darülmüəllimində, 12 nömrəli iki dərəcəli məktəbdə və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə müəllimliklə başlayan, son iş yeri hazırda Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunmuşdur. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.

1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları nəşr edilmişdir. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuş, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. O, həm də tərcümə ilə də məşğul olmuş, A.S.Puşkin, M.Y.Lermontov, S.Y.Marşak, T.Şevçenko, Ö.Xəyyam və başqa şairlərin irsindən nümunələri Azərbaycan dilinə çevirib.






Fikirlər