“ULDUZ” bədii filminin yenilənmiş versiyası təqdim olunub - FOTOLAR

“Ulduz” bədii filminin yenilənmiş versiyası təqdim olunub - FOTO

Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin 55 illik yubileyi münasibətilə yenilənmiş versiyası tamaşaçılara təqdim olunub.

"AzerTaym.az" BAKU.WS-ə istinadən məlumat verir ki, tədbirdə film haqqında məlumat verilib.

Diqqətə çatdırılıb ki, film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami Kinoteatrında “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

Bildirilib ki, “Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edir.

Ekranda filmin bərpadan əvvəlki və sonrakı vəziyyəti nümayiş olunub.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev filmlərin bərpasının və qorunmasının çox vacib olduğunu bildirib. Deyib ki, hələ ilk filmlər çəkilməyə başladığı zamanlardan bu məsələ kino şirkətlərinin diqqətində olub. Bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılan “Ulduz” filminin elə ilk vaxtlardan böyük tamaşaçı marağına səbəb olduğunu söyləyən C.Quliyev bu ekran əsərinin Azərbaycan kino tarixində özünəməxsus yeri olduğunu vurğulayıb. O, “Balans” milli rəqəmsal studiyasının gördüyü işi yüksək qiymətləndirib və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

“Ulduz” filmindəki Yetər obrazı ilə tanınan aktrisa-rəssam, Əməkdar artist Suğra Bağırzadə filmə rol almasından və çəkilişlər zamanı yaşanan bəzi məqamlardan söz açıb.

Sonra “Ulduz” filminin bərpadan sonra ilk nümayişi olub.

Qeyd edək ki, filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Kinokomediyada iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən söhbət açılır.






Fikirlər