“Flora xanım məni bəyənmir, amma mən onun ifasını çox bəyənirəm...” - ZEYNƏB XANLAROVA

Təxminən 5-6 il əvvəl olardı-səhv etmirəmsə, yaddaşım mənim aldatmırsa, çox dəyərli jurnalistimiz İradə xanımın-Irade Tuncayın 20-ci əsrin ( eləcə də 21-ci əsrin) ən böyük sənətkarlarından-canlı əfsanələrindən biri olan Xalq artisti, millət vəkili Zeynəb xanımla geniş müsahibəsi getmişdi “525”-də…Müsahibə də Milli Məclisdə-Zeynəb xanımın illərdir dəyişməyən iş otağında götürülmüşdü…Həddindən də artıq maraqlı, səviyyəli, intellektual və səmimi bir müsahibə idi…Çox şeylərdən danışılmışdı…və müsahibənin-söhbətin bir yerində Zeynəb xanım – yenə də yaddaşım məni aldatmırsa, belə bir ifadə işlətmişdi: Düzdür, Flora xanım (Flora Kərimova nəzərdə tutulur) məni bəyənmir, amma mən onun ifasını çox bəyənirəm, çox gözəl sənətçidir…Təxminən belə demişdi (tam dəqiqini İradə xanım deyə bilər)…Əsl sənətçi, Sənətkar və Şəxsiyyət mövqeyi, yanaşması idi…

Bu, həm də o vaxtlar idi ki, ömrünün çox hissəsini az qala Flora xanımla mücadiləyə həsr edən, yeri gəldi-gəlmədi ona sataşan və böyük sənətçilərimizdən olan, bir neçə ay öncə isə Haqqın dərgahına qovuşan İlhamə xanım hələ sağ idi…Yəni, qılıncının dalının da, qabağında da kəsən vaxtlarıydı, həm də Zeynəb xanımla digərlərindən fərqli yola getməyə çalışırdı, loru dillə desəm, Zeynəb xanıma ilişə bilmirdi, buna cəsarət etmirdi…Ancaq Zeynəb xanım bu sözləri ilə sanki dolayı yolla İlhamə-Flora seçimində və savaşında ikinciyə jest etdiyini nümayiş etdirmişdi, etdirirdi…Amma…
Son günlərdə Flora xanımın Zeynəb xanımla bağlı açıqlamaları. ittihamları hər şeyi alt-üst etmiş oldu…Sanki “qaşınmayan yerdən qan çıxarmağa” bənzəyirdi və bənzəyir…Düzünü və səmimi şəkildə desəm, bunu Flora xanıma heç yaraşdırmadım, özü də heç yaraşdırmadım…Kimisə bəyənməmək, qəbul etməmək olar, hətta tənqid etmək də, irad tutmaq da…Amma bu qədər irəliyə də getmək olmaz…Flora xanım kimi bir sənətkar, ifadəmə görə üzr istəyirəm, belə bir cılızlığa getməməliydi…Düzdür, zamanında çox böyük haqsızlıqlara, ədalətsizliklərə uğrayıb, onlara mərdi-mərdanə sinə gərib, döyüşüb, vuruşub, əyilməyib…Amma bu o demək deyil və bu onu deməyə də əsas, haqq vermir ki, hamını günahkar çıxarasan, asıb-kəsəsən…Özü də Zeynəb xanım kimi Türk Dünyasının fəxri olan bir sənətkarı…
Bir neçə il öncə məndən soruşanda demişdim ki, 20-ci əsrdə (bunu yaşadığımız 21-ci əsrə də şamil edirəm) Azərbaycanın çox böyük sənətkarları, korifeyləri olub və bu gün də var…Amma bunların işərisində Xan Şuşinski, Zeynəb xanım, Alim Qasımov və Flora xanım ən öndə gəlir, onlar ən YEKdir…Azərbaycan musiqi aləminin, musiqi-ifaçılıq sənətinin ilk dördlüyü mənim üçün bunlardan ibarətdir…Və hər zaman da böyük sənətkarlar arasında yaranan, yaradılan, alovlandırlan qalmaqalların, intriqaların əlieyhinə olmuşam və bu gün də bu fikirdəyəm, gələcək də bu fikrimdən dönməyəcəm…Çünki bizlərə (şəxsən mənə) ilk növbədə onların sənətləri, səsləri, ifaları, səhnə, ifaçılıq mədəniyyətləri lazımdır…Qalan məsələlər sonra gəlir, gəlməlidir və bizim də bunları qurdalamağa o qədər də haqqımız yoxdur…İndi Flora xanım kimi bir korifeyin bu yaşında öz həmkarına-canlı əfsanələrimizdən olan Zeynəb xanıma qarşı bu cür davranışı, “ittihamları” heç çür arzuolunan, qəbuledilən və başadüşülən deyil…Bunlara axı, nə hacət var(dı) ki???
Bir müddət öncə yazılarımdan birində qeyd etmişdim və indi də xatırlatmaq istəyirəm: Təxminən 20 il öncə-8 mart bayramı ərəfəsi idi…Mərhum Heydər Əliyev də qadınlar bayramı ilə əlaqədar əsasən sənətçilərin çoxluq təşkil etdiyi bir məclisdə iştirak edirdi (AzTV-də izləmişdim), yəni, onları təbrik etməyə gəlmişdi…Çoxları da Heydər Əliyevə yaxınlaşmaq, onunla salamlaşmaq, əl verib görüşmək üçün sanki əldən-ayaqdan gedirdi, az qala basabas salınacaqdı…Ancaq insan sərrafı olan Heydər Əliyev cəmi iki sənətçinin-Zeynəb xanımın və Şəfiqə xanımın (Şəfiqə Məmmədovanın) qoluna girdi və onları yanında əyləşdirdi, tədbir boyu da demək olar ki, onlarla söhbətləşdi və sonra da tədbiri tərk edib getdi…Yəni, indi Zeynəb xanımı Heydər Əliyevə qarşı “sədaqətsizlikdə”, “çörəyi dizinin üstündə olmaqda”…günahlandırmaq yumşaq şəkildə desəm ki, heç yerinə düşmür, özü də heç…
İnanıram ki, Flora xanım da bundan sonra bir daha onun böyük sənətinə, nüfuzuna güclü zərbə vuracaq bir davranışa getməyəcək və getməz…Şəxsən səsinin, sənətinin vurğunu, heyranı olduğum və hər zaman da müdafiəsinə qalxdığım Flora xanımdan gözləntim(iz) də budur. Keçmiş olsun!

 






Fikirlər