"İnsanları bu qədər sıxışdırmaq olmaz!" - NƏSİMİ NƏBİZADƏ

İşin bu tərəfi də var…

Baxıram, mətbuatda, sosial şəbəkələrdə mütəxəssislər, həkimlər, məmurlar, hətta bir qisim sadə vətəndaş koronavirusun yayılmasında, yoluxanların sayının artmasında insanları günahlandırır, onların məsuliyyətsizliyini səbəb göstərir, daha çox məhz bunu qabardırlar…

O insanlardan biri olaraq mən də sual edirəm: Bax, “Balalarınızı məktəblərə, bağçalara göndərməyin” dediniz, göndərmədik, “İşə getməyin” dediniz, getmədik, hər yeri bağladınız, “Evdən çıxmayın” dediniz, bu cırcıramada qıçımızı qırıb qaxılıb oturmuşuq xarabamızda, üstəlik, məcbur aldığımız maskalar da istifadəsiz qalmaqdan çürüyür və s… insanlar daha neyləsin…? vaksini də biz tapaq…?

Əlbəttə, istisnalar var və bu problem tək bizim ölkəmizdə yaşanmır, həmçinin təqsirkar ancaq bizim hökumət və səhiyyəmiz deyil… amma insanları bu qədər günahlandırmaq və sıxışdırmaq olmaz, ən yüngül ifadə ilə bu, ədalətsizlikdir…

Zənnimcə, utanacaq və təqsirkar varsa, o ünvan tibb elmidir… Əsrlərdir xərçəngə qarşı davam edən çarəsizliyi “yaranma səbəbi məlum olmayan xəstəliyə əlac tapmaq mümkünsüzdür” açıqlamasına keçdik, bəs, “laboratoriya məhsulu” olduğunu etiraf etdiyiniz “koronavirus”…?! Planeti il girəndən girinc edən bu mərəzə qarşı niyə vaksin tapılmır?!

Məncə, bəşər övladı göylə əlləşməkdənsə, yerdəki problemləri həll etməlidir…

Şəxsən mən artıq ateizmə şəkk etməyə başlayıram və belə getsə, bu mövzuda ikinci status “bismillah”la başlayacaq…

indi baxın da…






Fikirlər