Telekanal əməkdaşları məvaciblərini ala bilmirlər?

Telekanal əməkdaşları məvaciblərini ala bilmirlər?

Telekanallar yalanlayır, əməkdaşlar isə məvaciblərini ala bilmədiklərini deyirlər

"Xəzər", "Lider", "Space" və "ARB Şəki" telekanallarının əməkdaşları Meydan TV-yə yazaraq aylardır əmək haqlarını ala bilmədiklərini bildiriblər. Onlardan bəziləri son 1, bəziləri 2, bəziləri isə avqustdan bəri maaş almadıqlarını deyirlər.
Əməkdaşların 70 faizi əmək haqqı ala bilmir
"ARB Şəki" televiziyasında çalışan (əvvəlki adı Kanal S), işini itirməmək üçün adının gizli saxlanmasını xahiş edən əməkdaş bildirir ki, televiziyada 150-yə yaxın işçi çalışır. ARB TV Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Ancaq ikinci aydır ki, televiziya əməkdaşlarının 70 faizinin əmək haqqısı ödənilmir:
"Ancaq yüksək vəzifə tutanların və əmək haqqı yüksək olanların maaşları verilir. Direktor Rəşad Məmmədov bunu büdcədəki kəsrlə əlaqələndirir. ARB TV-nin digər 5 bölgə televiziyalarında bu problem yoxdur. ARB Şəkidə olan maliyyə problemi sırf direktor Rəşad Məmmədovun özünün yaratdığı süni problemdir".
Maaşı öz adamlarına verirlər
Məktubda o da deyilir ki, direktor Rəşad Məmmədov etiraz edən əməkdaşları işdən çıxarmaqla hədələyir. 1000-1500 manat alan işçilərin hamısı maaşlarını vaxtında alıb. 150-200 manat alan işçilər isə pulsuz qalıblar:
"Yüksək maaş alanların da hər biri öz adamlarıdır. Mühasiblə əlbir olan Rəşad Məmmədov deyir ki, bura özəl təşkilatdır. Nə istəsəm, edərəm. Kim bəyənmir, çıxa bilər. İşçilər də bu vəziyyətdə hara getsin? Sizdən çox xahiş edirik bunu işıqlandırasınız".
Avqustdan bəri maaş ala bilməyənlər var
"Xəzər TV" əməkdaşları isə bildirirlər ki, telekanalda avqust ayının maaşını ala bilməyən işçilər var:
"Bəzi işçilərə verilməli olan pullar müxtəlif bəhanələrlə ya gecikdirilir, ya da azaldılaraq verilir. Noyabr olmasına baxmayaraq, əksəriyyət sentyabr və oktyabrın maaşlarını almayıb".
Söz verilir, əməl edilmir
"Lider TV"-də də sentyabr, oktyabr aylarının maaşlarının verilmədiyi bildirilir:
"İşçilərə söz verilir, amma əməl edilmir. Hamı gözləyə-gözləyə qalıb. Bəzi xüsusi ştatlara pul verilir, vəssalam".
"Telekanallardakı maaş böhranı dərinləşə bilər"
"Space TV" əməkdaşları isə bildirirlər ki, kanalda maaşların 3 ay gecikməylə verilməsi adi hala çevrilib:
"Şirkətin yarısı hələ avqustun pulunu ala bilməyib. Digər kanallarda da oxşar vəziyyətdir. Məlumatlara görə, bir çox TV əməkdaşları özlərinə yeni iş taparaq televiziyadan gedirlər".
Televiziya işçiləri bu durumu reklam verən şirkətlərin sayının azalması ilə əlaqələndirirlər. Bildirirlər ki, TV kanallardakı maaş böhranı getdikcə dərinləşə bilər:
"Buna səbəb reklam verən şirkətlərin sayının azalması və dolayısı ilə kanalların gəlirinin aşağı düşməsidir. İxtisarlar və maaş azaldılmaları isə qaçılmazdır".
Bütün işçilərin maaşları verilib
Meydan TV məsələyə münasibət öyrənmək üçün telekanalların hər biri ilə əlaqə saxlayıb. "Space" və "ARB Şəki" televiziyasından deyilənlərin yalan olduğu, işçilərə vaxtlı-vaxtında əmək haqqı ödəndiyi bildirilib.
"ARB Şəki" televiziyasını baş mühasibi Şahmar Əhmədov deyir ki, 3 ildən artıqdır bu telekanalda çalışır və indiyə qədər əmək haqlarının gecikdirilməsi problemi ilə üzləşməyib: "Bu məlumatı sizə kim verib bilmirəm, amma yalandır. Bütün işçilərin maaşları verilib".
"Lider TV"-nin mühasibatlığından isə bildirilib ki, onların bu barədə məlumat vermək ixtiyarları yoxdur:
"Müdiriyyət yoxdur, gəlməyib. Bizim isə məlumat vermək ixtiyarımız yoxdur. Daha sonra zəng edin".
Sonrakı zənglər isə cavabsız qalıb.
"Xəzər" TV-nin ümumi şöbəsindən isə bildirilib ki, bu suala kimin cavab verəcəyini bilmirlər: "Biz fikirləşək, siz 1 saata zəng edin".
Növbəti zənglərdə isə səsimizi eşidən kimi dəstəyi asırlar.






Fikirlər