"Məqsədimiz odur ki, onları dinləyən az olsun" - Nailə Mirməmmədli
Xəbər verdiyimiz kimi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinə direktor təyin olunub.
"AzerTaym.az" bildirir ki, bu barədə açıqlama verən bəstəkar bildirib ki, belə bir qərarı universitetin rektoru Elçin Babayevlə birgə veriblər.
“BDU-nun 100 illiyinə həsr olunmuş himn yazmışam. Sözləri Baba Vəziroğluna məxsusdur. Həmin musiqi əsəri Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə tələbələrin ifasında səsləndi və çox yaxşı qarşılandı, zal ayağa qalxdı".
N.Mirməmmədli deyib ki, rektor Elçin Babayev musiqiyə qarşı həssasdır: "Musiqini gözəl başa düşür. Duyumu çox yaxşıdır. Onunla birgə belə qərara gəldik ki, əgər tələbələrlə az müddətdə peşəkar iş ortaya qoymuşuqsa, nə üçün belə bir departament yaradılmasın? Çünki tələbələrin sayı çoxdur. Qərara aldıq ki, onların arasından incəsənətə meyili olanları seçək və mərkəz yaradaq. Burada nəinki işçilərim var, mərkəzə hətta tələbələr də cəlb olunub. Həmçinin bu yaxınlarda universitet daxilində müsabiqə keçirib, yaradıcı tələbələri seçəcəyik. Musiqi, şeiriyyat tələbələrin zövqünə təsir edir. Kənardan gəlmə, musiqimizi korlayan yazarlar, ifaçılar var. Məqsədimiz odur ki, onları dinləyən az olsun. Hər bir universitetdə belə mərkəz olsa, zövqləri düzəltmiş olarıq. Əsl musiqimizin tələbatına görə efirlər də məcbur olub, peşəkar sənətkarları efirə dəvət edərlər. Hazırda mərkəzdə qızlardan və oğlanlardan ibarət İnstrumental və rəqs ansamblı, xor var. Ssenaristlər üzə çıxarırıq. Kiçik metrajlı filmlər də çəkmək mümkün olacaq. Bir sözlə, ideyalarımız çoxdur”,- deyə N. Mirməmmədli vurğulayıb. /Azvision.az