Azərbaycanın “SONUNCU” filmi...
Türkiyənin məşhur rejissoru Tunç Başaran: “Film çox yüksək səviyyədə və peşəkarlıqla çəkilib. Bunu hər bir detalda - rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür”.
Izmirdə keçirilən 15-ci Beynəlxalq Qısa Film Festivalında Azərbaycanın “SONUNCU” filmi ilin Ən Yaxşı Xarici Filmi seçilib. Bu il Festivala 63 ölkədən 1100 qısa film qatılıb. Bu filmlərdən yalnız 10 film final mərhələsinə keçib. 5 gün davam edən festival çərçivəsində finala düşmüş filmlərlə yanaşı yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub. Qeyd etmək lazımdır ki, Izmir Festivalı Türkiyənin ən prestijli qısa film festivalı sayılır və hər il bura 8 minə qədər tamaşaçı qatılır.
2014-cü il Türkiyə kinomotoqfarının 100 illiyi kimi qeyd olunur və bu səbəbindən 15’ci Izmir Beynəlxalq Qısa Film Festivalı bu il xüsusi əhəmiyyət kəsb edib. Festivalın jürisi tanınmış yerli və xarici kino peşəkarlarından ibarət idi. Qaliblər xüsusi təntənəli Qala Gecədə elan olunub. “SONUNCU” filmi Ən Yaxşı Xarici Film kateqoriyasında birinci yeri tutmaqla qalib seçilib və festivalın “Qızıl Pişik” mükafatına layiq görülüb. Mükafat Izmirin bələdiyyə rəhbəri tərəfindən Buta Incəsənət Mərkəzinin Ictimaiyyətlə Əlaqələr üzrə direktoru Fuad Hətəmova təqdim olunub.
Izmir kinofestivalı jürisinin prezidenti, Türkiyənin məşhur recissoru Tunç Başaran “SONUNCU” filmi haqda bunları deyib: “Film çox yüksək səviyyədə və peşəkarlıqla çəkilib. Bunu hər bir detalda - rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür. Finalda digər güclü xarici filmlərin olmasına baxmayaraq, ”SONUNCU" bizə çox təsir etdi. Mən hesab edirəm ki, bu ilk növbədə filmin prodüsserlərinin böyük əməyinin nəticəsidir. Filmin bütün kollektivini bu gözəl qələbə ilə təbrik edirəm".
Sonuncu filminin rejissoru Sergey Pikalov, operatoru Denis Madişevdir, prodüsserlər Nəsib Piriyev və Mariya Ivanovadır. Filmdə baş rollarda azərbaycanlı aktyorlar - Idris Rüstəmov və Corc Qafarov çəkilib.
Qeyd etmək lazımdır ki, Buta IM üçün 2014 xüsusi olmuşdur. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasınının prodüserləşdirdiyi “Sonuncu” filmi Kann Kinofestivalının əsas müsabiqə proqramına daxil edilmişdir. “Buta Films” və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan “SONUNCU”nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülmüşdür.
Bu dərin və orijinal dramanın çəkilişi Bakıdan 120 km aralıda yerləşən Şabran şəhərində, Sura kəndində aparılmışdı. “SONUNCU” - sadəcə film deyil. “SONUNCU” gənc prodüserlərin - Mariya Ivanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir (“Buta Films” kinokompaniyası). 80-dən çox film və sikl verilişlər çəkmiş və efirə təqdim etmiş sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar və dərhal da Kann Kinofestivalının iştirakçısı oldular.
2014 ilin may ayından etibarən “SONUNCU” filminin planetin böyük festivallarına səyahəti davam edir. San-Paoloda (Braziliya) keçirilən qısametraclı filmlərin beynəlxalq kinofestivalında “SONUNCU” 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olundu. 20-Palm Springs International Short Film Festival, 36-Moscow International Film Festival, Kinotavr, Big Sur International Short film Screening Series, Film Festival della Lessinnia, 25 San Paolo International Short Film Festival, Aye-Aye Film Festival Nancy Lorraine, Voices 2014, Koroche, Saracevo Film Festival, Batumi International Art-House Film Festival, Athens International Film Festival, Bridge Film Fest Kosovo, SHNIT Film Festival, International Short Film Festival Cyprus, Asiana Int Short Film Festival, International Short Film Festival COURTS DEVANT, Singapore International Film Festival - bu “SONUNCU”nun iştirak etdiyi festivalların siyahısıdır.
“Buta films” kino şirkəti “Buta” Incəsənət Mərkəzinin (IM) fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətini bütün dünyada tanıtmağı özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. Bu, “Buta IM”nin qarşısına qoyduğu vəzifələrdən ən önəmlisidir. Artıq həyata keçirilmiş və hələ işıq üzü görməyə hazırlaşan çoxlu sayda layihələr - festivallar, sərgilər, konsertlər, filmlər məhz bu vəzifəyə həsr olunub.
("azadlıqinfo.az")