Nadir Qafarzadə xristian olmasından danışdı: “Xristian savadlı və mədəniyyətlidir... ” - FOTO

“Sən qayıdacaqsan İsa peyğəmbər! İnsanlıqdan çıxmışları özünə qaytar. Yer üzünü yalanlardan, nadanlardan, təmizlə... İsanı tanımayan müsəlman, müsəlman deyil, Allah”.

Müğənni Nadir Qafarzadənin öz “İnstagram” səhifəsində bu cür paylaşım etməsi qalmaqala səbəb olub. Xüsusən də müğənninin bu paylaşımı edərkən profilinə İsa peyğəmbərin simvolik şəklini yerləşdirməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, çoxsaylı tənqidi fikirlər bildirilib. Bəziləri müğənninin xristian dinini qəbul etməsi ilə bağlı iddialar səsləndiriblər. Nəticədə müğənni qalmaqallı statusunu silmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı musavat.com-un əməkdaşı müğənni Nadir Qafarzadənin rəyini öyrənməyə çalışıb. Müğənni onu tənqid edənləri savadsız və cahil adlandırıb: “Cəmiyyətimiz bisavad düşünür. Bu peyğəmbəri (İsa peyğəmbəri nəzərdə tutur) nə mən, nə də siz göndərməmisiz, onu Allah göndərib. Müsəlmanın savadsızlığı odur ki, peyğəmbərini tanımır. Mən bütün peyğəmbərlərə hörmətlə yanaşıram, hamısını tanıyıram, tanıyacam da... Mən kilsəyə də, məscidə də, sinaqoqa da gedirəm”.

Müğənni xristian dinini və xristianları çox sevdiyini deyib: “Mən xristianlığı çox sevirəm. Çünki xristianlar çox savadlı, mədəniyyətli olur, özlərini apara bilir və s. Bir məsələni də qeyd edim ki, insanın hansı dinə etiqad etdiyi deyil, insan kimi olması önəmlidir. Hamımız insanıq və Allah birdir”.

Nadir Qafarzadə Yeni İli tənqid edən, onu “Şeytani gün” adlandıran şəxsləri də qınayıb: “Son zamanlarda Azərbaycanda bu cür fikirlər baş alıb, gedir. Mən bu cür fikirlərlə razılaşa bilmirəm. Yeni ilin gəlişi həmişə olub və olacaq da... Əgər ölkəmizdə bu bayram keçirilməzsə, ailəmlə birgə gedib, başqa ölkədə qeyd edəcəm. Bu bayram, Yeni İlin gəlişidir”.

Müğənni qalmaqallı paylaşımını silməsindən peşman olduğunu deyib: “Statusumu saytlarda gördüm. Onu tənqid edənlər cahillər, küçədə qalan, cahil insanlardır. Buna görə silməli oldum. Lakin məni anlayan, mənimlə eyni fikirdə olan insanlar da çoxdur... Amma peşmanam, gərək heç silməzdim”.

 Musavat.com

 






Fikirlər