Xalq artisti Əminə Dilbazinin doğum günüdür – Video - Foto
Azertaym.az xəbər verir ki, Əminə Dilbazi 1919-cu il dekabrın 26-da Qazaxda anadan olub.
1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub.
1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
Gözəl rəqqasəmiz 2010-cu il aprelin 30-da 90 yaşında Bakıda vəfat edib.